İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
Laçın Səmla azadlığı hər şeydən üstün tutur: “Jurnalistikaya həvəsi məndə rəhmətlik anam oyadıb. O zaman orta məktəb şagirdi idim və 1988-ci il hadisələri yenicə başlamışdı. Düzdür, yaxınlarım məni Konservatoriyanın məzunu kimi görmək istəsələr də, özüm şərqşünas olmaq istəyirdim. Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olana qədər musiqi müəllimi işləmişəm, fortepianodan dərs demişəm.
1997-ci ildən jurnalistika sahəsində çalışıram. Jurnalist kimi tanınmağımda, formalaşmağımda “Müxalifət”, “Ulus” qəzetlərinin çox böyük rolu olub. “Müxalifət”ə baş redaktor Süleyman Osmanoğlu dəvət etdi. Tanınmış jurnalist Nəsir Əhmədlinin gənc jurnalist kimi peşə sirlərinə yiyələnməyimdə çox böyük əməyi olub. “Ulus” qəzeti isə mənim üçün ikinci Akademiya oldu. Jurnalistikamızın parlaq simalarından, rəhmətlik Məmməd Nazimoğlu ilə işləmək bizlərə çox şey öyrətdi. “Ulus”a da baş redaktor Mahir Səmədovun dəvəti ilə gəlmişdim. Araşdırma yazılarıma görə “Ulus”a çağrılmışdım. Məmməd Nazimoğlu ilə çalışmaq öyrənmək, peşəkar olmaq istəyən jurnalistlər üçün əsl zövq idi. “Ulus”un parlament müxbiri idim. Bir dəfə parlamentdə iqtidarla-müxalifətdən olan millət vəkilləri arasında söyüş dueli olmuşdu. Redaksiyaya gəldim və bildirdim ki, daha ora getmək, bu sözləri eşitmək istəmirəm. Məmməd Nazimoğlu sabahısı köşə yazaraq, millət vəkillərinə xitab etmişdi: “Ay hörmətli millət vəkilləri, söyüş söyməyin. Bizim əməkdaş Laçın Səmla iki ayağın bir başmağa dirəyib ki, mən daha parlamentə getmirəm”.
“Ulus”a araşdırmalarım rezonans doğururdu və müəyyən risklər də yaradırdı. Məmməd Nazimoğlu isə hər zaman ehtiyatlı olmağımı tövsiyə edirdi. Yadımdadı “Ulus”da dərc olunan bir araşdırmamı iki ildən sonra “Yeni Müsavat” təkrar dərc etdi. Sağ olsun halallığını da aldılar.
O dövrdə araşdırma yazanlar o qədər də çox deyildi və buna görə, tez-tez müxtəlif redaksiyalara dəvət edirdilər. Amma mən “Ulus”da qalmağı üstün tutdum. Çünki, sərbəstlik, azadlıq da vardı. Mən isə azadlığı hər şeydən üstün tuturdum. Araşdırma yazıları yalnız jurnalistə azadlıq, sərbəstlik verilən yerdə yazıla, işıq üzü görə bilər. Əks halda kimi və nəyi araşdıracaqsan...
Nostalji və şablon kimi çıxmasın, o dövrdə jurnalistikada fərqli dəyərlər, fərqli yanaşmalar, fərqli prinsiplər var idi. Demirəm ki, indikindən yaxşı idi, yaxud pis idi. Amma fərqli idi. Bu fərqlilik jurnalist məsuliyyətində, jurnalistlərin idealistliyində, dəyərlərin bir çox hallarda maddiyyatı üstələməsində, sözə və qələmə hörmətdə özünü büruzə verirdi. Həmçinin, jurnalist və qəzetlərin cəmiyyətdə yeri də fərqli idi, daha çox hörmət var idi.
“Ulus”dan sonra “Günay”, “Xəzər”, “Paritet”, “Bizim yol”, “Üç nöqtə”də çalışmış və əməkdaşlıq etmişəm. Mətbuata gələn ilk gündən daha çox araşdırma yazılar yazmışam. Oxucular məni araşdırmaçı-jurnalist, daha sonralar köşə yazarı kimi tanıyıb. Hazırda müstəqil fəaliyyət göstərir, Modern.az və digər internet saytlarla əməkdaşlıq edirəm. Digər sahələr kimi, jurnalistikaya gedən yolun da öz çətinlikləri var. Düzdür, bu sahəyə təsadüfən gələn adamlara rast gəlmək mümkündür və mənim aləmimdə kimlərinsə şəninə tərif yazdırmaq jurnalist olmaq demək deyil. Jurnalistika cəsarət, risk, səbr, dözüm, doğruluq tələb edir. Çox şükür ki, bu 17 il ərzində sadaladıqlarımın öhdəsindən gəlməyi bacarmışam. Bu peşəni seçməkdə heç də peşman deyiləm, çalışdıqca işimdən zövq alıram. Bəzən müəyyən səbəblərdən istər-istəməz bir az işindən uzaqlaşmalı olursan. Zənnimcə, bu keçicidir və bu sahəyə bağlı olduqca buradan uzaqlaşa bilmirsən. Jurnalistikayla paralel digər işlə də məşğul olmuşam, məsələn, bir müddət “Xəzər” TV-nin dublyaj studiyasıyla əməkdaşlıq etmişəm. Bir sıra xarici teleserialları səsləndirmişəm. Yerli telekanallarda əcnəbi serialların yayımı dayandırıldıqdan sonra bu paralel işimə ara verdim. Amma hər şeyə rəğmən, hələ ki jurnalistikadan getməyi duşünmürəm. Bu sahədən birdəfəlik getmək mümkün deyil”.
"Space" televiziyasının redaktoru Nüşabə Hüseynli divanda rahatca, əlində pult qayğısız oturmaq üçün darıxır: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Həmin il də Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspiranturasına qəbul olmuşam. Nəzəriyyəçi kimi müdafiə etmişəm, filologiya üzrə fəlsəfə doktoruyam. Öz ixtisasım üzrə işləməmişəm, amma jurnalistikaya başladığım ilk gündən dili bilməyim üstünlüyüm olub. Hazırda "Space" televiziyasında redaktor, eyni zamanda Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin "Yeni media və kommunikasiya texnologiyaları" kafedrasının baş müəllimiyəm. Və sizə deyim ki, filoloq olmağın üstünlüklərini hiss edirəm.
Jurnalistikaya gələnədək mən artıq əmək fəaliyyətinə başlamışdım. Yığıcı çilingər, elektroqaynaqçı işləmişəm. Xalam oğlu Qarabağ müharibəsi əlilidir. O zaman Qarabağ Əlilləri Cəmiyyəti adında bir qurum fəaliyyət göstərirdi. Cəmiyyətin "Zaman" adlı bir qəzeti çıxırdı. Xalam oğlu məni ora dəvət etdi. Səhv etmirəmsə, 2-ci kursda oxuyurdum. Jurnalistikaya gəlişim o vaxtdan başlayıb. Jurnalist olmaq kimi bir istəyim olub. Amma mən eyni həvəslə pilot, kinoaktrisa da olmaq istəmişəm.
Qətiyyən peşman deyiləm. Bugünkü həyatımı bütövlükdə jurnalistika formalaşdırıb. Bu, artıq həyat tərzimə çevrilib. Bəzən özümü açarı burulub öz-özünə hərəkət edən oyuncaqlara bənzədirəm. O mənada ki, bu sənət səni elə kökləyir ki, heç vaxt ətalətə məruz qalmırsan. Həyat yoldaşımla məni jurnalistika tanışdırıb. Ümumi dostlarımız çoxdur. Bugünkü dostlarımı, tanışları, çox sevdiyim insanları jurnalistikada qazanmışam. Gözəl insanlarla birgə çalışmışam. Jurnalistika mənim həyatımın bütün səmtini dəyişib, yaxşı mənada, əlbəttə ki.
Peşman olduğum anlar olub. Amma bu, ani olub. Çox yorğun, yuxusuz, gərgin olanda bir anlığa ürəyimdən keçib ki, kaş ki, mən də heç olmasa, bir həftəliyə evdar qadın olaydım. Hərçənd anlayıram ki, bu, mənlik deyil. Məsələn, evimdəki divanda rahatca, əlimdə pult qayğısız oturmaq üçün darıxıram. Amma elə bilirəm ki, buna hələ vaxtım olacaq. Görmək istədiyim ancaq çatdıra bilmədiyim işlərimə görə təəssüf hissi keçirirəm. Amma bunun heç biri peşman olmağıma əsas vermir”.
“Space” telekanalının "Hər gün" informasiya proqramının aparıcısı Nərminə Məmmədova: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə çox qısa müddət - 5 ay çalışmışam. Daha sonra TV fəaliyyətim başlayıb. Hər aparıcı kimi mən də uşaqlığımı ayna qarşısında diktorluq etməklə keçirmişəm. Məktəbdə, tədbirlərdə aparıcılığım da bu sahəyə marağıma səbəb olub. TV-yə gəlişim çox təsadüfi olub. Anam radioda “Space”ə müsabiqəylə bağlı elanı eşitmişdi. Həmin ərəfədə istirahətdə idim. İstirahətimi yarımçıq qoyub Bakıya qayıtdım və müsabiqəyə qatıldım, qəbul oldum. İlk iş təcrübəm redaktor olduğu üçün elə “Space”də də bölgə xəbərlərinin redaktoru kimi işə başladım. Daha sonra radio xəbərlərin redaktoru və 2 ildən sonra aparıcı kimi fəaliyyət göstərdim. Bu sahədə olduğuma görə qətiyyən peşman deyiləm. İşimi sevirəm, kollektivimiz çox gözəldi”.
“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə bir müddət işləmişəm. “4-cü mikrofon” qəzetində Hüquq şöbəsinin müdiri işləmişəm. Oradan vəkillik fəaliyyətinə keçmişəm. “Olaylar” qəzetinə də hüquqşünas kimi gəlmişəm. Sonra marağım olduğuna görə jurnalistikaya keçmişəm. Hüquqşünas işləyə-işləyə məqaləni oxuyurdum, fikirləşirdim ki, məsələn, bu məqaləyə belə yanaşmaq daha yaxşı olar.
Əvvəldən jurnalist olmaq fikrim olmayıb. Mən elə əvvəldən hüquqşünas olmaq istəmişəm. Orta məktəbdə ilk komsomol təşkilatının sədri idim. Divar qəzetləri var idi. İstər-istəməz komsomolun tələbatı idi, olmalı idi. O vaxtdan məqalələr yazmışam. Heç jurnalist olmaq arzum olmayıb. Amma jurnalistikada olduğum üçün peşman deyiləm”.
Misranə Həsənzadə