Modern.az

Binəqədi rayonuna hansı adı yaraşdıraq?

Binəqədi rayonuna hansı adı yaraşdıraq?

13 May 2014, 13:47

Bu günəcən çox rayon, çox icra başçısı görmüşəm. AzTV-nin “Xəbərlər” redaksiyasında işləyəndə əksəriyyətini şəxsən tanıyırdım. Hərəsinin öz kaprizi, sevimli sözü vardı. Məsələn, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Adil Nağıyevin, sonralar isə rəhmətlik Mirzəbəy Novruzovun “mütəmadi” sözündən xoşları gəlirdi.  O sözü, yəni ki, “Abşeron rayonunda quruculuq işləri mütəmadi davam etdirilir” yazmasaydım, süjetimdən razı qalmazdılar. Bəzi rayonların icra başçıları isə əlimizdən yanıqlıydılar. Efirdə hamının sifəti görünürdü, amma bu işlərin başında düran özlərindən başqa. Onda deməmişdim. Amma indi deyə bilərəm. Qoy nigarançılıqdan qurtarım onları. Taqsır  müavinlərindəydi. Bizimlə bilə-bilə kobud davranırdılar. Bu da xoşumuza gəlmirdi. Nəticədə də süjet keyfiyyətsiz çıxırdı. Müavinlər neyləsin? Axı həyatın yazılmamış  qanunları var. Əsgər general olmaq istəyir, müavin isə icra başçısı. İcra başçısını isə hörmətdən salmaq üçün AzTV-nin ekranı o dövrlərdə ən münasib məkan idi. O saat rayonda şayiə yayırdılar. “Başçının burnunun ucun da göstərmirlər, deməli arzuolunmaz şəxsdir. Bu yaxında “fatihəsi” oxunacaq”.

Ən çox sevdiyim icra başçısı Suraxanının rəhbəri Hacıbala Abutalıbov idi. Nəsə xüsusi simpatiyam vardı. Amma ən çox da tənqidi materiallarımız ondan olardı. Əlbəttə ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı kimi.  Hamısına da diqqətlə, təmkinlə yanaşardı. 1999-cu ildə prezident Heydər Əliyev onun icra başçısı kimi təcrübəsini digərlərinə də nümunə göstərmişdi. Xüsusi sərəncam da imzalamışdı.

 İcra başçılarıyla  bağlı o qədər xatirələrim var  ki. Nə vaxtsa, qismət olsa yazacağam.

Müasir dövrdə Bakı şəhəri rayonlarının  icra başçılarından qa bir qismini şəxsən tanıyıram.  Rayonlarında gördükləri  işləri də ara-sıra seyr edirəm. Əhalinin onlar haqqında qarğış və alqışlarının da şahidiyəm. Ayrı-seçkilik salmaq istəməzdim. Amma onlardan birinin fəaliyyəti mənə yaman ləzzət eləyir. Yəqin ki, rəhbərlik etdiyi rayonun ərazisindən tez-tez keçdiyimə görə. Amma əsas səbəb iki ildir bu vəzifədə olmasına baxmayaraq köhnəlməməsidir.

Binəqədi – neft yoxsa gül?

Masazırda yaşayırdım. Hər gün şəhərə Sumqayıt şossesiylə gəlib-gedərdim. Yolun sağın da solun da abadlaşdırmağa başlamışdılar. Söhbət ağac, gül kolları əkməkdən getmir. Yol boyu qeyri-adi bir dizayn hazırlanmışdı. Yoldaşıma dedim ki, “sağ olsun Alı Qocayev, böyük işlər görür. Bakının şimal qapısı bərbad gündəydi. Yaxşı ki, abadlaşdırır”. Görülən işləri təsvir etmək istəməzdim. Sözüm çatmaz. Yəqin ki, hamınız  görmüsünüz. “Xalq qəzeti”ndə dostlardan birinin yanında Alı Qocayevə tərifi dilimə gətirdim. Dedi ki, “Mahir, fil qulağında yatmısan? Alı Qocayev üç aydır ki,  Binəqədinin icra başçısı deyil. İndi Samuxa rəhbərlik edir. İcra başçısı vergidən gəlib. Adı da Xaləddin İsgəndərovdur. Bu sahədə təzə adamdır. Amma çox bacarıqlı adamdır”.

Axşam evə maşınla qayıdanda, Sumqayıt yoluna çıxanda, bu dəfə yoldaşım görülən işlərə baxıb heyrətin gizlətməyəndə bir köhnə azərbaycanlı kimi başladım qırıldatmağa. “Mən də elə bilirdim ki, Alı Qocayevdir. Demə üç  aydır təzə icra başçısı qoyublar Binəqədiyə. Xəbərim yoxmuş. Eybi yox. Hələ təzədir. Özünü göstərir. Bir azdan o da köhnələcək. Bu əkdiyi güllər də solub quruyacaq”.

Siz Allah, inciməyin, mentalitetdən kənara çıxa bilməzdim. Köhnə azərbaycanlılardanam axı. Belə deməsəydim, layiqli qiymət versəydim  milli qayda-qanunlarımıza xəyanət etmiş olardım.

Yay keçdi, qış gəldi. Amma bu gözəllik necə var idisə, elə də qorunub saxlandı, indi də qorunub saxlanır. Əksinə yeniliklər də əlavə olunur. Xüsusilə də bayramlarda. Aylar, illər  keçdi, amma təzə icra başçısı gözləntilərimin əksinə olaraq köhnəlmədi.

Bu dəfə başqa bəhanə tapdım. “Bu nədir e... gül əkir. Binəqədi Şüvəlan deyil a... Neftiylə məşhurdur. Buruq kuklasından-zaddan quraşdıraydı da...”.  Əmin idim ki, mən tək deyildim. Mənim kimi belə danışanlar çox idi. Bəlkə də Xaləddin müəllimin qulağına da çatmışdı. Amma yaxşı ki, həvəsdən düşmürdü.

İstanbulda olan təki Bakıda olaydı

İstanbulda olanda dəniz qırağı yaşıllıqlarda bir xüsus diqqətimi çəkdi. Hər 200 metrədən bir trenajorlar quraşdırılmışdı. İnsanlar qaçır, idman qurğularında müxtəlif hərəkətlər edirdilər.  Həyat yoldaşıma dedim ki, “bura bax? Mən idman eləmək, trenajorlarda məşğul olmaq üçün  15 manat ödəyib  Aqva-parka gedirəm. Bunlar isə havayı idman edirlər”.

Bakıya qayıtdıq. Xalama, əri general-mayor Abbasəli Novruzova baş çəkməyə getmişdim. Onlar Azadlıq prospektində, 8-ci mikrorayonda olurlar. Yəni ki, Binəqədi rayon ərazisində. 1984-cü ildə tikilən binanı tanımadım. İsti aqalayla həm o üzünü, həm də bu üzünü üzləmişdilər.  Söhbət əsnasında İstanbulda gördüklərimdən danışdım. Güldü. “Sən get bizim həyətə bax. Gör təzə icra başçısı nələr yaradıb. Sonra İstanbuldan danış”. Ordan çıxanda  gəldiyim yolla – Azadlıq prospektiylə  yox,   həyət yolu qayıtdım. Düzü xəcalət çəkdim. Heç mənim on sotluq həyət evimdə belə səliqə-səhman, abadlıq yox idi. Besedkalar, bahalı oturacaqlar, fəvvarələr öz yerində. Ən əsası isə həyətdə mənim arzuladığım trenajorlar da quraşdırılmışdı. Veteranlar, ahıllar, pensionerlər üçün payız-qış dövrü nəzərə alınaraq qapalı besedkalar  qurulmuşdu. Ən əsası isə bütün işlər görüntü xatirinə yox, yüksək zövqlə həyata keçirilmişdi. Daşdan nəsə hörüb, divarına hamam kafeli vurub, ortasından da bir dənə qara turba çıxarıb adını fəvvarə qoymamışdılar. O vaxt “Xəbərlər”də vəsf elədiyim nümunəvi həyətlərdən deyildi. Adamın həyət, nümunəvi həyət deməyə dili də gəlmir.  Park, bağ söyləsəm daha düzgün olar.  O həyətin əvvəlki vəziyyəti də gözümün qabağındaydı. Amma bu cür dəyişməsini təsəvvürümə də gətirməzdim.  Təkcə həyət yox – Azadlıq prospekti boyu 15 mərtəbəli dörd bina, 9 mərtəbələrin, hətta xruşşovkaların da xarici görünüşü də dəyişmişdi. Müasir üzlüklər çəkilmişdi, rənglənmişdi.   

Şəhərimizdə əsas problemlərdən biri də yaşıllıq və abadlıqlara qulluq məsələsidir. Bəh-bəhlə ağacı əkirlər, üstəlik şəkil də çəkdirirlər. On gündən sonra gəlirsən ki, bəs quruyub. Çünki...

Bu günlərdə xalamgilə gedəndə yolumu xüsusi olaraq həyətdən saldım. Heç nə dəyişməmişdi. Yox, yalan deyərəm. Əksinə daha da gözəlləşmişdi. Düz deyiblər, ağacı, gülü-çiçəyi əkməyə nə var, əsas qulluq göstərməkdir.

Hərdən Naxçıvani küçəsində yerləşən “Unikal” qəzetinə gedirəm. Eldəniz Elgünü kompüterin  cazibəsindən uzaqlaşdırıb həyətdə gəzişirik. Əsas gəzinti marşrutumuz da 8-ci mikrorayon ərazisi olur. Çox xırdaçılığa getmək istəməzdim. Xaləddin İsgəndərovun əli dəydiyi bütün həyətlər gözəlliyi ilə seçilir. Demə bu ərazilərdə xalamgilin həyəti kimi neçə-neçə yaşıllıqlar salınıb, abadlıq işləri aparılıb. Abadlıq deyəndə binaların fasadının təmirini nəzərdə tuturam.

Xaləddin İsgəndərov icra başçısı kimi ikinci ilini təzə başa vurub. Binəqədi boyda rayonda daha hansı işləri görüb deyə bilmərəm. Ərazisi çox böyükdür. Mən təkcə 8-ci mikrorayon ərazisində gördüklərimdən təsirlənib yazdım. İki il ərzində böyük göstəricidir. İndi mənim yazımı oxuyan Binəqədi rayon sakinlərində 8-ci mikrorayonda yaşayanlara qarşı bir paxıllıq hissi oyanacaq. Deyəcəklər ki, “bəs biz?” Növbə sizin də məhəlləyə çatacaq. Mən buna əminəm. Bu yazını isə ona görə yazdım ki, digərlərinə də örnək olsun. Binəqədi rayonunun, Bakımızın hər tərəfi bu cür nümunəvi yaşıllıq, abadlıq guşələrinə çevrilsin. Bu cür idman qurğuları, trenajorlar hər yerdə quraşdırılsın.

İndi bir çoxonuz da deyəcək ki, bunlar nədir? Binəqədi rayonunda daha çox işlər görülüb. Sən yazdıqların bunun kiçik bir hissəsidir. İnanıram. Neyləyim ki, Binəqədi rayonu ərazisində  qohumlarımdan bircə xalam yaşayır, dostlardan isə təkcə Eldəniz Elgün.

Sonda sərlövhədəki sualıma cavab vermək istəyərdim. Binəqədi rayonuna hansı adı yaraşdıraq? Əlbəttə ki, nümunəvi rayon.Bunun başqa adı yoxdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi