“Rəsul Rza Fondu”nun sədri, xalq şairi Fikrət Qocanın Modern.az-a verdiyi kiçik bir məlumatı oxuyuram. Xəyalım məni uşaqlığa, yaxın keçmişə aparır. Bu xatırlatmada bəzi jurnalistlərimizə irad da var, Fikrət Qocanın daha geniş açıqlamalarına ehtiyac da. İndi isə növbəylə.
MÜKAFAT
İlk dəfə mən mükafatı 10 yaşında görmüşəm. Atam “Nəsimi” poemasına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdü. Məbləği də 2500 rubl idi. Nişanı isə təmiz qızıldan. Bir də diplomu vardı.
HAŞİYƏ: Atama mükafat təqdim olunmamış “yumaq” məsələsi önə keçdi. Yəni ki, qərar çıxmağına, laureat olmasına baxmayaraq nə diplom, nə döş nişanı, nə də pul verilmişdi. Atam isə zamanı qabaqlayıb “Köhnə İnturist”də böyük ziyafət sifariş vermişdi. Qiyməti də hardasa 600 rubl edirdi. Pul isə yox idi. Bütün “narodnı”lar, məşhurlar hamısı dəvət olunmuşdu. Atam sevincək evə qayıtdı.
- Bəyim, Salamla (qonşumuz Salam Qədirzadə) getdik dükana. Ziyafət üçün qəşəng “bejevı” rəngdə kostyum aldıq.
- Pulu hardan tapdın?
- Salamdan borc istədim, verdi.
- Nə əcəb?
Salam əmi az da olsa xəsisliyi ilə ad çıxarmışdı. Əslində indi başa düşürəm ki, xəsis deyilmiş. İndiki zəmanədə kim kimə borc verir ki? Bata bilər yox, batır. Bir də ki, o dövrdə xalq şairi Məmməd Rahimdən başqa heç kim həvəslə borca pul vermirdi. Anamın “nə əcəb?” sualından atam fikrə getdi.
- Düz deyirsən e, Bəyim, elə-belə vaxtda borc istəsən güclə verərdi. İndi nə az nə çox düz 600 rubl istədim ziyafət üçün, o saat da çıxarıb verdi. Tərəddüd etmədən. Üstəlik dedi ki, təzə kostyum da almalısan. Qabağa düşdü, getdik dükana, kostyumu da özü bəyəndi. Pulun da ödədi.
Ortaya sükut çökdü. Atam dərin fikrə getdi. Üstündən bir az keçmiş:
- Tapdım. Salam axı yaxşı bilir ki, mükafat almışam. Məbləği də 2500 rubldır. Ona görə də borcu ürəklə verib. (SON)
Atamın respublika miqayasında ən yüksək mükafata layiq görülməsi mənim bu sahəyə marağımı artırdı. Atam izah etdi ki, bu mükafatdan bir pillə yüksəyi SSRİ Dövlət Mükafatıdır. Məbləği 5000 rubl. Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə bu mükafata layiq görülüblər. SSRİ-də ən yüksək mükafat isə “Lenin mükafatı”dır. 7500 rubl (əgər uşaq yaddaşım aldatmırsa). Yadıma gələni Nəbi Xəzrini bu mükafata təqdim etmişdilər. Amma ala bilmədi. Bundan da böyüyü Nobel mükafatı idi ki, Şoloxov, Soljinitsin bu adı daşıyırdılar. Ən aşağısı isə Lenin Komsomolu mükafatı sayılırdı. İlk pillə olmasına baxmayaraq onun da müəyyən, o dövr üçün kifayət qədər yüksək mükafat fondu vardı. Ona görə də mükafat deyəndə pul gəlib dayanardı göz önündə.
FƏXRİ AD
Sovet dövrü (elə indi də) yazıçılıqda iki fəxri ad vardı. Birinci mərhələ Əməkdar İncəsənət xadimi, sonda isə “Xalq şairi” və “Xalq yazıçısı” fəxri adları. Atam Əməkdar incəsənət xadimi alanda yanında pulu yox idi. Amma bu fəxri ad maddi vəziyyətimizə müsbət təsirin göstərdi. Yəni ki, şeirin 1 misrasına verilən qonarar artdı. Səhv etmirəmsə 1 rubl 75 qəpik oldu. Soruşdum ki, xalq şairi alsan necə olacaq? Dedi ki, bir misra 2 rubla bərabər olacaq. Düzdür atam xalq şairi oldu. Amma müstəqillik dövrünə düşdüyündən qonorarlar artıq ləğv olunmuşdu. Xalq şairi və ya xalq yazıçısı alanın son mənzili də əvvəldən məlum idi. Sovet vaxtı bu yalnız 1-ci Fəxri Xiyaban idi. Müstəqillik illərində isə həm 1-ci, həm də 2-ci Fəxri xiyaban onları ağuşuna almağa başladı. Müstəqilliyin sonrakı illərində əməkdarlığa və xalq titullarına görə təqaüdlər də təyin edildi.
Böyük Vətən Müharibəsi iştirakçıları isə qonarardan tutulan verginin yarısından, əlillər isə vergidən tam azad idilər. Bu baxımdan Salam Qədirzadə, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Bayram Bayramov xoşbəxt yazıçılardan sayılırdılar.
ORDEN
Atam iki ordenlə təltif olunub. Prezident Heydər Əliyevin vaxtında 70 illik yubileyi münasibətilə “Şöhrət”, Prezident İlham Əliyevin sərəncamıyla “İstiqlal” ordenləriylə. Bu ordenlər hər adama verilmir. Xüsusilə də “İstiqlal”. Əgər “İstiqlal” ordeni alıbsa, deməli seçilmişlərdəndir. Xalqımız qarşısında xüsusi yox, böyük xidmətləri olub. Atam bu sırada 50-ci idi . Və bu ordenlərə görə hər hansı pul mükafatı verilmir.
HAŞİYƏ:
- Mahir, “Xəbərlər”də dedilər ki, “bir qrup şəxs respublikamızın ali dövlət mükafatı – “Şöhrət” ordeninə layiq görülüb”. Belə çıxır ki, indi ordenə də pul verirlər? – deyə atam soruşdu.
- Yox.
- Bəs onda niyə ordenə ali dövlət mükafatı deyir jurnalist?
- Çünki ... (SON)
LAUREAT, LAYİQ, TƏLTİF
İndi müstəqil respublikamızda layiqli insanlar müxtəlif adlara, mükafatlara, orden-medallara layiq görülürlər. Amma təqdimatlar müxtəlifdir. Amma belə olmalıdır.
Mükafata təqdim olunurlar. Sonda komissiya üzvləri səs versə alır. Mükafat alan insan laureat adlanır.
Fəxri ada layiq görülürlər. Adının qabağına bir ad da əlavə olunur.
Orden-medallarla təltif olunurlar. Olursan orden-medallı. Sovet vaxtı “kovaler ordenov” yaraşdırması da vardı.
PREZİDENT TƏQAÜDÜ
Atam Prezident təqaüdü alan ilk 10 nəfərdən biri idi. İllər keçdi bu təqaüd də artdı, layiq görülənlər də. İndi səhv etmirəmsə 1000 manatdır. Bu təqaüd ömürlükdür. Loru dildə desək, öldün qurtardı. Yəni ki, öləndən sonra arvadı, həddi-buluğa çatmayan uşağı varsa ona bu təqaüd verilmir.
HAŞİYƏ: Atam öləndə anam yataq xəstəsiydi. Paralic idi. Qohum-əqraba soruşdu ki, görəsən prezident təqaüdünü Bəyim xalaya verərlər bundan sonra? Dedim ki, “bilmirəm. Axırıncı məbləği mən alacağam. Orda soruşaram”. Nazirliyə gedəndə maraqlandım. Dedilər ki, “ömürlükdür, yəni ki, öldüyün günə qədər. Həyat yoldaşına, həddi-buluğa çatmayan uşağına verilmir”.
Öz-özümə şükür etdim. Yaxşı ki, biz varıq. Dolanışığımız da var. Yoxsa yazıq arvada kim baxacaqdı. Təqaüdü də 60 manat. Sonra fikirləşdim. Birdən tənha olaydı. Onda necə olacaqdı? Təqaüdə görə bəlkə kimsə yiyə durardı. Otaqdan çıxmağa hazırlaşırdım ki, nazirlik işçisi məni saxladı.
- Mahir müəllim, adi dövlət idarəsində işləyən, adi dövlət qulluqçusu (onu da qeyd edim ki, sürücü də dövlət qulluqçusu sayılır, xadiməni demirəm) ölsə, təqaüdünü arvadına verirlər. Amma xalqımız qarşısında bu boyda xidmətləri olan insanlar vəfat etdikdən sonra təqaüdləri dayandırılır. Həyat yoldaşlarına verilmir. (SON)
Gözəl məntiq idi. Həm də məntiqsizlik. Yəqin ki şərhə ehtiyac yoxdur.
MÜKAFAT
Qayıdaq mükafatlara. Kim mükafata layiq görülürsə diplomla yanaşı, ona müəyyən məbləğ də verilməlidir. Məbləğ o mükafatın səviyyəsini təyin edir. Məsələn, Nobel mükafatının səviyyəsini milyonlar müəyyənləşdirir. Milyonlarla mükafat fondu olmasa, görəsən “Nobel”in hörməti olarmı? Ədəbi sahədə çoxlu mükafatlarımız mövcuddur.
Hörmətli xalq şairimiz Fikrət Qoca Yazıçılar Birliyinin 1-ci katibi olmaqla yanaşı, həm də Rəsul Rza Fondunun sədridir. Uzun illərdir ki, tanınmış, görkəmli yazıçılara bu fondun mükafatı təqdim olunur. Görəsən “Rəsul Rza mükafatı”, “İlyas Əfəndiyev mükafatı” və digər ədiblərimizin adını daşıyan ədəbi mükafatların fondu nə qədərdir? Adlarına mükafat təsis olunmasını başa düşürəm. Sevinirəm. Layiqdirlər. Bəs görəsən mükafatın məbləği həmin böyük şəxsiyyətlərin adına layiqdirmi? Yoxsa ki, əsas pul deyil, əsas addır deyib xırda məbləğlə qənaətlənirlər?
Atam da Rəsul Rza mükafatı laureatı idi. Aldığı məbləği də bilirdim. O vaxt üçün böyük pul idi. Amma o zamandan çox keçib. Görəsən indi necədir? Təntənəli surətdə təqdim olunan ədəbi mükafatların məbləği görəsən o qədər azdır ki, geniş ictimaiyyətə açıqlanmır? Bəlkə də Mükafatın adı ilə məbləği arasında uçurum çox böyükdür, ona görə. Axundovu demirəm, neçə-neçə yüksək təltif, mükafat görən Rəsul Rza və İlyas Əfəndiyev sağ olsaydılar bu mükafatın məbləğindən fərəhlənərdilərmi, yoxsa?