Araşdırma və təhlillər göstərir ki, müstəqillik illərində Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi olmadığından onların sayı kəskin şəkildə azalıb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üezrə Dövlət Komitəsindən də etiraf edirblər. Elə rəsmi statistika da deyilənləri təsdiqləyir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumata görə, 1999-cu ilin əhalinin siyahıyaalınması zamanı 1 uşaqlı ailələrin sayı 288 200 (22,5%), 2 uşaqlı ailələr 450 700 (35,3%), 3 uşaqlı ailələr 326 200 (25,5%), 4 və daha çox uşaqlı ailələr 213 900 (16,7%) olub.
2009-cu ildə əhalinin siyahıyaalınması zamanı göstəricilər belə olub: 1 uşaqlı ailələr 396 000 (30,1%), 2 uşaqlı ailələr 529 000 (40,3%), 3 uşaqlı ailələr 261 900 (19,9%), 4 və daha çox uşaqlı ailələr 126 700 (9,7%).
Rəqəmlərdən də bəlli olur ki, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 4 və daha çox uşaqlı ailələrin sayı isə azalıb. Ekspertlər deyirlər ki, bu tendensiya davam edərsə, növbəti əhalinin siyahıyaalınmasında fərq bir qədər də dərinləşəcək.
Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür. İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur.
Finlandiyada isə çoxuşaqlı ailələrə müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği 1 neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.
Polşada hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125$-dan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir.
Çexiyada isə hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır. Almaniyada “Gəlir vergisi haqqında” və “Uşaq müavinətləri” haqqında qanunlar qəbul olunub. 2 yaşına qədər hər uşaq üçün anaya ayda 300 avro verilir. Bundan əlavə, əgər ailədə 3 və daha çox uşaq varsa hər uşağa 179 avro verilir. Bu müavinət 27 yaşadək valideynləri ilə yaşayan və işləməyən şəxslərə verilir. Almaniyada çoxuşaqlı ailələrdə uşaqlara verilən imtiyazlar yaşa görə fərqlidir.
Rusiyada 1992-ci ildə “Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi” haqqında sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.
Göstərilən bu nümunələrdən də aydın olur ki, çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilsə də ümumi məqsəd eynidir. Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri- monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir.
Azərbaycanda isə çoxuşaqlı – 4 və daha çox uşağı olan ailələrə dövlət tərəfindən güzəşt və imtiyazlar yoxdur.
Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlərin verilməsini nəzərdə tutan “Sosial müavinətlər haqqında” qanun layihəsinin qəbulu gözlənilsə də, Milli Məclis bu yaxınlarda sənədi plenar iclasda müzakirəyə çıxarmaqdan imtina etdi. Buna əsas səbəb kimi isə hazırda ölkədə çoxuşaqlı ailələrin sayının az olması göstərilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması, “Qəhrəman ana” statusunun bərpa olunması üçün layihə işləyərək, dövlət idarələrinə və Milli Məclisə təqdim etmişdi.
A.Qorxmaz