Sevda Tahirli,
“Mirzə Ələkbər Sabir” Fondunun prezidenti
Televiziya cəmiyyətin inkişafında əvəzolunmaz xidmət göstərən mühüm informativ mənbədir. Onun təbliğ etdiyi mövzular cəmiyyətin də adekvat olaraq təbliğ olunan ruhda köklənməsində təkraredilməz rol oynayır. Çağdaş dövrümüzdə həyat tərzimizə çevrilən zaman çatışmazlığı vaxtımızı daha çox dəyərləndirmək şərti ilə bizi tez-tez sınağa çəkir. Günümüzün asudə vaxtının dəyərli və anlamlı keçməsi bizim özümüz üçün gün ərzində edə biləcəyimiz ən gözəl çıxış yolu olduğundan TV kanallarında yayımlanan verilişlərin seyr edilməsində də xüsusi seçicilik nümayiş etdirməmiz danılmaz bir həqiqətdir. Lakin bu da bir həqiqətdir ki, təbliğ olunan mövzular bir çox halda nəinki vətəndaş cəmiyyətinin informativ aləmdən yararlanaraq inkişaf etməsi yönündə xidmətdən uzaq olur, hətta bəzən vətəndaşların mənəvi dünyasının arzuolunmaz, hətta qaçılması labüd olan ruhda köklənməsinə gətirib çıxarır.
Bu günlərdə İctimai Televiziyanın yeni bir layihəsi təqdim olundu. “Müzakirə vaxtı” adlanan bu layihənin ilk buraxılışı dövrümüzün qorxunc bəlasına çevrilən xərçəng xəstəliyi və bu xəstəlikdən əziyyət çəkən insanların taleyinə həsr olunmuşdu. Verilişdə sadə azərbaycanlı qadın Fərahə Namazovanın xərçənglə mübarizəsi, bu amansız bəla ilə mübarizəsində ona dəstək olan ailəsi haqqında danışılırdı. Son illər bəzi TV proqramlarında sərgilənənlərdən fərqli olaraq sözün hər mənasında möhkəm bir ailə, mükəmməl ailədaxili münasibətlər və bu münasibətlərin harmoniyası təbliğ olunurdu. Tamaşaçının bu verilişi rahat izləyə bilməsinin kökündə əslində çoxlarının bilmədiyi və eyni zamanda çox zaman toxunulmayan məsələlərin hədəfə alınıb, problemlərin ortaya qoyulması durur. Bu verilişin baxımlı olmasının bir əsas incəliyi də heç kimə və heç bir fakta münasibətdə aqressivlik nümayiş olunmamasındadır.
“Müzakirə vaxtı”nda diqqət çəkən məqamlardan biri problemə təkcə fərdi münasibətlər fonunda deyil, cəmiyyətin düşüncə müstəvisindən yanaşılmasıdır. “Azərbaycan cəmiyyətinin xeyirxahlıq potensialı nə qədərdir” kimi suala doğrudan da cavab tapılmalı, cəmiyyətimizin inkişaf mərhələləri nəzərdən keçirilməlidir. Türkiyə və Azərbaycan cəmiyyətləri arasında aparılan paralellər, xəstəliyi və ya xəstə övladı gizlətmənin sosial-psixoloji zədələri, sosial dövlətin yaranma imkanları və sair məsələlər dərin təhlil olundu. Olduqca ağır bir problem müzakirə olunsa da, cəmiyyətə verilən mesajlar, insanlara düzgün çıxış yollarının göstərilməsi və bütün çətinliklərə rəğmən qalib gəlmək üçün ümidin hər vasitə ilə geriyə qaytarılması, ümidin yaşadılması və başqa amillərin qabardılması “Müzakirə vaxtı”nın dəyərini artırdı.
Diqqət çəkən məqamlardan biri də verilişin sonunda qələbə düsturunun çözülməsi idi. Qənaətim belədir ki, İctimai Televiziya maarifçilik funksiyasını məhz bu cür layihələrlə reallaşdırır. Əslində medianın maarifçilik ənənəsi məhz bu qəbildən olan verilişlərlə davam etdirilməlidir. İdeyanın kimə məxsus olduğunu söyləyə bilməsəm də, istiqamət və hədəfin doğru seçildiyini vurğulamaq istərdim. Məncə, İctimai TV-nin rəhbərliyi və xüsusilə baş direktor Cəmil Quliyev məhz bu qəbildən olan verilişlərdən cəmiyyətin daha çox faydalandığının fərqinə varıb. Verilişin daha müasir dekoru, kütləviliyi, vətəndaşlara çıxış imkanlarının yaradılması, cəmiyyətin yaralı nöqtələrinin hədəfə alınması, statistik məlumatların səsləndirilməsi və ən başlıcası özünəməxsus rejissor yanaşması yalnız alqışlana bilər.
Demək olar ki, ekranda yeni və fərqli bir layihə başlanıb. Layihənin aparıcısı İTV-nin digər verilişlərindən də özünə çoxsaylı tamaşaçı auditoriyası toplamış Vəsilə Vahidqızı layihədə işıqlandırılan məqamları biz tamasaçıların görməyə az qala adət etdiyimiz hay-küylü münasibətlə deyil, təmkinlə, elmi yanaşma ilə çatdırmağı bacardı və beləliklə, tamaşaçıların bu qəbildən olan digər verilişlərdəki qüsurları aydın sezən həssas qismini də ekranlara bağlaya bildi.
Sonda mən Mirzə Ələkbər Sabir Fondu adından İctimai TV şirkətini, o cümlədən şirkətə rəhbərlik edən Cəmil Quliyevi yeni uğur münasibəti ilə təbrik edir və bir tamaşaçı kimi bu yeni layihə üçün təşəkkür edirəm. Azərbaycan tamaşaçısının maarifləndirilməsi işində, sağlam ruhla köklənməsi yönündə belə uğurlu layihələrə daha çox imza atmalarını diləyirəm.