Ukrayna rəsmilərinin övladları: kimlər vətənin bütövlüyünü qorumağa hazırdır?
Ukraynanın tanınmış siyasətçilərinin övladları yeni yaradılmış Milli Qvardiyaya könüllü yazılaraq hərbi xidmətə yollanırlar. Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki. Ali Rada deputatı Anatoli Qritsenkonun oğlu, 35 yaşlı Aleksey Qritsenko hərbi xidmətə çağırılaraq Lvov vilayətinin Brodax qəsəbəsindəki aviasiya briqadasında zenitçi kimi xidmətə başlayıb. Mayın 2-də hərbi xidmətə çağırılan Aleksey Qritsenko bundan öncə Krımda rus qoşunlarının əsirliyində olmuşdu.
Prezident Administrasiyasının rəhbəri Sergey Paşinskinin oğlu Anton isə Milli Qvardiyaya könüllü yazılıb. O vətənini müdafiə etməyə hər az hazır olduğunu vurğulayıb. “Mən evdəkilərə başa saldım ki, hər bir kişi əlinə silah alıb vətənini qorumalıdır”, – deyə Paşinski jurnalistlərə açıqlamasında deyib.
Müdafiə naziri Mixail Kovalın oğlu Vladimir də Milli Qvardiyanın tərkibində xidmət keçir. Bu azmış kimi hazırda Vladimir Kovalın Şərqi Ukraynanın Slavyansk şəhərində keçirilən antiterror əməliyyatında iştirak etdiyi bildirilir.
Ukrayna prezidentliyinə ən real namizəd Pyotr Poroşenko və prezident səlahiyyətlərini icra edən Ali Rada spikeri Aleksandr Turçinovun övladları isə hələ ki, orduda xidmət barədə düşünmürlər. Poroşenkonun oğlu Aleksey Poroşenko Kiyev Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutunda təhsilini davam etdirir. Onun 29 yaşı olduğu bildirilir. Aleksandr Turçinovun oğlu 21 yaşlı Kirill Turçinov isə Əmək, Sosial Münasibətlər və Turizm Akademiyasında magistr təhsili alır.
“Batkovşina” (Vətən) Partiyasından olan deputat Aleksandr Briqinets isə 30 yaşlı oğlu Dmitrinin orduda xidmət etmək üçün artıq müraciət elədiyini bildirib.
Vüqar İsmayılov