Bakıda canlı oxuya bilməyən məşhur türk müğənniləri
Neçə illərdir Bakıda konsertlər verən Türkiyənin məşhur pop-müğənillərinin canlı oxuya bilməməsi sual doğrur: oxuya bilmirlər, yoxsa oxumaq istəmirlər?
Əgər oxuya bilmirlərsə, müasir incəsənət və yaradıcılıq şəhəri Bakıda nə işləri? Pul alırlarsa, zəhmət çəkib də canlı oxusunlar, yaxud canlı oxuya bilsinlər. Bir daha Bakıda xaric səslə canlı oxumasınlar.
Yox, əgər canlı oxumaq istəmirlərsə və ya canlı oxumağı bacarmırlarsa - yenə çox pis. Onda zəhmət çəkib, aşağı səviyyəli müğənni olmaları ilə razılaşsınlar, çünki aşağı səviyyəni öz oxumaları ilə sərgiləyirlər.
Mustafa Cecəli zatən pis oxudu
Bakıda canlı oxuya bilməyən Türkiyə müğənnilərindən söz düşmüşkən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Gəncə şəhərində təşkil olunmuş yubiley konsertində iki Türkiyə müğənnisi oxudu: Mustafa Gecəli və Hadisə. Konsert AzTV ilə yayımlanırdı və yəqin ki, ölkə bu konserti izləməmiş deyil. Həm də Gəncə konserti Türkiyədə tanınan bu müğənnilərin Azərbaycana ilk səfəri idi...
Açığı, Mustafa Cecəli pis oxudu. Musiqini sevən Gəncəlilər qaşısına, özü də belə mötəbər tədbirə köhnə repertuarı ilə çıxdı, zatən, oxuması da yüksək səviyyədə olmadı. Bu aşağı səviyyəsini rəqsvari ritmlərin, ansamblın müdaxilələri hesabına “görünməz” eləməyə çalışdı. Həm də Cecəli oxumaqdan çox hoppandı - mahnıları ritmik, hərəkətli idi, hərdən bir “hoppa” qışqırırdı. Amma bu ritmlər bir-birinə oxşadığı, variantlı olduqları üçün Cecəli gecəni layiqincə yola vermədi. Hay-küy, qışqırıq, auditoriyanı aktivləşdirmək, zərblilərin hay-həşiri, rəqslər, vokalçıların “ört-basdır edici” canfəşanlığı – bir sözlə, hər şey zahirən çəlbedici, “molodyojnı” və “sovremennı” idi , şouya yatımlı və fışqırıqlı-fısqırıqlı idi. Təkcə sənətkarlıq, pop ifaçılığı, səs və təqdimat lazımi səviyyədə, yüksək deyildi. Gəncədə ilk konserti bəlkə də Cecəlinin sənət bioqrafiyasında ilk, bəlkə də ən uğursuz ifa oldu.
Gəncədə sənət hadisəsi: “Ha-di-sə, Ha-di-sə”!!!
Repertuarını canlı oxumaq adı ilə əvvəldən-axıra xaric oxuyub bitirəndən sonra, Cecəli böyük bir təmtəraqla, böyük hadisə baş verirmiş kimi Hadisənin oxuyacağını bəyan elədi. Əcəba, kimdi bu Hadisə? Hər kimdisə, gəlmədi. Cecəli adətinə xilaf çıxmayıb, bir neçə dəfə onun adını təkrarladı, Gəncəlilərə dəfələrlə ünvanlı əl çaldırdı. Dönə-dönə “Ha-di-sə” dedi, ucadan “indi qarşınıza Hadisə gələcək, alqışlarınızı eşitmiyorum” təkrarladı, amma Hadisə, nə məsələdirsə, yenə “hadisə yerinə” gəlmədi, səhnədə görsənmədi, gecə yarısı Cecəli ilə birlikdə bütün ölkəni intizar içində qoydu. Cecəli ritmik alqışlarla kütləni “Ha-di-sə” deyə qışqırtdı, Hadisə hanım bu dəfə də “eşitmədi”.
Bu vaxt yaranmış boşluğu efirdə Gəncənin abadlaşmış, gözəl təsvirləri doldurdu. Bu zövqsüz, yarımçıq və xaric oxumalardan sonra elə bil Gəncə öz gözəlliyi ilə öyündü, öz gözəlliyi və müasirliyi ilə “mən daha yaxşılarına layiqəm” – dedi. Doğrusu, Cecəlinin zövqsüz, bizlərə saymazyana təqdim elədiyi istedadsız ifasından sonra, Gəncənin bu gözəlliyini, xüsusilə gecə görüntülərini seyr etmək xüsusi zövq aşıladı. Yəqin razılaşarsınız, Gəncə müsbət enerjisi olan, havasında, suyunda və torpağında təmizlik, saflıq və xeyirxahlıq yaşayan müqəddəs bir məkandır. Amma bu gözəllikdən sonra... Hadisə gəldi.
Oxuya bilməyən Hadisənin çılpaq bədəni və xaric səsi
Həmin konsertdə Hadisə səhnəyə, demək olar, çılpaq vəziyyətdə çıxdı. Oxuduğu zaman özünə şəhvətanə görüntülər verməsi, erotik “gəl-gəl”i tədbirin yüksək mahiyyətinə heç uyğunlaşmadı. Lüm-lüt ayaqları, gecə işığında bərq vuran ağ-appaq maya kimi çılpaq baldırları və ombası, qalxıb-enən ap-açıq mərmər sinəsi... Bəh-bəh-bəh... Türkiyə pop muziyi nə yaman modern imiş yahu?
Konsert getdiyi zaman tərs kimi küləyin də əsməsi “qəhrəmanımızın” onsuz da “maksi” olan birqarışlıq minisini bir az da yellədərək, bu yarım-çılpaq qonağımızı özəl mübarək görkəmində canlı-erotik səhnələrin “can alan” obrazına, ya da qədim yunan əfsanələrindəki baş tanrıların çılpaq məşuqələrinə bənzətdi (ufff!!!).
Amma sən demə, Hadisə də az bilmirmiş, təcrübəli imiş. Səhnəyə çıxan kimi elə ilk andan prosesi ələ aldı və səhnədən aşağıda əyləşmiş fanat tamaşaçıları yüngülcə, asanca idarə eləməyə başladı, onları heç darıxmağa qoymadı. Heç demə, səhnədə xaric oxuya-oxuya intim bədəninin gözəl yerləri ilə erotik pozalar verməkdə, köbək rəqsi ilə ombasını nazü-qəmzədə yelləməkdə tayı-bərabəri yox imiş, zalım qızının. Özünün bacarıqsız, istedadsız və xaric oxumasına çılım-çılpaq bədəni ilə elə “bəzək-düzəklər” və “korrektələr” verirdi ki, xaric oxuması zahirən görünmürdü. Hələ arabir səhnədə müasir pop-sənət “pozası”nda can üzən və “əsil hadisə” olan çalın-çarpaz oturmağı ilə, şəhvətanə rəqsləri ilə və əlini tez-tez “haradasa” gəzdiməsi ilə fanatlarına cürəbəcürə fizioiloji-psixoloji “performanslar” mesajlayırdı ki, bu də bərq vuran açıq-saçıq bədənini xaric oxumağından bilmərrə daha cəlbedici göstədirdi. Hadisə, elə ilk gəlişi ilə səhnəmizdə özəl “hadisələrini” göstərdi, əhvalımızı daha da qaldırdı.
Bir sözlə, Hadisə xaric oxudu, pis oxudu, elə-belə oxudu. Elə bilməsinlər ki, mən Türkiyədə Hadisəyə olan dinləyici marağından xəbərsizəm. Amma bunu də dəqiq bilirəm ki, Hadisə səhnəyə nə dərəcədə çılpaq çıxsa da, müğənni olduğunu, yəni oxumalı olduğunu unutmamalı və ilk növbədə, səsini, mahnılarını, ifasını təqdim eləməli idi. Daha estrada, müasir səhnə, pop, gənclərin tələbləri bəhanəsilə çılpaq bədənini “gözə soxub”, qabiliyyətsizliyini maskalamamlıydı.
“Gözəl oğlan” Cecəlidən sonra konsertdə yenə də aldadıcı ritmlər, bərq vuran şou, üstəlik də rəqs edən, qıvrılan, dondan-dona girən çılpaqvari-erotik qadın bədəni... Hadisə beləcə xoşa (hoşa) gedib, alqışlar qazandı...
Hamı bilir ki, Gəncə Azərbaycanın qədim mədəniyyət şəhəridir. Dünyaya böyük şəxsiyyətlər, mənəvi sərvətlər bəxş edən qədim və gözəl bir diyardır. Gəncə dünən olduğu kimi, bu gün də istedadlı, gözəl sənət peşəkarlarının şəhəridir, müasir gəncliyin məkanıdır. Hadisə isə Gəncənin yüksək mədəniyyətinin və incəsənətinin fonunda pis, yersiz təsir bağışladı.
Ümumiyyətlə, Hadisə canlı oxuya bilməməsini, zəifliyini çılpaq bədəni ilə “görünməz edən” aldadıcı üslubun təmsilçisidir. Onun Gəncə konserti Azərbaycana ilk gəlişi idi və bəlkə də, çox pis yadda qalacaq. Doğrudur, səhnədə “çılpaq üslub” nümayiş etdirənlər dünyanın hər yerində var, amma onların arasında ifası, səsi, konsertləri ilə böyük fanat ordusu qazananlar da var. “Gənclər müasirliyi sevir” deməklə zövqsüzlüyünü ört-basdır edən və bu səbəbdən “müasir görüntü” üçün qulağından qulaqcığı əskik olmayan kompleksli “zad”lar üçün Hadisə bəlkə də böyük pop-art hadisəsidir. Bundan fərqli olaraq, mən bütün müasir musiqi cərayanlarını, ifa üslublarını dinləyirəm, amma müasir zövqüm və mədəniyyətim onların heç də hamısını “müasir” adlandırmağa əsas vermir. Elə Hadisənin Cecəli ilə bir gecəlik xaric oxumaq hadisəsinin də müasirliyə və müasir zamanın modern və postmodern üslublarına aidiyyatı yoxdur.
Onu bir məsələdə tərifləyə bilmərəm: Konsertin sonunda Cecəli ilə birlikdə Ulu Öndərimiz haqqında mahnını babət də olsa, Azərbaycan dilində oxudu. Verdiyi konsertdə yalnız bu ifasına doğrudan-doğruya alqış düşür.
Türkiyə və Azərbaycan pop-müğənnilərinin fərqi
Birinci fərq budur ki, türklər Azərbaycan bəstəkarlarının mahnılarını da, xalq mahnılarımızı da öz dialektləri ilə, yəni Türkiyə ləhcəsində oxuyurlar. Xub, elə Azərbaycanda illərlə işlədikləri müddətdə də bir qaç kəlmə Azərbaycan türkcəsində danışmazlar arkadaşlarımız.
Məlasəf, Azərbaycan pop-ifaçıları isə, Türkiyənin mahnılarını nəbadə öz ana dilimizdə oxumazlar. Bu, mümkün olsa belə, bunu heç etməriz. Sanki davranışmızın, psixologiyamızın təməlində artıq belə münasibət qəlibləşib. Nə məsələdirsə, bizimkilər Türkiyə mahnılarını da türkcə oxuyurlar. Lap yaxşı, amma gərək bir dəfə də Türkiyə müğznnilləri 100 ildən bir bizim mahnılarımızı Azərbaycan dilində oxusunlar.
İkinci fərq Gəncə konsertində göründü. Azərbaycanın hər hansı bir müğənnisi İstanbulda açıq havada, məsələn, Mustafa Kamal Paşanın ad günündə bir saat yarım konsert verə bilməz. Bunu etsə də, Türkiyənin bir nömrəli dövlət telekanalı bu konserti başdan-ayağa bütün Türkiyəyə yayımlamaz. Heç indiyə qədər də belə bir fakt olmayıbdır.
Üçüncü fərq. Türkiyədə bizim müğənnilər bir, ya on mahnı oxusa da onlardan mütləq canlı ifa tələb edilir. Amma türk müğənniləri Bakıda iki mahnı oxusalar, ya heç birini, ya da ən çoxu birini canlı oxuyurlar. Çünki nə Azərbaycan musiqiçilərini, nə də dinləyiciləri yetərincə saymırlar, özlərini qarşımızda “yekə” tuturlar. Əcəb də eləyirlər. Bizlər Hadisə, Cecəli kimi oxuya bilməyən, başdan ayağa xaric səslənən müğənnilər üçün “müasir görünmək” naminə az qala əldən-ayaqdan gedəndə, belə də edəcəklər...
Məncə, bundan sonra Azərbaycana Türkiyənin mükəmməl və müasir pop sənətkarlarını dəvət eləmək lazımdı, daha bədəninin intim yerlərindən qeyri bir şey göstərə bilməyən Hadisə, ya da qarşımızda xaric oxumaqdan çəkinməyən Cecəli kimilərini yox.
Gəncə istedadlar şəhəridir! İstedadlarımıza səhnə verək!
Yaxşı olardı, Ulu Öndərin doğum günü münasibətilə bölgələrdən yayımlanan konsertlərdə yerli ifaçılara da söz verilsin. Qoy, onların da səsi eşidilsin, tanınsınlar, görünsünlər, alqışlansınlar, sevinsinlər. Qoy, on nəfər qonaq müğənni çalıb-oxuyanda, 3-5 nəfər də yerli müğənnilər, xüsusilə də gənclər oxusunlar. Belə münasibət yerli icra orqanlarının istedadlı gənclərə daha bir qayğısı olar.
Gəncə də istedadlar şəhəridir. Bu şəhərdən olan məşhur ifaçılara, müğənnilərə xalqımızın qəlbində sənət sevgisi var. Elə indinin özündə də Gəncədə istedadlı, peşəkar vokalçılar, pop və rep ifaçıları, cazmenlər, estrada və pop qrupları, muğam, klassik musiqi ifaçıları çoxdurlar. Üstəlik, Gəncə musiqi kollecində neçə-neçə musiqi kollektivi, gənc ifaçılar təhsil alırlar, təcrübəli musiqiçi-müəllimlər işləyirlər. Yəqin tamaşaçıların da ürəyincə olar ki, Ulu Öndərin yubiley konsertlərində bu istedadlı insanlara, bacarıqlı gənclərə də meydan verilsin. Onsuz da bölgələrə dəvət alan müğənniləri gecə-gündüz telekanallarda, radiolarda eşidirik. Amma belə mühüm tədbirlərdə yerli ifaçı gənclərə, peşəkarlara da yer verilməsi, onların efirdən yayımlanması hamımız üçün maraqlı və sevindirici olar.
Unutmayaq ki, Ulu Öndərimiz həyatı boyu istedadlı insanları qiymətləndirib, onlara himayədarlıq edib. Heydər Əliyevin doğum günü bölgələrdə keçirilən konsertlərdə yerli ifaçılara, gənclərə də söz verilərsə, bu, Ulu Öndərin şərəfinə keçirilən tədbirilərə daha böyük məna və məzmun gətirər.