Modern.az

“Bir gün səhər araq içməmiş işə gəl” - Nəsir İmanquliyevli xatirələrdən

“Bir gün səhər araq içməmiş işə gəl” - Nəsir İmanquliyevli xatirələrdən

Parlament

18 May 2014, 11:14

Tanınmış jurnalist, Prezident təqaüdçüsü, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı Mülatif Adurov görkəmli jurnalist, ictimai və elm xadimi Nəsir İmanquliyev haqqında bir neçə il öncə qələmə aldığı xatirələri Modern.az saytına təqdim edib. Yazıda müəllif “Bakı” qəzetində çalışdığı dövrü xatırladır. Onu oxucuların ixtiyarına veririk.

Qəzetin nüfuzunu qoruyun 

Qeyd etdiyim kimi, Nəsir müəllim işçinin qüsurunu üzə vurmazdı, dolayısı yolla bunu yumor dili ilə elə çatdırırdı ki... Özü də redaksiyada işləyənlərin hər birinin gün ərzində nə ilə məşğul olduğunu, nə vaxt gəlib nə zaman getdiyini gözəl bilirdi. Bunu isə birbaşa üzə vurmazdı. Nəsir müəllimlə həmyaşıd olan rəssam Hüseyn Zeynalov son vaxtlar içkiyə qurşanmışdı. Amma özünü elə aparırdı ki, güya spirtli içki içmir.

- Hüseyn, sənin burnunun ucu niyə həmişə qırmızıdır? - redaktorun sualına rəssam belə cavab verdi:

- Nə bilim ay Nəsir müəllim, anadan belə doğulmuşam da!

- Bir gün səhər araq içməmiş işə gəl, görək onda da burnunun ucu qırmızı olacaq?

Redaktor yaxşı bilirdi ki, "Baku" qəzetində işləyənlərdən bir qrupu fasiləyə bir saat tez çıxır, bir saat da gec qayıdırdı. Özləri də naharı köhnə "İnturist" restoranında edərdilər. Fasilədən qayıdanda içkili olduqlarını bilən redaktor onlara irad tutmazdı. Ancaq elə tərbiyə metodu seçirdi ki, bu, danlamaqdan daha təsirli olurdu. Həmin dəstədən biri - Kamil Rəhimov bir məsələ ilə bağlı redaktorun kabinetinə gəlmişdi. Nəsir müəllim yarıciddi, yarızarafatla:

- Kamil, hər gün fasilə vaxtı vurmağa gedirsiniz. Məni də dəvət edin də!

- Baş üstə, Nəsir müəllim, səhvimizi düzəldərik.

Nəsir müəllim düşündü ki, bu söhbət onlara ibrət olacaq. Amma...

Ertəsi gün fasiləyə xeyli qalmış Kamil Rəhimov redaktorun qəbul otağında idi. Mən ondan əvvəl kabinetə girdim və redaktora bildirdim ki, Kamil qəbul otağındadır...

- Yəqin üzrxahlığa gəlib, - deyib zəngin düyməsini basıb katibəyə dedi ki, Kamilə de, içəri keçsin. O, içəri gircək qapının ağzında əsgəri təzimlə ayaqlarını cütləyib:

- Biz hazır, Nəsir müəllim, gedə bilərik.

- Kamil, sənə və dostlarına vacib tapşırığım var, mənsiz heç hara getməyin.

Kamil Rəhimov kabinetdən çıxdı. Dəstə çox gözləməli oldu, həftələrlə Nəsir müəllimdən səs çıxmadı, sonradan məlum oldu ki, o, kampaniya dostlarına bunu danışıb və onlar  başa düşüblər ki, Nəsir müəllim "mənsiz getməyin" deməklə öz iradını bildirib.

"Dayday" və "Daimi müştəri" 

"Baku" qəzetində işləyənlərdən fərqli olaraq, "Bakı"da içkiyə meyillilər yox idi. Buna baxmayaraq, qəzetin nüfuzunu həmişə qoruyan redaktor bizə deyərdi ki, restoran-kababxanaya getməyin, qəzetin adına xələl gələr, hər bir müxbirin davranışı nümunəvi olmalıdır.

Yadımdadır, ənənəvi iməcilik günü idi. Bazar günü ertəsi günün nömrəsinə gedəcək materiallar hazırlanırdı. Günorta işlərimizi başa vurmuşduq. İstirahət günü olduğundan bufetimiz bağlı idi. Əhval-ruhiyyəsi nikbinlikdən xəbər verən Nəsir müəllim məni yanına çağırıb "Harada nahar edə bilərik?" - soruşdu. "Bu yaxınlarda Qaradağ rayonunun milis rəisi Ağarza Babayev məni Lökbatan dairəsindən dəniz kənarına gedən yoldakı "Sahil" kababxanasına aparmışdı, çox ləziz yeməklər verirlər orada" - dedim. Beləliklə, yeddi nəfər yığışıb getdik ora. Nəsir müəllim bizə qulluq etməli olan Ramiz adlı ofisianta dedi ki, bu yoldaşları mən nahara dəvət etmişəm, yeməli xörəklərdən nə varsa gətir. Xörəkpaylayan çönüb mənə tərəf baxdı və əlini tuşlayaraq dedi:

- Bax, bu dayday bizim "pastayannı kliyent"imizdir. O bilir, bizdə hər şey dadlıdır.

Bu sözlər məni yamanca tutdu. Əvvəla, 25 yaşım  ola-ola mənə "dayday" dedi. Digər tərəfdən də guya daimi müştəri idim. Nəsir müəllim də bunu hiss etdi. Amma "pastayannı kliyent" deyə ikicə kəlmə pıçıldadı. Əlavə heç nə demədi.

İstədim and içəm, izah edəm ki, burada cəmi-cümlətanı bircə dəfə olmuşam, redaktor buna imkan vermədi. O ki qaldı "dayday" məsələsinə, sonradan aydınlaşdı ki, Ramiz məndən üç yaş böyükdür.

Putyovka məsələsi

Bir qayda olaraq, Nəsir müəllim noyabr-dekabr aylarında məzuniyyətə gedərdi. Özü də çox vaxt Yessentukiyə. Yolasalma mərasimi ya evlərində, ya da Pirşağıdakı bağında olardı. Ona yaxın olan 7-8 nəfər toplaşardıq. Həyat yoldaşı Gövhər xanım da, qızı Aida xanım da bizi mehribanlıqla qarşılayardılar. Elə mehribanlıq, səmimiyyət görürdük ki, hər il məmnuniyyətlə yolasalmada iştirak edirdik. Yeri gəlmişkən, onu da deyim ki, Gövhər xanım bizim himayədarımız idi, Nəsir müəllimə dönə-dönə tapşırardı ki, vəzifəli qohumları olmayan cavanları incitmə. İnsaf naminə Nəsir müəllim bizim müdafiəçimizin - Gövhər xanımın sözündən heç vaxt çıxmazdı.

Bir dəfə noyabr ayı başa çatsa da, Nəsir müəllimdən xəbər çıxmırdı. Nəhayət, özü dedi ki, Yessentukiyə "putyovka" (yollayış) az ayrılıb. Felyeton janrının mahir ustaları Şakir Abdullayev və Şaban Şabanov həmkarlar təşkilatının sədri kimi mənə dedilər ki, bəlkə biz yolllayış tapmaqda redaktora kömək edək. Şakir müəllim dedi ki, AHİŞ-in sədri Lidiya Rəsulova ilə yaxındır. Yığışıb Lidiya Rəsulovanın yanına getdik. İnsafən, xanım bizi çox səmimi qarşıladı. Bundan istifadə edən Şakir Abdullayev dərhal mətləbə keçdi:

- Lidiya xanım, gəlişimizin səbəbi budur ki, sizə bildirək ki, "Bakı" və "Baku" qəzetləri redaksiyasında çox adam işləyir. Bunu yaxşı tanıdığınız Şaban müəllim də, mestkomumuz Mülatif müəllim də təsdiq edərlər... Biz yaradıcı işlə məşğul olan 48 işçiyə Yessentukiyə yollayış ayrılması üçün gəlmişik.

Bunu eşitcək L.Rəsulova qəhqəhə çəkib xeyli güldü:

- Nə danışırsınız, Yessentukiyə 48 yollayış? Bu, mümkün olan şey deyil. Mən hörmətli Nəsir müəllimə bir yollayışı güc-bəla ilə tapmışam.

Şakir müəllim sevincək ayağa qalxdı:

- Elə biz də Nəsir müəllim üçün yollayış dalınca gəlmişik də!

- Bəs 48 yollayış nə məsələdir?

- Lidiya xanım, siz Nəsir müəllimə bir yollayış ayırın. O, Yessentukidə dincələcək, biz 48 nəfər də burada!

Bu əhvalatı L.Rəsulova Nəsir müəllimə danışmışdı və üstəlik demişdi ki, "Mən sizi çox mülayim adam bilirdim, görünür, işdə çox ciddisiniz, əməkdaşlarınız sizdən yamanca  çəkinirlər, hətta qorxurlar...

Yollayışla redaksiyaya qayıdan Nəsir müəllim məni yanına çağırdı:

- Afərin mestkom, bilirəm, bu sənin planların olub. Amma gərək mənimlə məsləhətləşərdiniz. Eybi yoxdur, bunun özü mənim nüfuzumu qaldırmaq deməkdir. Lidiya xanım mənə dedi ki, siz işdə nə qədər tələbkar, ciddisiniz...

 Ardı olacaq…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...