2003-cü ildə çəkilən “Dəvətnamə” filmində epizodik sayılacaq biznesmen rolunu oynayan telejurnalist Qulu Məhərrəmli “Kinomuzda təsadüfi məşhurlar“ rubrikasında növbəti qonaqdır.
Modern.az-ın arayışı: “Dəvətnamə” yazıçı-jurnalist, elm xadimi Aqşin Babayevin eyni adlı əsərinin motivləri üzərində çəkilib. Filmin rejissoru xalq artisti Ramiz Həsənoğludur. Filmdə bir çox tanınmış aktyorlar çəkilib: baş rolun ifaçısı Fərhad İsrafilov (Cəfər), Səyavuş Aslan, Yaşar Nuri, Cahangir Novruzov, Səidə Quliyeva və s.
Qulu Məhərrəmlinin çəkilişə cəlb olunması isə sırf təsadüf nəticəsində baş verib. Telejurnalistin biznesmen roluna çəkilməsinə səbəb isə kinostudiyanın həyətində saxladığı “Nissan” markalı maşını olub. Qulu Məhərrəmli məsələnin təfərrüatını özü danışır:
“Heç zaman filmə çəkilmək barədə düşünməmişəm. “Dəvətnamə” filmindəki çəkilişə səbəb isə mənim maşınım olub. Maşınımı kinostudiyanın həyətində yumağa saxlamışdım. Belə başa düşdüm ki, çəkiliş üçün maşın lazım olub. Çünki o vaxt xarici maşınlar şəhərdə az idi. Mənim “Nissan”ımı görən rejissor Ramiz Həsənoğlu təklif etdi ki, gəl, səni də biznesmen rolunda çəkək. Tərəf müqabilim də Yaşar Nuri (Əkbər) idi. Filmdə o, maşını yuyur, mən də gəlib deyirəm ki, təkərləri niyə qaraltmamısan? Yaşar da pulun azlığından gileylənir. Əlimlə jest edirəm ki, götür pulunu get burdan...
Rəhmətlik Yaşar Nuri ilə çox yaxşı münasibətim vardı. Onu maşınımı yuması mənə çox qəribə gəldi. Çəkiliş vaxtı maraqlı bir məqam da mənim maşına necə yaxınlaşmağım idi. Rejissor öz təlimatlarını verdi ki, maşına bu cür yaxınlaşmaq lazımdır. Mən də öz fantaziyamı işə salıb obraza nə isə əlavə etməyə çalışdım. Maşına çatmağa az qalmış başladım axsamağa. Aktyor Ramiz Məlik çəkilişi seyr edirdi. Dedi ki, bizim aktyorların bəxti gətirib ki, siz aktyor olmamısınız. Yoxsa bir çoxlarını kölgədə qoyardınız.
Elə Ramiz Həsənoğlunu da heyrətləndi. Mənə daha bir neçə filmdə epizodik rolu təklif etdi. Qəbul etmədim, dedim, adam bataqlığa bir dəfə batar. Amma bir dəfə də az qalmışdı dublyajda da iştirak edim. İmam Rza haqqında 29 seriyalı “Eşq vilayəti” adlı dublyaj olunurdu. Orada epizodik bir səhnə var idi. Hansısa cümlə bir neçə nəfər təkrarlamalı idi. Dedilər ki, adam azdır. Dublyajda da Rasim Balayev, Fuad Poladov, İlham Əsgər, Həmidə Ömərova kimi aktyorlar iştirak edirdilər. Mən də dublyaja rəhbərlik edirdim. Dedilər ki, qoy Qulu müəllim həmin cümləni desin. Mən də dedim. İlham Əsgərov qəfildən dilləndi ki, saxlayın, elə bil dublyajın ortasına “Xəbərlər” girdi...”
Elmin Nuri