Modern.az

Ağır xəstəlikdən əziyyət çəkən tanınmış azərbaycanlılar - “Artıq müalicədən də yorulmuşam”

Ağır xəstəlikdən əziyyət çəkən tanınmış azərbaycanlılar - “Artıq müalicədən də yorulmuşam”

21 May 2014, 18:21

Azərbaycanda istənilən sahə üzrə hazırda ağır xəstəliklərdən müalicə olunan tanınmış simalar var. Onların bəziləri dövlət hesabına müalicə olunur, bəziləri isə diqqət azlığından şikayət edirlər. Modern.az saytı həmin şəxslərdən bir neçəsinin durumu ilə maraqlanıb.

Rəssam-şair Adil Mirseyid (serroz xəstəliyindən əziyyət çəkir): “Mənə dövlət tərəfindən heç bir yardım edilməyib. Təəssüf ki, mühacir, yad bir vətəndaş kimi münasibət göstərirlər. 3 ildən çoxdur müalicə olunuram. Ailəm vəziyyətim lap pis olan vaxtlarda məndən xəbərsiz, dəfələrlə bir sıra qurumlara müraciət edib, dəstək istəyib. Müraciət ünvanları çox olub. Onlardan biri baş nazirin müavini, dostum Elçin Əfəndiyev idi. Düzdür, mən hələ də onu dostum olaraq görürəm, amma deyəsən o, məni elə görmür. Daha sonra bir neçə deputatlara müraciət olunub. Onlardan heç bir xəbər çıxmayıb. Bir də onu qeyd edim ki, belə bir söz-söhbət var ki, guya, Yazıçılar Birliyi lazım olan yerlərə müraciət edib-filan, amma mən hələ də lazım olan yerin hara olduğunu bilmirəm, xəbərim yoxdur. Mənim dövlət tərəfindən bir dərmanıma belə, xərc çəkilməyib. Haradansa göndərilən bir məktub gəldi ki, Neftçilər Xəstəxanasında qaraciyər xəstəliyinin müalicəsi mümkündür və müəyyən ödəmə etməklə orada müalicə oluna bilərəm. İş orasındadır ki, mənim buna maddi gücüm çatmır. Sərgidən bir az gəlir əldə etdim, amma o heç nəyə bəs eləmir. Artıq heç həvəsim də qalmayıb sağalmağa. Özüm özümdən, müalicədən, hər şeydən yorulmuşam”.

Tanınmış diktor Rafiq Hüseynov (ağciyər xərçəngindən əziyyət çəkir): “Mənə Heydər Əliyev Fondu  tərəfindən lazımi şərait yaradıldı və hazırda İstanbulda müalicə olunuram. Müalicə məkanını da özüm seçdim. Hər şey yüksək səviyyədədir. Çox sağ olsunlar”.

Xalq şairi Vaqif Səmədoğlu (mədə xərçəngindən əziyyət çəkir): Həyat yoldaşı Nüşabə Vəkilova Vaqif Səmədoğlunun xəstəliyi ilə bağlı müalicə xərclərinin dövlət tərəfindən qarşılandığını deyərək, çox razı olduqlarını bildirib. Deyib ki, şair müalicəsini davam etdirir.

Aktrisa Xanım Qafarova (süd vəzisi xərçəngindən əziyyət çəkir): “Dövlət dəstəyilə Türkiyədə bir müddət müalicə olundum. Ötən ilin dekabr, bu ilin yanvar və mart aylarında müalicə üçün qardaş ölkəyə getmişdim. Bu müddət ərzində bütün xərclərim dövlət hesabına qarşılandı. İndi vətəndəyəm, qan azlığından vəziyyətim ağırdı. Burda olan müalicə xərclərini isə özüm qarşılayıram”.

Jurnalist Nicat Dağlar (leykoz xəstəliyindən əziyyət çəkir): “Mənim müalicə prosesimlə birbaşa dövlət orqanları özü məşğul oldu. Çox qısa müddət ərzində sənədlərim hazırlandı və Aımaniyaya göndərildim. Orada Hemotologiya İnstitutunda həkim tapıldı. Birinci müalicə kursum təxminən 1 ay davam elədi. Həmin müddət ərzində isə çox yüksək səviyyədə müalicə kursu keçdim. Demək olar ki, bu xəstəliyi arxada qoydum. Növbəti mərhələ isə oktyabr-yanvar aylarında oldu. O müddət ərzində yenidən Almaniyaya getdim. İndisə sonuncu mülicə kursuma hazırlaşıram. Bu isə iyun ayında gerçəkləşməlidir. Bütün bunlara görə xərcələr cənab prezidentinin tapşırığı ilə dövlət hesabına qarşılanıb”.

Ayşən Mönsümlü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi