Suriyadakı vətəndaş müharibəsi ilə başlayan təhlükə və zorakılıq mühiti buradakı erməni icmasına xas olan sahibkarlıq ruhunu öldürə bilməyib. Lakin Ermənistana köç etdikdən sonra rastlaşdıqları şantaj, reket mühiti Suriyadan olan erməni qaçqınlar üçün ciddi problemə çevrilib.
Modern.az saytının Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya erməniləri etiraf edirlər ki, Ermənistana köç etdikdən sonra bir çox maneələrlə üzləşiblər. Buna görə də Ermənistanı tərk etmək üçün yollar axtarırlar.
Ermənistan hakimiyyəti diaspor üzvlərinin ölkədə yerləşmələrini alqışlasa da, gündəlik problemlərin həllində onlara yardım etmək istəmir. Suriyanın Hələb şəhərindən köç edən 12 erməni tarixi vətənlərində üzləşdikləri porblemləri sadalayıblar: satıcı-müştəri mübahisələri zamanı təhdid və fiziki təzyiq ehtimalı, biznesin aparılmasında şəxsi və ailəvi əlaqələrin həlledici rol oynaması, 20 faiz əlavə dəyər vergisi, iqtisadi pespektivlərin olmaması və s.
Suriyadan olan qaçqın erməni, 24 yaşlı Krist Brutyan İrəvanda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. 2013-cü il dekabrın 28-də müştəri ilə yaranan mübahisə zəminində döyülüb və sol gözünü itirib: “Ehtiyat hissəsinin qiyməti üstündə alıcı ilə mübahisəm düşdü. Alıcı özü ilə mağazaya 30 nəfər adam gətirdi. Onlar dəmir dəyənəklə və zəncirlə məni döydülər. Nəticədə sol gözüm heç nə görmür”.
Onun sözlərinə görə, hadisə zamanı 60 yaşlı atası Armenak və qardaşı Manuk da ağır xəsarətlər alıblar. Lakin tərəflərin barışdığını əsas gətirən istintaq cinayət işini bağlayıb:
“Bizi burda yad olduğumuz hissi tərk etmir. Biz gözlədiyimiz münasibətin tam əksini görürük. Ermənistan bizi çox məyus edib”.
Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, 2012-ci ildən bəri ölkəyə 16 min Suriya ermənisi köçüb. Hökumət onlara iş və mənzil tapmağa, ərzaqla təmin olunmağa və biznesdə güzəştlər ediləcəyi vədini versə də, bu səylər kifayət qədər deyil. Rəsmi məlumatlar onu da göstərir ki, Ermənistana pənah gətirən 5 min erməni sonradan müxtəlif səbəblərə görə başqa ölkələrə köç ediblər.
Hələbdən olan Mişel Sarkoyan Ermənistandakı mənəviyyat və adətlərin vəziyyətindən heyrətə gəldiyini açıqlayıb. Onun sözlərinə görə, İrəvanın 11 kilometrliyindəki Ptqunk kəndində özünə məxsus olam mağazanı zorla əlindən almağa cəhd göstəriblər. O deyib ki, “qanuni oğrular”ın və mütəşəkkil cinayətkar dəstələrin təsiri altında olan “yaxşı oğlanlar” tələblərinin yerinə yetirilmədiyini görüb Sarkoyana tapança ilə hədə-qorxu gəliblər. Sonradan isə maşınla onu vurmağa cəhd göstəriblər: “Biz atışma və partlayış təhlükəsindən Ermənistana sığındıq. Burada isə bizə hədə-qorxu gəlirlər”.
Ermənistan rəsmiləri isə problemin miqyasını kiçildirlər. Onlar etiraf edirlər ki, rəsmi olaraq 16 faiz, qeyri-rəsmi isə qat-qat artıq işsizlik səviyyəsinin olduğu Ermənistanda orta aylıq əmək haqqı 386 dollardır. Əhalinin əksəriyyəti xaricdən qohum və dostlarının göndərdiyi pul transferləri hesabına çətinliklə dolana bilir.
Suriya ermənilərinin əsas şikayətlərindən biri yerli ermənilərin onları tez-tez İran azərbaycanlıları ilə səhv salmasındadır. Məhz bu səbəbdən Ermənistan sakinləri suriyalı qaçqınlarla əməkdaşlıq etmir və heç bir müqavilə imzalamırlar. Eyin diskriminasiyadan İran erməniləri də şikayətçidirlər.
Erməni psixoloqlar isə bunun səbəbini başqa cür izah edirlər: “Biz hegemon, mənəm-mənəm deyən xalqıq. Bizim aramızda əcnəbi heç yoxdur və Suriya ermənilərinin fərqliliyi bizdə aqressiya doğurur. Əhalimizin üçdə biri kasıblıqla yaşayır və həmişə yüksək həyat səviyyəsi olan Suriya ertməniləri bu səbəbdən yerli ermənilərin nifrətinə səbəb olublar”.
Müharibəyə qədərki Suriyanı bir çox ermənilər böyük rəğbətlə xatırlayırlar.
“Bizim ərəblərlə (suriyalılarla) heç bir problemimiz yox idi. Yerli müsəlmanlardan çox bizi sevir və hörmət edirdilər, - deyə Suriyadan gələn qaçqın Jirayr Qelvacyan təəssüflə qeyd edir.
O da çoxları kimi Ermənistana gəldiyinə peşmandır. Beləliklə, Suriya ermənilərinin çoxu nə vaxtsa Ermənistanı tərk etmək ümidi ilə yaşamağa davam edirlər.
Vüqar İsmayılov