(Hekayə)
- Good morning, Namig.
- Good morning, mother.
- How are you?
- I am good.
Bizim evdə hər səhərimiz belə açılırdı. Anam ingilis dili müəlliməsiydi. Oxuduğum məktəbdə xarici dildən dərs deyirdi. Mənim həm sinif rəhbərim, həm də ingilis dili müəllimim idi. Ona görə də evdə də ingiliscə danışdırırdı məni. Fənni mükəmməl öyrənim deyə. Şagirdlər deməsin ki, bizdən dərs tələb edir, oğlu isə heç nə bilmir. Atam isə fəhlə babaydı. Dərslərimlə çox da maraqlanmırdı. Əsasən öyüd-nəsihət verirdi. Deyirdi ki, biz türküy – azəri türkləri. Əslimiz də Şamaxıdandır. Nəsimi, Füzuli, Şah Xəndan, Sabir, Seyid Əzim Şirvani, Abbas Səhhət bu torpağın yetirmələridir. Deyirdi ki, zəlzələ olmasaydı Azərbaycanın paytaxtı Şamaxı olacaqdı. Mən də fəxrlə deyirdim ki, mən Şamaxılıyam. Atam o saat səhvimi düzəldirdi. Yox sən Şirvanlısan. Qoşa Qala qapısı deyəndə irad tutardı. Deyərdi ki, oranın öz adı var. Üstünə də həkk ediblər. Şamaxı qapısı adlanır. Bəzən etiraz edirdim. Deyirdim ki, mən Şirvanlı deyiləm, Azərbaycanlıyam. Ağzımdan vururdu. “Sən Şirvanlısan, bildin? Milliyyətin də türkdür”. Sonra da əlavə edərdi: “Allah Stalinin evin yıxaydı bizi - milliyyətimizin adını azərbaycanlı edən yerdə” . Bəzən höcət edərdim.
- Ata, axı niyə bölürsən ki, bizi? Biz hamımız azərbaycanlıyıq. “Mən Şirvanlıyam” deyəndə nə fərqi olur ki? O biri rayonlarda, bölgələrdə doğulanlardan nəyimizlə fərqlənirik ki?
- Fərqi çoxdur, ay bala. Biz şah görmüşük, onlar isə xan.
Uşaqlıqdan məni öz millətimə hörmət ruhunda böyüdərdi. Bir dəfə Türkiyədən gələndə qızıldan hazırlanmış “Boz qurd” medalyonu gətirmişdi. Məcbur etmişdi ki, bəs taxmalısan. Mən də etiraz edirdim.
- Bu nədir e, ata. Niyə axı, bu medalyonu taxmalıyam. Bunun yerinə telefon alaydın da...
- Ay bala, kimin boğazında xaç görürüksə bilirik ki, xristiandır, Davud ulduzu görəndə tanıyırıq ki, yəhudidir. Müsəlmançılığın isə nişanı yoxdur. Amma türkçülüyün simvolu var - Boz qurd. Tax hamı bilsin ki, türksən.
- Bəs ay-ulduz?
- Ay-ulduz ərəblərdə də var. Amma boz qurd təkcə bizimdir. Özü də yadından çıxarma. Sən azərbaycanlı deyilsən, türksən. Türk oğlu, türk. Bildin?
Atam nə qədər desə, izah etsə də mənə çatmırdı. Biri “haralısan?” soruşan kimi tutuquşu kimi cavab verirdim ki, azərbaycanlıyam.
Anamı isə yalnız mənim dərsim, bir də təlim-tərbiyəm maraqlandırırdı. Başqaları dördüncü sinifdən xarici dil dərsi keçməyə başlasalar da, mən demək olar ki, ingiliscə dil açmışdım. Öz yaşıdlarımdan xeyli irəliydim. Böyüdükcə anamın qayğıları da artırdı. Səkkizinci sinifdən siqaret çəkməyə başlamışdım. Nə qədər danlasa da, zərərini başa salsa da artıq gec idi. Adətkərdə olmuşdum. Yeganə mənfi xüsusiyyətim bu idi. İçki içmirdim, bara getmirdim, evə vaxtında gəlirdim. Bir sözlə avara deyildim. Dostlarım adımı “maminkin sınoçek” qoymuşdular.
Vaxt ötdü məktəbi bitirdim. Xalq təsərrüfatı institutuna daxil oldum. Oranı qırmızı diplomla bitirdim. Əsgərliyimi çəkib geri qayıtdım. İş axtarmağa başlamışdım. İngiliscəni yaxşı bildiyim üçün hansısa xarici şirkətdə işə düzəlməyə qərar verdim. Amma hansına gedirdimsə xarici dildən orta məktəb səviyyəsində aldığım biliklər bəs etmirdi. Sivimə baxım başlarını bulayırdılar. Deyirdilər ki, qramatikanı bilirsən, ancaq danışıq dilini təkmilləşdirmək lazımdır. Bunun üçün də xarici ölkələrin birində kurs keçməlisən. Ünsiyyətdə olmalısan ki, mükəmməlləşəsən.
Əvvəl Bakıdakı kurslara getməyə başladım. İngilis dili üzrə müxtəlif səviyyələri bir-bir adladım. Amma yenə də hansısa xarici ölkədə təcrübə keçməyə ehtiyac duyurdum. Görəsən harda? Tutaq ki, Amerikada. Bəs pulu hardan tapacaqdım? Anam müəllim, atam isə fəhlə. Dizayner maaşım da yolpuluma, siqaretə, müxtəlif kurslara, kitablara güclə çatırdı. Xarici kurslardakı müəllimlərim isə Londonu məsləhət görürdülər. Başladım müxtəlif təşkilatlara baş vurmağa. Amma ümid verən olmadı. İnternet vasitəsiylə Londonda üç aylıq dil kursları keçirən bir təşkilatla əlaqə yaratdım. Bir az pul toplayıb, borc-xərc edib axır ki, arzuma çatdım. Ölüm-zülm viza aldım. Təyyarəyə minib yola düşdüm.
Londonda balaca bir otaq kirayələdim. Mənə başa salmışdılar ki, orda siqaret bahadır. Ona görə nazik filtrli “Vogue” tədarükümü əvvəlcədən görmüşdüm.
Səhər tezdən yuxudan durar, tezcə nahar edib dərsə yollanardım. Kursda on beş nəfər idik. Millətləri müxtəlif idi. İspan, italyan, rus, macar, rumın, ərəb. İçərilərində azərbaycanlı tək mən idim.
Birinci dərsdən sonra tanış olmağa başladıq.
- Mən azərbaycanlıyam.
Başlarını buladılar. Gördüm ki, tanımadılar.
- Azərbaycan, Bakı.
- Hə,hə. Bakı. Yevrovijn. Deməli Bakılısan. Bəs səhərdən azərbaycanlı deyirdin. O nə deməkdir?
- Azərbaycanlı, yəni ki, milliyətim azərbaycanlıdır.
- İlk dəfədir ki, eşidirik.
Xaricilər məni başa düşmürdülər. Mən də özümü cırıb dağıdıb başa salmağa çalışırdım ki, bəs azərbaycanlıyam. Azərbaycanın Qafqazda yerləşdiyini izah edirdim. Erməni, gürcü adı gələndə üzləri gülür, azərbaycanlı adı eşidən kimi duruxurdular. Qəliz adam idilər. Başa düşmürdülər ki, düşmürdülər. Birdən atamın sözlərini xatırladım.
- Mən türkəm.
Bunu deməyimi gördüm. “Yes, yes, türkiş” deyə yerbəyerdən dilləndilər. Dərindən nəfəs aldım. Axır ki, bunları qandıra bilmişdim. Dərsdən sonra belə demək mümkünsə “yataqxana”ya qayıtmırdıq. Qrup halında şəhərə çıxırdıq. Mənə də, onlara da elə bu lazım idi. Ünsiyyət qurmaq, danışmaq, ingilis danışıq dilini mükəmməlləşdirmək.
Axşamlar isə barda yığışırdıq. Pivə içirdik, rəqs edirdik, əylənirdik. Yeni tanışlar tapırdıq. Gözəl qızlar çox idi. Səninlə içirdilər, rəqs edirdilər də, amma söhbət sevgi-məhəbbətə gedib çıxmırdı. Fransız, ispan, italyan gözəlləri qabağımda gəzirdi, amma ünsiyyət qura bilmirdim. Yox, danışırdılar, zarafatlaşırdılar, amma mən məşuqa məşuqə olmurdular. Düzü ürəyimi də açmağa qorxurdum. Nə deməliydim ki? “Mən sizi sevirəm”. Sevmirdim, axı? Sadəcə xoşum gəlirdi. Vaxt keçirmək istəyirdim.
Günlərin bir günü yenə bardaydıq. Pivə içir, rəqs edirdik. Siqaret çəkməyə dəhlizə çıxırdım. Amma bu dəfə çox içdim. Yadımdan çıxartdım ki, Londondayam. Azərbaycansayağı siqaret paçkasını cibimdən çıxarıb stolun üstünə qoydum,
yanına da telefonu. Bircə maşın açarları çatışmırdı. Birdən fransız gözəli üzünü mənə çevirərək:
- Namiq, sən geysən?
- Nə?
Bu nə sual idi? Bakıda olsaydıq bu sözü deyəni çoxdan boğmuşdum. Amma Londondaydıq. Bir də ki, heç bir səbəb olmadan, birdən-birə, üç gündür ki, tanıdığı mənə fransız gözəlinin bu sözü deməsi düzü maraqlı gəldi. Fransız gözəli isə sualı verib cavabını gözləyirdi. Görəsən nə cavab verim? Nə gic-gic danışıram. Əlbəttə deməliyəm ki, gey deyiləm. Bəlkə “gey sənin atondur” sözün də əlavə eləyim. Yox, ayıbdır. Sonra deyərlər ki, azərbaycanlılar nə mədəniyyətsiz adamdırlar. Söyüş söyürlər. Axı, mən təkcə özümü yox, xalqımı burda təmsil edirəm. Cavab vermək istəyirdim ki, fransız gözəli sualı bir də təkrar elədi. O biri kurs yoldaşlarım da gözlərini mənə zillədilər. Bəlkə deyim ki, geyəm. Görüm axırı nə olur. Qız soruşur da, oğlan deyil ki, nədənsə qorxum. Qoy bir az məzələnim bunlarla.
- Hə. Geyəm.
Bunu deməyimi gördüm. Qız rəfiqələrinin yanından durub oturdu yanımda. Oturmadı ye, yapışdırdı özünü mənə. Əlini çiynimə saldı, ayaqlarını ayağıma sürtməyə başladı. Özümü güclə saxlayırdım. Daxilən yanırdım. Amma biruzə vermirdim, təmkinimi saxlayırdım. Axı, mən onlar üçün gey idim. Bir azdan sırğa taxan, əzilib-büzülə-büzülə danışan italyan oğlan da sağ tərəfimə keçdi. O da ayağını ayağıma sürtməyə başladı. İşə düşmüşdüm də. Bilmirdim nə edim. Desəydim ki, “yox, zarafat eləyirdim. Mən gey deyiləm” fransız gözəlinin nəfəsindən, təmasından da məhrum olcaqdım. Ona görə də dözürdüm. Bir üzümdən fransujenka öpürdü, o birindən isə italyan erkək. Gecə saat birəcən barda olduq. Ordan çıxanda fransız gözəli dedi ki, məni evə ötür. O imkanlı olduğu üçün Londonun mərkəz hissəsində balaca bir otaq kirayələmişdi. Onu qapıyacan ötürdüm. Əlimdən tutub əl çəkmədi. “Gecdir. Bizdə qal. Səhər bir yerdə dərsə gedərik” dedi. Mən də dəm idim, qız da. Ayaq üstə güclə dururdum. Ona görə də razı oldum. Mənzilə girdik. Otaqda cəmi bir çarpayı vardı.
- İkimiz də burda yatacağıq? - deyə soruşdum.
- Hə. Nə problem var ki? Sən gey deyilsən ki?
- Geyəm. Geyəm.- deyə bir daha təsdiq etdim.
Qız gözümün qabağında paltarını soyundu. Hamam otağına girdi. Duş qəbul eləyib çıxdı. Fransız duxusunun ətri otağa yayıldı. Əyninə nə penuar geyindi, nə də pijama. Eləcə lüt sərələndi çarpayıya. Mənə də təklif etdi ki, yaxalanım. Dediyi kimi də elədim. Hamam otağından çıxdım. Gəlib uzandım yanına. Amma yuxuya gedə bilmirdim. Qız isə yatmışdı. Yaman çox içmişdi. Heç özündən xəbəri yox idi. Mən isə yuxuya gedə bilmirdim. Sadəcə onun gözəlliyinə tamaşa edirdim. Elə bil ki, moda jurnalını varaqlayırdım. Amma səhifələrə barmağım dəymirdi. Eləcə baxırdım, baxırdım. Az qalırdım ki, partlayım. Fransız gözəli isə sakitcə yatmışdı. Dünyadan xəbəri yox idi. Birdən məhləmizin tərbiyəsiz uşaqlarından birinin sözü yadıma düşdü. “Namiq, yüz dəfə baxmaqdansa...”. Bu sözü o deyəndə başına qapaz vurmuşdum. Amma bu dəfə özüm başıma qapaz-qapaz vura-vura qalmışdım ki, bu nə gündür axı düşmüşəm. Mən nə qələt eləyib dedim ki, geyəm. O da gey olduğuma görə etibar edib məni evinə buraxdı.Evinə yox e, çarpayısına. Özünü mənə etibar etdi. Etibar yox e, əmanət etdi. Əmanətə necə xəyanət edim? Axı mən azərbaycanlıyam. Namus-qeyrət məsələləri bizdə güclüdür. Avropadan da güclü. Cuvanəzən fransız qızına necə təcavüz edim? Bəlkə bakirədir? Yox, inanmıram. Avropada bakirə olanlara pis baxırlar. Beləcə iki saat da keçdi. Yenə də yuxuya gedə bilmirdim. Ya geyliyimə sadiq qalıb səhərəcən yatmamalıydım, ya da bu gözəlliyi yaxından görməyi mənə qismət edən geylikdən imtina edim türklər demiş “kəndimə qayıtmalıydım”. Sübut etməliydim ki, köhnə azərbaycanlıyam. Ən aşağısı, ən aşağısı məhləmizin tərbiyəsiz uşaqlarından biri. Özüm özümlə mübarizə aparırdım. Nə qədər çalışsam da özümü ələ ala bilmədim. Sonda kişiliyim geyliyimə qalib gəldi.
Səhər yuxudan oyandıq. Nahar elədik. Fransız gözəli dinib danışmırdı. Tərs-tərs mənə baxırdı. Dərsə yola düşdük. Yolboyu bircə bunu dedi: “Bəs deyirdin ki, geyəm”.
Dərsə çatdıq. Kurs qurtarandan sonra adətincə yenə şəhərə çıxdıq. Gözəl qrupumuz vardı. Şən idilər. Amma fransız gözəli məndən yan gəzirdi. Gecə olanları isə heç kimə demirdi. “Məni aldatdın, namusuma sataşdın” deyə qışqır-bağır da salmırdı. Düzü bunu gözləmirdim.Amma sonra yadıma düşdü ki, Bakıda yox, Avropadayam. Hərdən əyri-əyri süzürdü. İtalyan oğlan isə yanımı kəsdirmişdi. Amma dinmirdim. Mənə “gey”liyimi sübut etmək üçün lazım idi. Axı, qrupda digər gözəl qızlar da vardı. Onları da “fəth etməliydim”. Sanki mən balıqçıydım, ova çıxmışdım, gey italyan da mənim qarmağımdakı soxulcan.
Axşam bardan çıxanda ispan gözəli məni evə dəvət etdi. Səhəri gün isə italyan qızı. Üç ay Londonda qaldım. Bir gey kimi bütün millətlərdən olan Avropa qızlarının “dadına” baxdım. Londonda ola-ola Avropanı “gəzdim-gəldim”, fəth etdim. Əlbəttə ki, özümə gey deyə-deyə. Amma yenə də başa düşə bilmirdim ki, ilk dəfə fransız gözəli mənə niyə belə sual vermişdi. Axı, özümü gey kimi aparmırdım. Qulağımda sırğa yox idi. Qaşlarımı aldırmamışdım. Əzilə-əzilə danışmırdım.
Artıq üç ayımız başa çatdı. Aeroporta yola düşürdük. Dostcasına bir-birimizi qucaqlayıb öpdük. Koordinatlarımızı verdik. Fransız gözəliylə görüşəndə soruşdum.
- Sən onda mənə sual vermişdin a... ki, “geysən”? Niyə?
- Sən, Namiq, cibindən siqaret paçkasını çıxarıb stolun üstünə qoydun. Mən də gördüm ki, nazik filtr “Vogue” siqaretidir. Avropada nikotini, qətranı az olduğu üçün bu cür nazik filtrli siqaretləri qadınlar çəkir. Bir də ki, geylər. Ona görə.
Sualıma cavab tapmışdım. Amma geriyə Vətənə qayıdırdım. “Gey”liyimə burda son qomalıydım. Üç ay gey olmağımla “fəxr etmişdim” bəs idi. Necə deyərlər “həvəsdir bəsdir”.
Aeroporta gəldim. Təyyarəyə mindim. Dörd saatdan sonra artıq Bakıdaydıq. Bütün yolu məşq edirdim. Qorxurdum ki, çaşam, sonra bütün məhlədə hoydu-hoyduya götürələr. Ona görə də bütün yolu öz-özümə təkrar edirdim: “Mən gey deyiləm. Mən Namiqəm. Azərbaycanlı Namiq”.
Bakıya qayıdan kimi qalın filtrli siqaretə keçdim. Nazik sizqretləri isə zibilliyə tullamaq istədim. Amma birdən əl saxladım. Qoy qalsın,- dedim. Nə vaxtsa Avropaya gedəndə karıma gələr.