May ayının 30-da Milli Məclisin yaz sessiyasının növbəti və sonuncu plenar iclası keçiriləcək.
Bu dəfə də gündəliyə “Elm siyasəti haqqında” qanun layihəsi daxil edilməyib. Uzun müddətdir “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsinin ləngiməsi cəmiyyətdə müəyyən suallar doğurur. Çünki hələ 2011-i ildə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qanun layihəsinin komitə tərəfindən parlamentin müzakirəsinə təqdim olunacağını deyib. Ancaq bu müddət ərzində qanun layihəsinin müzakirəsinin uzanması səslənən iradlara bir az da haqq qazandırmış olur: Layihə niyə müzakirə olunmur.Maraqlıdır ki, Şəmsəddin Hacıyev mətbuata açıqlamalarında sənədin Milli Məclisdə qəbul edilməsi üçün heç bir maneənin olmadığını söyləyib. O, bu sənədin böyük maliyyə tutmlu olduğunu, buna görə də Maliyyə Nazirliyində məsələ ilə bağlı müzakirələrin aparılacağını da dilə gətirmişdi.
Onu da qeyd etməliyik ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bu sənədi təqdir etmir. Nəzərə alsaq ki, dövlətin elmlə bağlı bütün siyasətini “Elm siyasəti haqqında” qanun layihəsi özündə ehtiva edir, deməli, heç də bu, adi bir məsələ də deyil. Ona görə də təzadlı məqamların olduğuna diqqət çəkmək zəruridir.
Diqqət edək, dəfələrlə Elm və təhsil komitəsinin sədri Şəmsədin Hacıyev elmi titullara görə dövlət tərəfindən verilən vəsaitlə bağlı ümumi qərarın olmamasını ziddiyyətli məqamlar silsiləsinə aid edib. Görünür, ziddiyyətli məqamların olması “Elm siyasəti haqqında” qanun layihəsinin gündəliyə salınıb müzakirəyə çıxarılmasını əngəlləyir. Ona görə də layihə bu sessiyada da müzakirə edilmədi.
Namidə BİNGÖL