Modern. az saytı “Qarabağ fotolarda” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə də xəyalən də olsa, yolumuz Şuşayadır. Özü də düz 32 il bundan əvvəlin Şuşasına.
O vaxt Şuşanın sözün əsl mənasında şüşə vaxtları idi. Elə şəkildən də gördüyünüz kimi, hər tərəf şüşə kimi bərq vurur. Şəkildəkilər isə hamımıza yaxından tanış olan tarixçi-alim, Rəsulzadə Mərkəzinin rəhbəri Nəsiman Yaqubludur. Yanındakı isə “Şuşa ” qəzetində onunla bərabər təcrübə keçən tələbə yoldaşıdır. N. Yaqublu isə qeydlərində həmin vaxtları bu cür xatırlayır:
“Şuşanı növbəti dəfə 1982-ci ildə gördüm. “Şuşa” qəzetində təcrübə keçməyə göndərilmişdim. Qəribə bir həvəslə bu gözəl şəhəri gəzirdim, seyr edirdim. Şuşanın hər qarışı mənə doğma gəlirdi. Sanki bu torpaqda böyümüşdüm və getdikcə bir həqiqətin şahidinə çevrilirdim: Şuşanın hər evi, hər guşəsi bir tarixdir, xalqımızın yaşayan tarixi.
Bir dəfə şuşalı mühasib Mikayıl kişi bizi evinə qonaq aparmışdı. Oturub yenicə çay içmişdik ki, Mikayıl kişi dedi: “Bax, Sizin oturduğunuz bu ev müğənni Cabbar Qaryağdıoğlunundur”.
Şuşada hər getdiyin evdə bir maraqlı tarix yaşayırdı. Üzeyir Hacıbəylinin, Ceyhun Hacıbəylinin, Əhməd Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Bülbülün, Natəvanın nəfəsini yaşadan yerlər çox idi Şuşada”.
Elmin Nuri