Modern.az

“Bir çox teatr rəhbərləri yaxşı əsər yox, “yağlı” müəllif axtarır”- MÜSAHİBƏ

“Bir çox teatr rəhbərləri yaxşı əsər yox, “yağlı” müəllif axtarır”- MÜSAHİBƏ

Ədəbiyyat

24 May 2014, 10:40

Firuz Mustafa: “Mən istəməzdim ki, istedadlı gənclər kiminsə məddahına çevrilsinlər ”

Modern.az-ın müsahibi yazıçı-dramaturq Firuz Mustafadır.

- Azərbaycan ədəbiyyatında dramaturgiyaya marağın nəzm və nəsrə nisbətən az olduğunu görürük. Dramaturgiyamızı nələr və kimlər öldürür?

– Təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında dramaturqların sayı şair və nasirlərə nisbətən azdır. Dramaturgiya unikal, elitar janrdır. Yaxşı dramaturq olmaq üçün gərək bir neçə sahəyə bələd olasan. Ən azı teatrı bilməlisən. Burada hər şey bir az da memarlığı xatırladır: gərək hər “daşı ”, hər “kərpici” qoyanda, hər “naxışı” vuranda dəfələrlə ölçüb-biçəsən. Bu mövzuda söhbət düşəndə həmişə yarızarafat-yarıciddi deyirəm ki, min şairə bir dramaturq düşürsə bu, yaxşı haldır. O ki qaldı dramaturgiyanı nələrin və kimlərin “öldürməyinə”... belə bir ölüm gözlənilmir. Mən özüm Yazıçılar Birliyində Dramaturgiya sektorunun rəhbəriyəm və necə deyərlər, istedadlı dramaturq axtarışındayam. Bu sahəyə marağı, meyli olan gəncləri bölməmizə dəvət edirəm.

- Bir çox teatrların əsərlərinizə yer ayırmadığından şikayətçisiniz.

– Belə hesab edirəm ki, mənə qarşı hansısa xüsusi qadağa qoyulmayıb. Əgər kəmiyyətdən söhbət gedirsə, bizim teatrlarda əsərləri ən çox tamaşaya qoyulan dramaturq mənəm. Amma maneçiliklər, badalaqlar var. Hətta pyesimin repertuardan çıxarıldığı vaxtlar da olub. Mənim yazdıqlarım çox oynanılır, çox nəşr olunur. Amma elə pyeslərim var ki, teatrlar onları tamaşaya qoymaqdan boyun qaçırırlar. Bilirsinizmi, bir çox teatr rəhbərləri bəzən yaxşı əsərlər yox, “yaxşı”, bir az da başqa cür desək, “yağlı” müəllif axtarırlar. Sizə bir şey deyim, arabir saytlarda, qəzetlərdə, bir sözlə mətbuatda, teatr və dramaturgiyanın böhran keçirməsiylə bağlı fikirlər səslənir. O cümlədən məni də tənqid edirlər. Amma söhbət əsnasında məlum olur ki, bu “tənqidçilər” heç tamaşalara baxmırlar, teatr haqqında təsəvvürləri də bəsitdir. Hər şeyə, hamıya qara yaxmaq, çirkab atmaq bəziləri üçün bir peşəyə çevrilib. Məni təəccübləndirən həm də budur ki, bu qarayaxalar arasında rejissorlar da var. Onlar da bəzən dramaturji materialın qıtlığından şikayət edirlər. Bu, əsassız söhbətdir. Mən belələrinə həmişə üz tutub deyirəm ki, sizi müasir əsərlər qane etmirsə, onda klassiklərə müraciət edin. Yox, əgər bizim dramaturqları bəyənmirsinizsə, onda xarici ölkələrin dramaturgiyasına müraciət edin. Hansı əsəri tamaşaya qoymusuz ki, anşlaqla keçsin? Varmı belə bir tamaşa? Varsa mənə də deyin, xəbərim olsun. Ümumiyyətlə, teatrlarda böyük islahatlar aparmağa ehtiyac duyulur.

Məsələn, nəyi dəyişmək lazımdır?

– Təxminən otuza yaxın teatr fəaliyyət göstərir. Aktyor və rejissorlar gizlində maaşlarının azlığından şikayət edir. Fakt budur ki, teatrlar büdcədən, dövlətdən asılı vəziyyətdədir. Amma başqa mənbələr də tapmaq lazımdır. Vaxtilə yazmışam, yenə xatırlatmaq istəyirəm: bəzi teatrları imkanlı nazirliklərin sərəncamına vermək olar. Axı dünya teatr təcrübəsində bu cür hallar da var. Mən həmişə demişəm, yenə deyirəm: teatr muzeyə oxşamamalıdır, dinamik, coşqun, qaynar bir ocaq olmalıdır.

Əsərlərinizin səhnələşdirilməsinə mane olan teatr rəhbərləri bu gün kimə çox zərbə vurur – Azərbaycan teatrına, yoxsa şəxsən Firuz Mustafaya?

– Bu cür teatr rəhbərləri o qədər də çox deyil. Amma onu da istisna etmirəm ki, belələri var, həmişə də olub. Mən şəxsi ambisiyalarla yaşayan adam deyiləm. Bəli, əsərlərimin repertuardan çıxarıldığı, sifarişlə tənqid olunduğu, üstümə hücumların təşkil olunduğu vaxtlar olub. Amma öz yolumla gedirəm. Əslində mənim yaradıcılıqdan umduğum elə də çox şey yoxdur. Mən özümü yazıram. Çünki mən bu xalqın və bu tarixin bir hissəsiyəm.

– Teatrlarda yüksək vəzifə mövqeli dramaturqların pyesləri səhnələşdirilir. Onların əsərləri də yüksək mövqelidir ya ortada başqa məqamlar var?

– İstedadı olan hər kəs bu sahəyə müraciət edə bilər. Mədəniyyət sahəsində inhisarın yaranmasına yol vermək olmaz. Təəssüf ki, belə bir meyl hiss olunur. İstedad tanrı vergisidir. Bu, bizim milli sərvətimizdir. Bu sərvəti qorumalıyıq. Bizdə hələ də mədəniyyətin böyük strateji mahiyyət daşıdığını dərk etməyən “mədəniyyət xadimləri” var. Nə yazıqlar ki, bəzən istedadların yolunu münbit zəmin yox, adi məmurlar müəyyən edir. Həm də söhbət təkcə teatrdan və ya dramaturgiyadan getmir. Mən çox istedadlı adamların həyatının necə tar-mar olduğunu görmüşəm. İstedadlar həmişə qürurlu, kövrək, emosional olurlar. Onlara kömək etmək lazımdır. İstedadsızlarınsa yeganə “istedadı” bütün dövrlərdə həyatın nəbzini tutmaq, başqalarının haqqını tapdayıb özünə “haqq” qazandırmaq olub.

 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi