Azərbaycanın sürətli inkişafı və dövlət başçısı haqqında xarici ölkələrdə nəşr olunan kitablar getdikcə ənənə halını alır. Mayın 20-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü yeni nəşrlər haqqında maraqlı fikirlərlə yadda qaldı. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü zirvə toplantısında görkəmli dövlət xadimi Heydər Əliyev haqqında çıxan kitabla bağlı Cin rəhbəri Si Cinpin ürək sözlərini belə dilə gətirdi:
“Sizin atanızı ayrıca xatırlatmaq istəyirəm. Çin xalqı ona dərin hörmət bəsləyir. Hörmətli prezident Heydər Əliyev haqqında kitab, habelə “Çin azərbaycanlıların gözü ilə” məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur”.
Si Cinpin fikirlərinə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xüsusi təşəkkürünü bildirdi: “Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndirik və buna görə Sizə çox təşəkkür edirik”.
Çin dilində “Görkəmli adamların həyatı” seriyasından olan Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabda Azərbaycan haqqında çoxlu maraqlı məqamlar var. Kitabda Heydər Əliyevin xalqımız və ölkəmiz üçün əvəzolunmaz işləri incəliyinə qədər siyasi-publisisitk dildə yazılıb.
Kitabın müəllifi millət vəkili, yazıçı - dramaturq Hüseynbala Mirələmov nəşrin çin dilində versiysı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb:
“Təqribən, 6 ay bundan qabaq Azərbaycan nümayəndə heyətinin tərkibində Çində səfərdə oldum. Bizi yüksək səviyyədə qarşıladılar. Görüşdə Çinin yüksək rütbəli adamları və prezident aparatından olan nazirlər iştirak edirdi. Ulu Öndər Heydər Əliyev haqqında məşhur kitabımı çin dilinə tərcüməsi və çapı Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilovun səyi və təşəbbüsü nəticəsində başa gəlmişdir. Doğurdan da kitabımın çin dilində nəşrinin yaxşı qarşılanmasına görə çox sevinirəm. Dünyanın fövqəldövlətinin rəhbəri kitab haqqında xoş sözlərini dedi və möhtərəm prezidentimiz cənab İlham Əliyev də minnətdarlığını bildirdi. Kitabın ikinci böyük əhəmiyyəti odur ki, dünya oxucusuna təqdim olunur. Artıq həmin kitab dünyanın 32 aparıcı dilinə tərcümə olunub. Hazırda Yunanıstanda yunan dilinə tərcümə olunur. Bir neçə aydan sonra Yunanistanda kitabın yunan dilində təqdimatında iştirak edəcəyik...”.
Yazıçı-dramaturq Hüseynbala Mirələmov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında ərəb dilində çıxan yeni kitabı haqqında da fikirlərini bölüşüb:
““Görkəmli adamların həyatı” seriyasından “İlham Əliyev-Bioqrafiya davam edir...” kitabı da artıq 5 dilə tərcümə olunub. Dünən səhər saatlarında Küveytdən qayıtdıq. Mayın 18-dən 22-dək bu zəngin ərəb dövlətində səfərdə olduq. Mayın 21-də Küveytin mərkəzi “Əl-Baraka Grand Ballroom” konfrans və ziyafətlər zalında “İlham Əliyev-Bioqrafiya davam edir...” kitabının təntənəli təqdimat mərasimi keçirildi. Qeyd edim ki, kitab Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə “Suad Əl-Sabah” nəşriyyat və yayım evində nəfis tərtibatla işiq üzü görüb.
“İlham Əliyev - Bioqrafiya davam edir…” kitabının təqdimat mərasimi yüksək səviyyədə keçdi.
Təqdimat mərasimirdə Küveytin dövlət və hökumət nümayəndələri, hakim ailənin üzvləri, parlamentin deputatları, ölkənin tanınmış ictimai-siyasi xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, jurnalistlər, burada yaşayan həmvətənlərimiz iştirak edirdi.
Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Tural Anar oğlu Rzayev təqdimat mərasimində çıxış edərək səfirliyin təşəbbüsü və dəstəyi ilə çap olunmuş kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Sonra mən görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə ətraflı məlumat verdim. Eyni zamanda, kitabda Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, füsunkar təbiəti barədə məlumatların yer aldığını mərasim iştirakçılarının diqqətinə çatdırdım. Bu kitabın ərəb dilinə tərcümə olunmasını və Küveytdə çap edilməsi Azərbaycana verilən yüksək qiymətdir. Belə ki, bu kitab Küveytdə bir xarici dövlət başçısı haqqında çap olunan ilk əsərdir.
Həmin əsərin daha əvvəl türk, rus, gürcü və ukrayn dillərinə də tərcümə edilmişdir.
Onu da qeyd edim ki, “Görkəmli adamların həyatı” çox məşhur seriyadır. Rus dilində “JZL” deyirlər. “Molodoya qvardiya” nəşriyyatının dünya şöhrətli brendidir. Bu nəşriyyatında “Görkəmli adamların həyatı” seriyasında kitabları nəşr olunan ilk azərbaycanlı müəllif mən olmuşam. Mənim həmin nəşriyyatda 3 kitabım çıxıb. “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə Əliyeva”. Bunlar çox ürəkaçan və sənədli ədəbiyyatda qazandığım yaradıcılıq uğurlarımdır. Mənim üçün ən böyük mükafat odur ki, həmin kitablar dünyada yaşayır, Azərbaycanı tanıdır və sevilə-sevilə oxunur”.
Namidə BİNGÖL