AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
XX əsrin əvvəllərinə qədər «Azərbaycan» anlayışı daha çox iki mənada işlədilmişdir: 1. Tarixi-siyasi Azərbaycan (Atropatena, Atropata məxsus ölkə, türklərin yurdu, eləcə də orta əsrlərdə Azərbaycan vilayəti, Azərbaycan ölkəsi və b.); 2. Təbii-coğrafi Azərbaycan (odlar yurdu, od saxlanan yer, atəşpərəstlərin ölkəsi, od qoruyucusu, yüksək və böyüklərin yeri və b.).
Hələ orta əsr tarixçilərindən bir qismi (X.Karki, Y.Həməvi və b.) bu sözün ilk mənşəyini yunan-romalı sayaraq İran-fars dilləri əsasında izah etməyə çalışmışlar. Onlara görə, Atropatena sözü Əhəmənilərin canişini olmuş Atropatın adından törəmiş və «Atropata məxsus (olan yer, ölkə)» mənasını verərək indiki Azərbaycan adının ilkin forması olmuşdur. Azərbaycan adının bu izahı Strabonun «Coğrafiya»sındakı yazıya, yəni yunan-roma coğrafiya düşüncələrinə uyğundur. İilk dəfə Strabon Manna ərazisinin sonrakı adı olan «Kiçik Midiya»nı Atropatena adlandırarkən, vaxtilə Atropatın burada canişin olduğunu əsas götürmüşdür. Deməli, bu qrup tədqiqatçılar «Azərbaycan» sözünü antroponim, qismən də etnonim mənada yozmuşlar: «atropat» ya tayfa rəhbərinin, ya da tayfanın adı olmuşdur.
Orta əsrlərdə başqa qrup tarixçilər (Təbəri, H.Qəzvini və b.) isə, bu adın ölkədəki atəşgah, od anlayışları ilə bağlı olaraq yarandığını yazmışlar. Təbəri, H.Qəzvini və b. müəlliflərə görə «azər», «atr»-pəhləvi dilində od, atəş «pat»-qoruyucu, «qan» isə yerbildirən şəkilçidir. Adın ikinci kökü Əzərbaz/Azərabad adlı peyğəmbərlik iddiasında olan birisinin (Nuhun oğlu Azərin) od məbədi tikdirməsi ilə bağlıdır. Qeyd edək ki, Orta çağda «Azərbaycan» sözünün yad dillərdə izahı yeganə olmamış, Azərbaycan türk tarixçilərindən F.Rəşidəddin (XIII-XIV əsr), M.H.Xələf-ət Təbrizi (XVII əsr) və b. isə tarixi əsərlərində bu anlayışı yerli dildə – türk dilində izah etmişlər. F.Rəşidəddinə görə, «Azərbaycan» adının yaranması əfsanəvi Oğuz xanla bağlıdır. Oğuz xan Azərbaycanda məskunlaşdıqdan sonra əmr edir ki, hərə bir ətək torpaq gətirərək təpə yapsınlar: ««Azər» türkcə uca deməkdir, bayqan varlıların, böyüklərün yeri mənasını verir (Bu ölkə belə adla tanındı və elə buna görə də bu gün Azərbaycan adlanır)». Bütövlükdə, «Azərbaycan» sözünü yad dillərdə izah edən ikinci qrup alimlər bu anlayışı oykonim (yun., yurd, məskən), yəni təbii-coğrafi faktorla bağlamışlar.
İstər orta əsrlərdə – Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövrlərində, istərsə də, çar Rusiyası dövründə bəzi hallarda, hər iki coğrafiyanın – Şimali və Cənubi Azərbaycanın birlikdə «Azərbaycan» adlandırılmasına rast gəlirik. Xüsusilə Şimali Azərbaycan çarizm dövründə «Qafqaz», «Zaqafqaziya» və yaxud da quberniyaların adı ilə yanaşı, «Azərbaycan» kimi də anılmışdır. XIX əsrdə Şimali Azərbaycanda olmuş çar Rusiyasının komandanları, məmurları, mütəfəkkirləri (Sisyanov, Paskeviç, İ.Qudoviç, A.Qriboyedov, V.Krivenko və b.) bu ərazini «Adzerbeydjan», «Adzerbidzam», «Aderbidjan» və s. kimi yazmışlar. Bir çox hallarda yerli əhalinin milli mənsubiyyəti «Azərbaycan tatarları», dili isə türk-tatar dilinin «Azərbaycan ləhcəsi» adlandırılmışdır.
Çar Rusiyasının təbliğatı nəticəsində bəzi mütəfəkkirlərimiz də (A.A.Bakıxanov, M.Kazım bəy və b.) bu anlayışlardan istifadə etmişlər. Belə ki, XIX əsrdə yerli alimlər «Azərbaycan» sözünün izahı ilə bağlı iki mülahizə irəli sürmüşlər. A.A.Bakıxanov və H.Z.Şirvani «Azərbaycan» sözünü fars dilində izah edərək onu atəşpərəstlik, atəşgahla, hətta Babəkin adı bağladıqları halda, Mirzə Kazım bəy isə, onlardan fərqli olaraq bu anlayışın «odlar yurdu» mənasına qarşı çıxmışdır. Onun fikrincə, «Azərbaycan» sözü farscaya aid olmayan Şimali Midiya xalqının dilində yazılmış «Avesta»dakı «Arien-Vecd» vilayətinin adı ilə bağlıdır. Deməli, M.Kazım bəy Bakıxanov və H.Z.Şirvani tərəfindən «Azərbaycan» anlayışı ilə bağlı qəbul edilmiş «qədim ənənəni» – bu sözün farsca izahını inandırıcı saymayaraq onun farslara aid olmayan «milli» varinatını irəli sürmüş və bu sözü təbii-coğrafi anlam kimi qəbul etmişdir.
XX yüzilliyin əvvəllərindən başlayaraq isə «Azərbaycan» anlayışı, yurdumuzun şimalında əvvəlcə siyasi-ideoloji, sonralar isə, həm siyasi-ideoloji həm də etnik məna daşımağa başlamışdır. Xüsusilə, «Azərbaycan» anlayışının «Azərbaycan dili», «azərbaycanlı», «Azərbaycan milləti» və s. kimi etnik məna daşıması həm düşündürücü, həm də maraqlıdır. «Azərbaycan» sözünün siyasi-ideoloji və etnik məna daşıması qismən XIX əsrin sonu və əsasən XX əsrin əvvəllərindən başlamışdır. Xüsusilə 1918-ci ildə çar Rusiyasının müstəmləkəsi olmaqdan xilas olaraq, öz müstəqilliyini elan etmiş Qafqaz dövlətlərindən birinin «Azərbaycan» adlanması bu anlayışa olan marağı son dərəcə yüksək səviyyəyə qaldırmışdır. 1918-ci ilə qədər «təbii-coğrafi», yaxud da «tarixi-siyasi-coğrafi» məna daşıyan, daha çox bu yöndə elmi mübahisələrin obyekti olan «Azərbaycan» anlayışı, bu dövrdən etibarən siyasi-ideoloji və etnik müstəviyə keçmişdir.
Ümumiyyətlə, XX əsrdə «Azərbaycan» sözünün siyasi-ideoloji və etnik mənada izahı aşağıdakı üç mərhələdən keçmişdir:
1. XIX əsrin sonu – XX əsrin əvvəllərindən 1936-cı ilədək;
2. 1937-ci ildən 1991-ci ilədək;
3. İstiqlalımızın bərpasından (1991) bu günədək.
İlk mərhələdə – XIX əsrin sonu, XX əsrin əvvəllərində «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət bir qədər dəyişmişdir. Belə ki, bu dövrdə bəzi ziyalılarımız (Ünsizadə qardaşları, M.Şahtaxtlı, F.B.Köçərli, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli və b.) «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atmışlar. XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, Zaqafqaziya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: «Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud aderbedcanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı».
«Azərbaycan» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş vermişdir. Bu dövrdə «Azərbaycan» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlanmışdır. Əvvəlki mənalardan fərqli olan «Azərbaycan» sözünün yeni məna kəsb etməsinə başlıca səbəb isə, 1918-ci ildə Cənubi Qafqazda qurulan dövlətlərdən birinin «Azərbaycan Cümhuriyyəti» adlandırması olmuşdur. Bununla əlaqədar Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu M.Ə.Rəsulzadə yazır: «I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilirdi. Hərbdən və böyük Rusiya inqilabından sonra dillərdə dolaşan Azərbaycan hazırda Azərbaycanın şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər». Deməli, «Azərbaycan», «azərbaycanlılar» anlayışları yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi-siyasi» və «təbii-coğrafi», yaxud da coğrafi məkan, vilayət, əyalət və s. anlamlarından kənara çıxaraq siyasi-ideoloji mənada milli ideologiya səviyyəsinə qədər yüksəlmişdir. «Azərbaycan» anlayışının milli ideyalardan birinə çevrilməsi nəticəsində də «Azərbaycan milləti», «Azərbaycan türk milləti», «azərbaycanlı», «Azərbaycan xalqı», «Azərbaycan türk dili», «Azərbaycan türk dövləti» və b. istilahlar istər ölkə daxilində, istərsə onun xaricində müəyyən status qazanmağa başlamışdır.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımıdır ki, 1918-ci ildə yeni dövlətin «Azərbaycan» adlandırılması istər ölkə, istərsə də ondan kənarda etirazlara səbəb olmuş, xüsusilə Azərbaycan türk burjuaziyasını təmsil edənlər buna qarşı çıxmışdılar. Sonuncular hesab edirdilər ki, gürcülər və ermənilər millətlərinin adlarına uyğun olaraq ölkələrinə Gürcüstan və Ermənistan ismi verdikləri halda, türklərin dövlətlərinə «Azərbaycan» adı verilməsi doğru deyil. Onlara görə, «Azərbaycan» ismi türk mənsubiyyətini ifadə etmirdi. Türk ziyalıları, türk burjuaziyası yeni dövlətin Cənubi Qafqaz Türk Cümhuriyyəti adlandırılmasını təklif edirdilər. Hətta xalq arasında belə bir fikir də yayılmışdı ki, yeni dövlətə «Azərbaycan» adını verənlər bəlkə özlərini İrana bağlamaq istəyirlər. Buna səbəb isə, o zamana qədər «Azərbaycan» adının daha çox İranın siyasi-inzibati vilayətlərindən biri kimi çəkilməsi idi. Bu baxımdan Əmin Abid yazırdı ki, 1918-ci ildə Cənubi Qafqaz Seymində təmsil olunan türklərin gürcülər və ermənilərdən fərqli olaraq ölkələrinə verdikləri «Azərbaycan» adı millətin adına uyğun olmamışdır: «Ancaq bizdən daha irəli görüşlü olan qonşularımız hadisəyə millət açısından yaxınlaşaraq doğru bir tanımlamayla öz ölkələrinə Gürcüstan və Ermənistan adını verdikləri halda, türk üzvlər hökümətimizin adıyla ilgili fərqli bir görüş ortaya qoydular. Seymdəki türklər hökümətimizə Azərbaycan adını vermişlərdir».