Modern.az

Müəllim özünü o zaman xoşbəxt və şərəfli sayır ki…

Müəllim özünü o zaman xoşbəxt və şərəfli sayır ki…

25 May 2014, 20:48

Müəllim özünü o zaman xöşbəxt və şərəfli sayır ki, təhsil verdiyi, yetişdirdiyi şagirdləri cəmiyyət üçün dəyərli vətəndaş olurlar. Müəllimə verilən ən dəyərli qiymət isə uzun illər keçdikdən sonra şagirdləri ilə görüşəndə onlardan yenə də yaşlarından asılı olmayaraq eyni münasibəti, eyni rəğbəti, ehtiramı görməkdir. Elə Nazim müəllimin də 35 illik pedaqoji fəaliyyətinin ən böyük qazancı budur.

Hələ sovetlər dönəminin 70-80-ci illərində kənd məktəblərində kadr çatıçmazlığı, ixtisaslı müəllim azlığı olanda, əksər gənc mütəxəssislərin şəhərlərə üz tutduğu bir vaxtda yenicə institutu bitirmiş Nazim müəllim şəhərdə qalıb işləmək imkanlarına baxayaraq kənd məktəbinə üz tutub. Zəngin pedaqoji ənənlərə malik Şuşa rayon Malıbəyli kənd orta məktəbi gənc müəllimin ilk iş yeri olub. Şəhər adamının kənd mühitinə uyğunlaşma cətinliyi, bir müddət hər gün Xankəndi şəhərindən Malıbəyli kəndinə gedib qayıtmaq və nəhayət sonralar, artıq 1988-ci ildən başlayan Qarabağ hadisələri, günün birinci hissəsini məktəb siniflərində, ikinci hissəsini kəndin müdafiəsi üçün qurulmuş keşikçi məntəqələrində keçirmək Nazim müəllimi bu təhsil ocağından ayıra bilməyib. Torpaqlarımızın, doğma yurdunun itkisini özünə ən böyük itki sayan Nazim müəllim həmin ağrılı-acılı günləri məhz bu məktəbin müəllimləri və şagirdləri ilə birgə yaşayıb. Qısa bir fasilədən sonra məktəb öz fəaliyyətini Bakıda davam etdirib.

Ömrünün bir qərinəsini bu məktəbə bağlayan Nazim müəllimin ən böyük arzularından biri öz təhsil aldığı məktəbin, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbin fəaliyyətinin bərpa olunması istəyi olub. Onun bu arzusu 2012-ci ildə ildə gerçəkləşib. 25 illik fasilədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə məktəbin yenidən fəaliyyətə başlaması təkcə Nazim müəllim üçün deyil, bütün xankəndililər üçün əlamətdar hadisə olub. Məktəbin səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi üçün yeni bina da tikilib. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi 1945-ci ildən fəaliyyət göstərib. Bu məktəb Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verməklə yanaşı, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb.

Hazırda Nazim müəllim həmin məktəbin direktoru vəzifəsini daşıyır. Bu gün ömrünün 57-ci baharına qədəm qoyan Nazim Xudiyev gənclik illərində olduğu kimi xankəndililərin təhsili üçün bilik və bacarığını əsirgəmir.

İlin bütün günlərində olduğu kimi doğum günü ərəfəsində də Nazim müəllimin bir arzusu var. Tez bir zamanda doğma məktəbləri öz fəaliyyətini Xankəndində davam etdirsin. Bu təkcə onun arzusu deyi. Bu həm də dünyanın ağını qarasından hələ çox da seçməyən, bəzən kədərli baxışları ilə Nazim müəllimə səsləndirməyə ehtiyac olmayan lal suallarla müraciət edən xankəndili uşaqların arzusudur...

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi