AMEA Fəlsəfə və Hüquq İnstitutunun
böyük elmi işçisi, dosent,fəlsəfə üzrə
fəlsəfə doktoru
Azərbaycan Cumhuriyyətinin ideoloqları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, yeni dövlətə «Azərbaycan» adının verilməsini isə üç faktorla izah etmişlər: 1) İranın şimal-qərbində məskunlaşmış türklərin yaşadıqları coğrafiya adı Azərbaycandır; 2) Cənubi-şərqi Qafqazda yaşayan türklərlə, İranın şimal-qərbində yaşayan türklər (dil, din, etnik, mədəni və sosial baxımdan) eynidir; 3) Cənubi-şərqi Qafqazda türklərin yaşadıqları coğrafiya da Azərbaycan adını daşımışdır.
Burada iki önəmli məsələ ortaya çıxır: 1. Türklərin yaşadıqları İranın şimali-qərbi ilə Qafqazın cənubi-şərqi tarixi-coğrafi baxımdan «Azərbaycan» adlanması; 2. İran Azərbaycanı və Qafqaz türklərinin dil, din, etnik, mədəni və sosial xüsusiyyətlər baxımından eyniliyi. Buradan da belə bir nəticəyə gəlmək olur ki, cümhuriyyət ideoloqları, o cümlədən M.Ə.Rəsulzadə yeni dövlətə «Azərbaycan» adı verməklə ilk növbədə «tarixi-coğrafi» və «siyasi-inzibati» amili göz önünə almışlar. Yəni onlar dövlətlərinə həm qədim tarixi-coğrafi, həm də böyük bir siyasi-inzibati coğrafiyanı əhatə edən ad veriblər. Ancaq bu, məsələnin görünən tərəfi idi. Əslində, bu zaman cümhuriyyət ideoloqlarının qarşısında bir neçə məsələnin həlli dayanmışdı. Şübhəsiz, əsas hədəflərdən biri, bəlkə də birincisi Qacarlar dövlətinin (İndiki İranın) ən böyük siyasi-inzibati vilayətlərindən biri Azərbaycan olmuşdur. Cümhuriyyət ideoloqlarının cənubi Azərbaycan türkləri ilə Qafqaz türklərinin eyni kökə, dilə, mədəniyyətə bağlı olduqlarını da açıq şəkildə söyləməsi bunu bir daha ortaya qoyur. Deməli, Cümhuriyyət ideoloqları tərəfindən yeni dövlətə «Azərbaycan» adının verilməsi, nə zamansa İran türkləri ilə Qafqaz türklərinin Azərbaycan adlı dövlətdə birləşməsi, bütövləşməsi ideyası ilə bağlı olmuşdur.
Fikrimizcə, Cümhuriyyət ideoloqlarının yeni dövlətə «Azərbaycan» adını vermələrində ikinci hədəfləri dövlətçilik ənənələrinin bərpası və dövlətçilik ideologiyasının yaradılması ilə bağlı olmuşdur. Belə ki, «Azərbaycan» ismi milli mənsubiyyəti bildirməsə də (o zaman hələ, «Azərbaycan» sözünün hər hansı dildə – farsdilli, türkdilli və s. izahı mübahisə obyektinə çevrilməmişdi), dövlətçilik ənənəsi baxımından çox vacib sayılmışdır. Bir sözlə, «Azərbaycan» adı bu ərazilərdə - İranın şimal-qərbi və Qafqazın cənubunda vaxtilə mövcud olmuş dövlətlərlə (Atropatena, Albaniya, Sacilər, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b.) yeni dövlət arasında bir bağlılıq olmalı idi. Deməli, «Azərbaycan» adı qədim dövlətçilik ənənələrini ifadə etmək, eyni zamanda milli dövlətçilik ideologiyasını yaratmaq naminə yeni dövlətə verilmişdir. Bununla da, milli mənsubiyyəti ifadə edən «türkçülük» ideyası ilə yanaşı, milli dövlətçiliyi ifadə edən «Azərbaycan» ideyası yaranmışdır.
Cümhuriyyət ideoloqları, başda M.Ə.Rəsulzadə olmaqla yeni dövlətə «Azərbaycan» adı verməklə millətçilik-türkçülük və dövlətçiliyi-azərbaycançılıqı uzlaşdırmağa çalışmışlar. Məsələn, M.Ə.Rəsulzadə yazır ki, bu Cümhuriyyət Azərbaycan adlansa da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Deməli, «Azərbaycan» sözü dövlətçilik ideologiyası ilə bağlıdır, ancaq ölkənin adının nə cür adlanmasından asılı olmayaraq əslində bu dövlət türk dövləti, türk hökumətidir. Görünür, M.Ə.Rəsulzadə «Azərbaycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işlətmişdir. M.Ə.Rəsulzadə yazırdı ki, Rusiyada yaşayan Qafqaz müsəlmanlarını «türk», ölkələrini «Azərbaycan» kimi qəbul etdirmək qazanılmış bir dava idi. Onun fikrincə, «Azərbaycan» sözü artıq xalqın düşüncəsində də coğrafi mənadan ideoloji mənaya çevrilmişdir.
Yeni dövlətə «Azərbaycan» adının verilməsində üçüncü hədəf Azərbaycanın sayca üstün milləti olan türklərlə, şimallı-cənublu Azərbaycanda yaşayan bütün azsaylı etnosların bir ideya altında birləşdirmək və onların bir ideologiyaya – milli dövlətçiliyə xidmət etməsinə nail olmaq idi. Çünki «Azərbaycan» adı yalnız türklərin deyil, başqa azsaylı etnik qrupların da qəbul etdiyi bir anlayış idi ki, bu da məhz «Azərbaycan» ideologiyasına xidmət etməli idi.
Ancaq bu dövrdə (1918-1920) də, gələcəkdə də (1930-cu illərin sonuna qədər) bütün hallarda «Azərbaycan milləti», «Azərbaycan dili», «Azərbaycan dövləti», «azərbaycanlı» istilahları birmənalı şəkildə «türk milləti», «türk dili», «türk dövləti», «türk» anlayışlarının sinonimi kimi ifadə olunur və əsasən «türk» məfhumu vurğulanırdı. Yəni «Azərbaycanlı» demək «Türk» deməkdən, «Azərbaycan milləti» demək «Türk milləti» deməkdən və s. başqa bir məna ifadə etməmişdir. Bu baxımdan həmin dövrdə «Azərbaycanlı» sözü bir tərəfdən və başlıca olaraq «Türk» sözünün sinonimi kimi, başqa tərəfdən isə türklərlə yanaşı Azərbaycanda yaşayan digər etnik qrupları – bir dövlətin vətəndaşları kimi ifadə etmək baxımdan işlədilmişdir. Yəni 1930-cu illərin sonlarına qədər «Azərbaycan» sözünün etnik mənada yozumu gündəlikdə olmamış, «Azərbaycanlı» anlayışı Türk, yaxud da Azərbaycan Cümhuriyyətinin vətəndaşı anlamında başa düşülmüşdür.
Məhz buna görə də, Sovet Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etməsinə baxmayaraq xalqın adından türk, dilindən türk dilini 20 ilə yaxın bir müddətdə rəsmi və qeyri-rəsmi şəkildə silə bilməmiş, daha doğrusu buna, cəsarətləri çatmamışdır. 1937-ci ilə qədər Azərbaycan dövlətinin dili türk, sayca əsas milləti türk adlanmış və Şimali Azərbaycan istər Sovetlər Birliyində, istərsə də dünya ölkələri tərəfindən bir türk ölkəsi kimi qəbul edilmişdir. Başqa sözlə, Azərbaycan Cümhuriyyətini quranlar da (M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli, H.Ağayev, Ü.Hacıbəyli, S.Mehmandarov, Ə.Şıxlinski və b.), Rusiyanın işğalından sonra Azərbaycanda hakimiyyətə gəlib bu ölkəni idarə edənlər arasında olan azərbaycanlı bolşeviklər də (N.Nərimanov, Ə.Qarayev, S.Ağamalıoğlu, Ə.Xanbudaqov, S.M.Əfəndiyev və b.) siyasi məsələlərdə bir-birinə zidd dünyagörüşünə malik olsalar da, Azərbaycanın bir türk dövləti, millətinin türk, dilinin türk dili olması məsələsində birmənalı şəkildə həmrəy olmuşlar. Burada adını çəkdiyimiz və çəkmədiyimiz dövlət xadimləri, ziyalılar, yazıçılar və b. öz etnik mənsubiyyətlərini, dillərini, yurdlarını türk olaraq göstərmişlər. Ancaq bir türk olaraq, türklüyün sinonimi və başqa, soykökcə qohum türk millətlərindən fərqləndirmək, bütün etnik qrupları özündə ehtiva etmək və ən əsası milli dövlətçilik ideologiyası baxımından «Azərbaycan dövləti», «Azərbaycan xalqı», «Azərbaycanlı» anlayışlarından da istifadə etmişlər.
Doğrudur, 1920-ci ildən sonra «Azərbaycan» sözünün mənasına maraq daha da artmış və elmi müzakirə obyektinə çevrilmişdir. Lakin 1920-1937-ci illərdə yerli və əcnəbi tədqiqatçılar «Azərbaycan» sözünə etnik məna verməkdən qaçmış, onu daha çox «təbii-coğrafi» və «tarixi-coğrafi-siyasi» mənalarda izah etməyə çalışmışlar. Bu dövrdə «Azərbaycan» sözünü «təbii-coğrafi» mənada zərdüştilik, atəşpərəstlik, eləcə də «tarixi-coğrafi-siyasi» anlamda Atropatena anlayışı ilə əlaqələndirmək ən geniş yayılmış variantlardan olmuşdu. 1921-ci ildə Məmmədhəsən Vəliyev yazırdı ki, «Azərbaycan» sözünün kökü olan «Azər» qədim fars, zənd, pəhləvi, erməni, gürcü dillərində «od», «baycan» isə abad-abadlaşmış, parıltı, işıltı deməkdir. Onun fikrincə, başqa variantda «Azərbaycan»ın adının Midiya satrapı Atropatın adından götürüldüyü bildirilir ki, bunu nə təsdiq, nə də inkar etmək mümkün deyil. Daha inandırıcı görünən fikir isə, «Azərbaycan» adının Zərdüştlə, onun işıq və od təlimi ilə sıx şəkildə bağlılığıdır.
M.H.Vəliyevin mülahizələri ilə təqribən eyni mövqedə olan Yusif Vəzir Çəmənzəminli qeyd edirdi ki, qədim yunan və Roma mütəfəkkirləri «Atropaten»a anlayışını qəbul edirlər. Onun fikrinə görə, «Azərbaycan» sözü ya İbn əl-Muqəffanın dediyi kimi Azərbaz bin Əsud bin Sam bin Nuh və yaxud Azərbaz bin Bivərasəfin adı ilə bağlıdır, ya da «Azər» pəhləvicə «od», «Baykan» «saxlayan» mənalarını verdiyi üçün «Atəşxana» və «Atəşgədə» mənalarına gəlir.
Gördüyümüz kimi, 1937-ci ilə qədər SSRİ və Azərbaycan tarixində «Azərbaycan» sözünün etnik mənada yozumu ciddi şəkildə nəzərə çarpmamışdır. Bu dövrə qədər «Azərbaycan» sözü özündən əvvəlki «təbii-coğrafi» (odlar yurdu, od qoruyucusu, od saxlanan yer və s.) və «tarixi-coğrafi-siyasi» (qədim Atropatenanın sonrakı yozumu, Atropata məxsus ölkə, Azərbaycan vilayəti, Azərbaycan məmləkəti və s.) anlayışlardan uzaqlaşıb siyasi-ideoloji (Azərbaycan dövləti, Azərbaycan Cümhuriyyəti, Azərbaycan-türk milləti, Azərbaycan xalqı və s.) məna daşısa da, o dövrdə etnik mənada izah olunmurdu.
1937-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyasında baş verən dəyişikliklər – türk dili, türk milləti, türk dövləti və s. anlayışların öz yerini rəsmi olaraq «Azərbaycan dili», «Azərbaycan milləti» və s. anlayışlara verməsi vəziyyəti xeyli dərəcə də dəyişdi. Beləliklə, 1937-1991-ci illərdə «Azərbaycan» sözünə marağın ikinci mərhələsi başladı. Şübhəsiz, bütün bunlar ilk növbədə sovet rəhbərliyinin və onun ideoloqlarının (başda rus, erməni, fars və b. olmaqla) siyasi-ideoloji qərarı olmuş və Azərbaycan türklərinə – onların milli maraqlarına qarşı yönəldilmişdir. SSRİ-nin rəhbəri İ.V.Stalin və onun əlaltıları bu qərarı qəbul etməklə həm Azərbaycan türklərini başqa türk millətlərindən, özəlliklə Türkiyə türklərindən ayırmaq niyyəti güdmüş, həm də 1920-ci ildə işğal etdikləri türk dövlətinin yalnız siyasi quruluşunu deyil, milli mənəvi dəyərlərini də inkar etməyə, saxtalaşdırmağa və dəyişdirməyə başlamışlar.
Sovet ideoloqlarının 1918-1937-ci illərdə «Azərbaycan» anlayışı ilə bağlı mövcud olan mülahizələrin üstündən xətt çəkərək, onu imperialist «ideologiyaya» uyğunlaşdırmaları təsadüfi ola bilməzdi. İmperiya ideoloqları «Azərbaycan» anlayışının yaranma tarixinə müdaxilə edərək bu məfhumun türklərlə heç bir bağlılığının olmadığını sübut etməyə çalışırdılar. Beləliklə, XX əsrin əvvəllərindən, xüsusilə 1918-ci ildən bir istiqamətdə ideologiyalaşdırılan «Azərbaycan» anlayışı, 1937-ci ildən sonra tamam başqa istiqamətdə yozuldu və demək olar ki, 1960-cı illərə qədər rəqabətsiz şəkildə üstünlük təşkil etdi. Yalnız 1960-cı illərdən «Azərbaycan» sözünün həm hərfi, həm də etnik baxımdan antitürk konsepsiyası çərçivəsində izahına qarşı müəyyən mülahizələr, əks arqumentlər irəli sürülməyə başlandı. Bununla da həmin dövrdən etibarən «Azərbaycan» anlayışı ilə bağlı fərqli iki: Türk və antitürk konsepsiya meydana çıxdı və bu gün də həmin proses davam edir.