Möhsün Pakayin: “Elan olunmuş 6 elementin bəzisi Azərbaycanın xeyrinədir, bəzisi isə şübhəlidir”
Modern.az saytı Azərbaycandakı xarici səfirlərlə müsahibələrə davam edir. Budəfəki həmsöhbətimiz İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin Modern.az saytına müsahibəsini oxuculara təqdim edirik:
- Cənab səfir, Ukrayna hadisələri, Rusiyanın ABŞ və Avropa Birliyi ilə münasibətlərinin gərginləşməsi, Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfə olaraq qlobal miqyasda geosiyasi qarşıdurmanının belə kəskin formada qabarması, “soyuq müharibə” zamanı olduğu kimi hərbi güc və hərbi aqresiya meyilləri müşahidə olunur. Hazırda dünya şərti olaraq 3 qütbə bölünüb. Rusiyaya qarşı açıq çıxanlar, Moskvanı müdafiə edənlər və bitərəf görünmək istəyənlər. Azərbaycanın yaxın qonşusu olan ölkə kimi İranın bu proseslərdə hansı mövqedən çıxış etməsi maraqlı və önəmlidir. Tehran üçün Moskvanın Krımı özünə birləşdirməsi, Ukraynadakı proseslərdə iştirakı hansı anlam daşıyır, Tehran hansı mövqedən çıxış edir?
- Ukraynada baş verən hadisələrə görə, çox təəssüflənirik. Ukrayna regionda mühüm ölkələrdən, Şərqi Avropanı Qərbi Avropayla birləşdirən bir dövlətdir. Texnoloji sahələrdə müəyyən uğurlar əldə edib. Hər zaman sülh və əminamanlıq şəraitində yaşayan ölkə olub. Lakin hazırda bu ölkə problemlərlə yaşayır və buna təəssüflənirik. Fikrimizcə, bütün ölkələrdə əsas prioritet məsələ xalqın rəyi olmalıdır. Əgər həmin ölkənin xalqı bir nəfəri qanuni şəkildə seçibsə, bu seçimə, yəni xalqın rəyinə hörmət qoyulmalıdır. Lakin bu ölkədə xalqın rəyi nəzərə alınmadı və iğtişaşla nəticələndi. Düşünürük ki, Ukrayna ilə bağlı məsələ danışıqlar və dialoq yoluyla həll olmalıdır. Rusiya və Qərb ölkələri arasında normal, zorakılıqdan uzaq bir şəraitdə dialoq vaxitəsilə problemin həllinə çalışılmalıdır. Ukrayna xalqının gələcək taleyindən nigaran olan supergüclər bunun müzakirə yoluyla həll olunmasını istəməli və dəstəkləməlidirlər. Zənnimcə, hazırda Rusiya ilə müzakirə yolundan uzaq olan Qərb dövlətləri bu fikirlərindən daşınmalıdır. Sanksiyalar, problemi, siyasəti həll etmir. Əksinə bu cür problemləri daha da dərinləşdirir. İran əleyhinə də 10 il o cür sanskiyalar tətbiq etdilər. Amma sonda Qərb ölkələri anladı ki sanskiya həll yolu deyil.
- Lakin superdövlətlər Ukrayna ilə bağlı problemin sülh yolu ilə həll olunmasında soyuqluq göstərirlər. Sizcə, baş verən olaylarda Qərb dövlətlərinin kənardan seyrçi mövqe tutmasına səbəb nədir?
- Bu sualı gərək həmin Qərb dövlətlərinin rəhbərlərinə ünvanlayasınız ki, niyə bu problemə daha ciddi yanaşmırlar. Zənnimcə, Avropa dövlətləri Ukrayna hadisələrində səhv hesablamalar aparıblar. Onlar bu məsələni səhv proqnozlaşdırıblar və düşünmürdülər ki, məsələ bu qədər dərinləşə, Rusiyada bu qədər kəskin reaksiya verə bilər. Hazırda da özləri nə edəcəklərini bilmirlər. Təklifim o olar ki, bütün ölkələr Ukraynanın yeni bir Suriyaya çevrilməməsinə tələsməlidir. Tərəfləri sakitləşdirməklə və danışqlar yoluyla problemin həllinə çalışmalıdırlar. Etiraf edim ki, bu çox çətin məsələdir və hazırda Ukraynanın düşdüyü bu vəziyyət çox qarışıqdır. Kaş ki, Ukraynanın daxilində baş verən hadisələrə müdaxilə edən qüvvələr bu məsələdə daha dəqiq açıqlamalar verərdi.
- Bəs şərti olaraq üç qütbə bölünmüş dünyada İran hansı tərəfdədir?
- İran Ukrayna regionunundan uzaqdır. Orada baş verənləri diqqətlə izləyirik. BMT-də Ukraynayla bağlı səsvermədə İran iştirak etməyib, bitərəf mövqe nümayiş etdirib.
- Ukraynanın regiondan uzaqda yerləşdiyini vurğulayırsınız. Amma Azərbaycan və Gürcüstan da narahatdır ki, Ukrayna hadisələrinin əks-sədası Cənubi Qafqaza da gəlib çıxa bilər. Xüsusən, Qarabağ münaqişəsinin “donu” yenidən açıla bilər.Bu ehtimalları nə dərəcədə real sayırsınız. Tehran bölgədə sabitliyin qorunması üçün hansı addımları ata bilər?
- İran istəyir ki, dünyada sabitlik və əminamanlıq olsun. Eləcə də regionda sabitliyin bərqərar olmasının tərəfdarıdır. Mənə elə gəlir ki, regionda hər hansı bir münaqişə yaranarsa, bu, bütün tegiona təsir göstərə bilər. Bu səbəbdən də biz Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllini həmişə dəstəkləmişik. Ümid edirik ki, Ukrayna münaqişəsi öz daxilində həll olunsun və ətraf ölkələrə gəlib çatmasın.
- Bu günlərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Qarabağ Nizamlanması ilə bağlı 6 elementi açıqladı. Artıq rəsmi Bakı bu elementlərin danışıqların davam etdirilməsi üçün baza kimi qəbul edilə biləcəyini açıqlayıb. İran da zaman-zaman Bakı və İrəvan arasında vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Amerikalı həmsdrin açıqladığı prinsiplər və Qarabağ nizamlanması ilə bağlı danışıqların perspektivi barədə nə düşünürsünüz. İran bu prosesə dəstək verməyə hazırdırmı?
- İrəvan və Bakı ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını qəbul edib. Həmsədrlər tez-tez müxtəlif təkliflərlə çıxış edirlər. Hər iki ölkə də 6 elementi nəzərdən keçirib, sərf edib-etməyəcəyini düşünərək qərar verəcək. Zənnimcə, elan olunmuş 6 elementin bəzisi Azərbaycanın xeyrinədir, bəzisi isə şübhəlidir. Ola bilər ki, qarşı tərəf razılaşmasın. Məsələn, Azərbaycanın 7 rayonunun qaytarılması bəndi sizin xeyrinizədir. Ümumilikdə götürdükdə, bu 6 element müzakirələrin davam etdirilməsi üçün bir baza olaraq qəbul edilə bilər. Ümid edirik ki, danışıqlar vasitəsilə Dağlıq Qarabaq münaqişəsi ədalətli həllini tapacaqdır.
- Sözünüzdən belə çıxır ki, İran ümumiyyətlə, bu problemin həllinə dəstək verməyə hazır deyil?
- Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı İranın öz təklifləri, layihəsi var. Əgər hər iki tərəf istəsə, biz öz təkliflərimizi irəli sürə bilərik. Lakin hal-hazırda tərəflər Minsk Qrupunun vasitəçiliyini qəbul edib. Bu səbəbdən də məsələyə müdaxilə etmək fikrində deyilik.
- Əgər İrana vasitəçilik təklif olunarsa, layihəniz nədən ibarət olacaq və bu bizim xeyrimizə olacaq, yoxsa qarşı tərəfin?
- Məsələnin detalları lazım olan vaxtda açıqlanacaq. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın 7 rayonu qeyri-şərtsiz Azərbaycana qaytarılmalıdır.
- 16 mayda İranın nüvə proqramı ilə bağlı İran və “altılıq” ölkələrinn 4-cü görüşü baş tutdu və gözlənildiyinin əksinə olaraq danışıqlarda razılaşma əldə edilmədi. Bununla belə tərəflər bildirdilər ki, danışıqların davam etdirilməsi üçün yaxşı zəminlər var. Bu proseslə bağlı Tehranın hansı gözləntiləri var?
- İranın nüvə proqramıyla bağlı Qərb ölkələriylə danışıqlar iki mərhələdə keçirildi. İlk, başlanğıc mərhələ o idi ki, qarşı tərəf öhdəsinə götürdüyü bütün məsələləri icra edir və ya hazırda icra etməkdədir. İkinci mərhələ altı aylıq mərhələ adlanır ki, bu da ekspertlər, rəsmilər səviyyəsində keçirilən danışıqlardır. Buna görə də biz indidən qərar verə bilmərik ki, müzakirələr nəticəsiz qalıb. Çünki altı ayın tamam olmasına hələ çox var. Əlbəttə, müzakirələr çətin şəraitdə keçirilir. Ona görə ki, hər iki tərəfin də müəyyən gözləntiləri var. Ola bilər ki, bu altı aydan sonra müzakirələrin vaxtı uzadılsın. Bizim gözləntimiz odur ki, İrana qarşı tətbiq edilən sanksiyalar dayandırılsin. İranın nüvə enerjisindən istifadə etmək hüququna hörmətlə yanaşsınlar. Avropa ölkələri İranın sülhməqsədli nüvə enerjisinindən istifadəsinə mane olmasınlar. Onların gözləntilər budur ki, İran bizi əmin etsin ki, nüvə silahı əldə etmək fikrində deyil. Ümumiyyətlə, heç zaman nüvə silahı əldə etmək niyyətində olmamışıq. İnanmırıq ki, nüvə silahı hər hansı bir ölkənin təhlükəsizliyinə, inkişafına qarant olsun. Şəriət baxımından da İranın Ali dini lideri nüvə silahını haram buyurub. İstəyirik ki, heç bir ölkə nüvə silahına malik olmasın. Amma onu da istəyirik ki, dünya dövlətləri nüvə enerjisindən sülh məqsədilə istifadə edə bilsin. Avropa dövlətləri yaxşı bilir ki, İran nüvə silahı əldə etmək fikrində deyil. Və sanskiyaları siyasi məqsəd daşıyır. Əgər belə olmasaydı İsrailə qarşı da sankiya tətbiq edilərdi, çünki onun artıq nüvə silahı var. Avropa ölkələri doğurdan da bundan narahatdırsa, ilk olaraq nüvə silahına malik olan ölkələrdən başlamalı, sanksiyalar tətbiq etməlidir. Bu günə kimi bir dəfə də olsun Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İsrail rejiminə etiraz etməyib. Amma bu günə kimi mindən çox müfəttiş İrana gəlib. Zənnimcə, qərblilər tədricən həqiqəti anlayacaqdır. Ümid edirik ki, müzakirələr müsbət axarıyla davam edəcək.
- Siz niyə sadəcə İsrailin adını misal çəkirsiniz? Nüvə silahına sahib olan Şimali Koreya, Fransa, Hindistan, Pakistan var...
- İsrailin adını çəkməzdən əvvəl dedim ki, İran istəyir ki, heç bir ölkədə nüvə silahı olmasın, atom istehsal edən ölkələr bu silahları məhv etsin. Nüvə silahı sülhün, sabitliyin, inkişafın əleyhinədir.
- Suriyada baş verənlər də dünyanın diqqətindədir. Bəşər Əsəd iqtidarının hərbi əməliyyatlarda uğurlarına baxmayaraq ölkədə vətəndaş müharibəsi davam edir və faktiki olaraq xaos vəziyyəti hökm sürür. Dini təriqətlərin silahlıları bir-birlərinə və Əsəd hökumətinə qarşı vuruşurlar. Sirr deyil ki, İran Əsəd hökumətini dəstəkləyir. Necə düşünürsünüz, Suriyada vətəndaş müharibəsinə tezliklə son qoymaq mümkün olacaqmı? İranın Əsəd hökuməti ilə müxalif qüvvələr arasında danışıqlarla bağlı təkliflərə münasibəti necədir?
- Suriyada baş verən hadisələrin səbəbləri diqqətə alınmazsa, yanlış təhlillər ortaya çıxar. Bu ölkədə baş olayların başlıca səbəbi budur ki, Suriya dövləti İsraillə mübarizədə ön xəttə dayanır. Suriya torpaqlarının bir hissəsi İsrail tərəfindən işğal edilib, Suriya torpaqlarını geri qaytarmaq istəyir. Avropa ölkələri yenə də hesablamaları səhv aparmaqla Suriyanın daxili işinə qarışır. İsrail dövlətinin mövqeyini möhkəmləndirmək üçün Bəşər Əsəd hakimiyyətini zəiflətməyə çalışırlar.
- Demək istəyirsiniz ki, İsrailin dəstəyi ilə müxalif qüvvələr Əsəd rejiminə qarşı vuruşur?
- İcazə verin mən danışım, sonra müxalif qüvvələrin məsələsinə toxunacağam. Əsədin rəhbərlik etdiyi iqtidar qanuni hökumət idi və Bəşər Əsəd də qanuni seçilmiş prezidentdir. Bütün ölkələrdə müxalif qüvvələr var. Görəsən, Avropa ölkələrinin başqa dövlətlərin müxalifətini həmin ölkənin hakimiyyətinə qarşı silahlandırmasına haqqı varmı? Məgər, Avropada müxalifət yoxdur? Avropa ölkələri İsraili dəstəkləmək, onu möhkəmləndirmək üçün və demokratiyanın olmaması bəhanəsiylə Suriya müxalifətçilərini silahlandırmaqla dövlətə qarşı qaldırdılar. Təəssüf olsun ki, regionun bəzi ölkələri də bu prosesdə iştirak etməklə Avropa ölkələrinə dəstək verdi, terorçuları himayə etdi. Suriyaya daxil olan ilk təkfirçi qruplar 600 nəfər idi və Avropa ölkələrindən gətirilmişdi. Əslində, Əsəd rejiminə qarşı vuruşanlar onun müxalifəti deyil. Suriya xalqına qarşı vuruşanlar hazırda təkfirçi, ifratçı dini cərəyanlardır ki, dünya müsəlmanları da onları qəbul etmir. Azərbaycandan da din adı altında ora gedib vuruşanlar, ölənlər var ki, ölkənizdə bunu heç kim qəbul etmir.
- Suriyaya tək Azərbaycandan deyil, başqa ölkələrdən də gedənlər var və cəmiyyət tərəfindən xoş qarşılanmır...
- Azərbaycanda olan bu vəziyyət başqa ölkələrdə də eynidir. Hətta qeyri-müsəlmanlar belə, onların bu addımını qəbul etmir. Bunlar terrorçu qruplardır və silahlandırılmaları üçün ABŞ Konqresi tərəfindən külli miqdarda maliyyə ayrılıb.
- İran Bəşər Əsədi niyə dəstəkləiyr?
- Ona görə ki, o, ölkənin qanuni prezidentidir. Əslində, biz Suriya xalqının rəyini, səsini himayə edirik. Baxın, Ukrayna xalqının rəyi nəzərə alınmadığı üçün son hadisələr baş verdi. Biz onu deyirik ki, superdövlətlərin elə bir hüququ yoxdur ki, öz mənafeləri uğrunda başqa ölkələrin daxili işlərinə qarışsın. Bir az əvvəl müxalif qüvvələrlə bağlı sual verdiniz, onu cavablandırmaq istəyirəm. Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan bütün terrorçu qruplar İsrailin mənafeyinə xidmət edir. Bu səbəbdən də biz Əsəd hakimiyyətini dəstəkləyirik. Nəinki biz, terrora qarşı olan sülhsevər ölkələr Bəşər Əsədi dəstəkləyir.
- Demək istəyirsiniz ki, Azərbaycan da daxil olmaqla digər ölkələrdən Suriyaya vuruşmağa gedən qruplaşmaları ABŞ Konqresi dəstəkləyir?
- Bəli, belədir. Ümumilikdə ABŞ Konqresində Əsəd əleyhinə müharibə aparan ifratçı qrupların silahlanması üçün maliyyə ayrılıb. Hər hansı bir ölkənin adını çəkmək istəmirəm. Amma Əsəd iqtidarına qarşı vuruşan bütün ifratçı qruplara maliyyə ayrılır. Ölkə müxalifətinin 97 faizi Əsəd iqtidarıyla müzakirələrə hazırdır. Lakin hazırkı müharibə şəraitində bu müzakirələrə başlamaq üçün şərait yoxdur.
- Keçən ay Azərbaycan dövlət başçısı İlham Əliyev İrana rəsmi səfər etdi və prezident Həsən Ruhanini ölkəmizə dəvət etdi. Səfərin nə zaman reallaşacağı gözlənilir və yaxın zamana təsadüf edərsə hansı məsələlər müzakirə mövzusu ola və hansı sazişlərin imzalanması gündəmə gələ bilər?
- Bu səfərin tarixi hələ dəqiqləşdirilməyib. Münasib olan vaxtda prezident Həsən Ruhani səfəri dəqiqləşərsə, məlumat verəcəyik.
- Bir neçə ölkədə səfir kimi fəaliyyət göstərmisiniz və çoxlu sayda kitablarınız var, xatirələr yazırsınız. Azərbaycan haqda xatirələrinizdə nələrə toxunacaqsınzı?
- İnşallah ömür vəfa edərsə, Azərbaycanda fəaliyyətim başa çatdıqdan sonra xatirələrimi yazacağam. Bu kitabımda hökmən iki ölkənin dini, tarixi, mədəni əlaqələrini qeyd edəcəyəm. Xatirələrimdə iki ölkə arasındakı siyasi münasibətlər və mənim fəaliyyətim dövründə baş verən siyasi dəyişikliklər barədə, ölkənizim görməli yerlərindən, xalqın adət-ənənlərindən yazacağam. Zənnimcə, digər ölkələrlə bağlı yazdığım xatirə kitablarından daha rəngarəng olacaqdır. Bildiyiniz kimi, mərhum prezident haqqında “Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış” kitabımı yazmışam.
Laçın SƏMLA