Hekayə
Mədinə hirslə yer belləyir, stresini atmağa çalışırdı. Hər dəfəsində elə güclü təpik vururdu ki, bel torpağın lap dərin qatlarına işləyirdi. Qadın torpağın altını üstünə çevirirdi. Sonra da əlindəki beli çəpəki tutaraq bərkimiş torpaqları döyəcləyir, kəsəkləri qırıb min parça edir, əzişdirə bildikcə əzişdirirdi. Yer belləndikcə torpağın alt qatlarından buxarlanıb qalxan qoxu ciyərlərinə dolur, Mədinənin sinəsini genişləndirirdi. Təzəcə göyərmiş otların başı kəsildikcə yayılan ətir ömrünə daha bir yazın gəldiyini müjdələyirdi. “Yaz da gəldi, bu kişi hələ gəlib çıxmadı. Hamının əri apardığını satdı-sovdu, gəldi oturdu arvad-uşağının yanında. Bizimkinin malı guya hələ durur. Görüm sənin yalanın batsın. Kişiliyin çatırsa düzünü de. De ki, hələ əlimdə pul var, gözəlçələr mənə yaxşı baxır, qazandığımı xərcləyib qurtaranda gələcəm.”
Əlindəki beli torpağa sancıb gözlərini yumdu. Dərindən nəfəs alıb açıq havadan gələn ətirləri içinə çəkdi. Köksünü qabardıb nəfəsini saxladı. Ruhunu təzələyən bu gözəl havanı buraxmağa heyfi gəlirdi. “Qoy içimi gəzib-dolaşsın, min fransız ətrinə dəyər bu qoxu.” Mədinə fransız ətirlərinin pərəstişkarıydı. Əli də bunu bildiyindən alverdən hər gələndə arvadına iki-üç şüşə bahalı ətir alıb gətirməklə altı-yeddi aylıq yoxluğunun umu-küsüsünü aradan qaldırırdı. İndi, ərinin yoxluğunda ləzzət aldığı torpaq qoxusu bir anlıq ona azadlığın qoxusu kimi gəldi. Azadlıq qoxusunun ağlına gətirdiyi düşüncələr Mədinəni necə silkələdisə, qadın azadlıqdan qorxdu... Tez dırmığı götürüb qazdığı torpağı dırmıqlamağa başladı. Kərdi düzəldib göyərti əkəcəkdi. Hər il əkirdi. Balaca bostanında becərdiyi lobya, badımcan, bibər, göy-göyərti yay uzunu əlindən tuturdu. Məhsul bol olanda qışa tədarük etməyinə də yetirdi. Torpaqla əlləşmək uşaqlıqdan onun ən sevimli hobbisiydi.
– Yorulmayasan, ay qonşu. Yenə şirin cana qəsd eləyirsən. Əlidən hələ xəbər yoxduu?
– Yox.
– Necə yəni yox? Yay qapını kəsib. Xurma satanlar indidən ağacları behləyib. Camaat təzə reysə hazırlaşır. Səninki hələ ordadır?
Hirsindən partlayan Mədinə bir istədi desin ki, hamı sənin qızların kimi bəxtəvər deyil, il uzunu evinin başıpapaqlısını yanında saxlaya bilə. Nə düşündüsə dinmədi. Çəpərin yanında ayaq saxlamış Nabat gəlinin söhbətə girişmədiyini görüb yoluna davam etdi. O, Çinarlıda yeganə qadın idi ki, nə ərini, nə oğullarını, nə də kürəkənlərini çörək dalınca uzaq ellərə getməyə qoymamışdı. “Ac qulağım, dinc qulağım” deyib, kasıbçılığın hər üzünə dözmüşdü. Dərs deyən vaxtlar şagirdlərinə də öyüd-nəsihət edərmiş ki, pul qazanan oğul evinin içində qazanar.
Nabata məhəl qoymasa da, dedikləri Mədinəni qıcıqlandırmışdı. Torpaq ətrindən aldığı azadlıq qoxusu bircə anın içində qeybə çəkilmişdi. Bayaqdan genişlənən sinəsi indi durmadan daralırdı. Elə bil məngənəyə qoyub sıxırdılar. Dırmığı çəpərə söykəyib hovuzun başına keçdi. Əl-üzünü, boynunu, sinəsini və qollarını soyuq suyla isladıb ağacın altında oturdu. Yarpaqlar tərpəndikcə meh üzünə toxunur, islaq qollarının ağrısını alırdı. İndi hiss etdi ki, yorulub. Zərblə təpik vurmaqdan ayaqları da zoqquldayırdı. “Qış uzunu yeyib-yatmaqdan xamlamışam. Yaxşı ki, bu torpaq var. Formada qalmağıma kömək edir. Yoxsa oturaq iş axırıma çıxardı. Camaat elə bilir kabinetdə işləyənlər halva yeyir, day demirlər kompüterin qabağında canımız çıxır.”
Dəmir qapının səsi həyətin sükutunu pozdu. “Nə yaman cırıldayır, gərək yağlayam. Əlidən mənə haray yoxdu.”
– Sabahın xeyir, Medina, gördüün?
– Nəyi?
– Nəyi yox, Əjdərçiki. Doktor bəy yenə gəlib. Qız da qapıda qarovul çəkir.
– Fira bəsdi.
– Nə bəsdi? Yenə Fira günahkar oldu? Camaat sübhün gözü açılmamış...
– Belə lap yaxşı eləyir! – deyə Füruzənin dalınca həyətə girən Sərvinaz dilləndi. Ər köpəkoğlu illərlə evinə baş çəkməyəndə bilmirdi axırı belə olacaq? Xərclik göndərməklə iş bitir bəyəm?
Mədinə qeyri-iradi qonşu həyətə boylandı. Çiçək əllərini dalında çarpazlayıb qapıya söykənmişdi. Sanki kiminsə zorla evə girəcəyindən ehtiyat edirdi. Uşağa ürəyi yandı.
– Yazıq körpə, yenə qapı dalında qalıb.
– Neyləsin, anasını qoruyur daa. Əcəb ağıllı qızdır, sözəbaxan. Ərəbzəngi kimi kəsib qapını. Bizimkilər olsa başımızda turp əkərlər, - deyə Füruzə bərkdən güldü. Bu səhər onun kefi kök idi. Qonşuda baş verənlər də lap könlünü açmışdı.
– Bəsdi qonşunun halına yanasan, – Sərvinaz “halına yanasan”ı gülməli ədayla deyib Füruzəyə göz vurdu, – dur çay dəmlə. Mədinəni bostan yorub. Gün günorta yerinə qalxmamış açıq havada özümüzə məclis quraq. Oxayyy! Sabahın sərini, çiçəkləmiş ağacların ətri, biçilmiş otun qoxusu... Bəh-bəh-bəh! Mədinənin həyət-bacası cənnətdi, cənnət. Hələ ki uşaqlar da yatır, rahat-rahat ürəyimizi boşaldarıq.
Sərvinaz Çinarlı icra hakimiyyətində humanitar işlərə baxırdı. Qəsəbədə elə ailə yox idi ki, ona işi düşməsin. O üzdən hamının cikinə də bələd idi, bikinə də. Özü də sözübütöv, mərd qadındı. Hamıya əl tuturdu. Cavanlıqda komsomoldan keçmişdi raykoma. O vaxtdan çox yellər əsmişdi, çox dəyirmanların suyu qurumuşdu, icra başçılarının biri gedib-biri gəlmişdi... Sərvinaza dəyən-toxunan olmamışdı. Camaatla yaxşı dil tapırdı. Həlimliyi də vardı, hökmü də. Amiranəlik ona yaman yaraşırdı. Sözünün qabağında söz deyilməsini xoşlamırdı. Bunu bilən Füruzə zarafatından qalmadı:
– Baş üstə, Sərvinaz xanım, məktəb direktorunun həddi nədir icranın sözündən çıxa.
O, mahnı oxuya-oxuya mətbəxə yollandı. Fikri balaca Çiçəyin yanında qalan Mədinənin ürəyi dözmədi. Çəpərə yaxınlaşıb səsləndi:
– Çiçi, noolub? Yenə şuluqluq eləmisən, yoxsa anan narahatdı?
– Mən heç nə eləməmişəm, - deyə üzü çilli, sısqa Çiçək tez-tələsik cavab verdi.
– Onda... yenə ürəyi tutub?
– Doxdur özü baxır, Mədinə xala, siz gəlməyin.
– A qızım, mən demədim ki gəlim. Dedim bəlkə kömək-zad lazımdı.
– Lazım deyil. İndi Əjdər əmi iynə vuracaq, anam sağalacaq. Tapşırdı ki, qonşulara əziyyət vermə.
Həyətdə bir qəhqəhə qopdu, gəl görəsən. Rəfiqələrinin gülən üzünə baxan Mədinə də özünü saxlaya bilmədi. Qarınlarının əzələsi ağrıyana qədər pıqqıldaşdılar. Çiçək bildi ki, onun sözünə gülürlər. Uşağın mısmırığı sallandı.
– Bu yazığın evini kişisi yıxdı, kişisi, – deyə Sərvinaz axır ki özünü ələ alıb gülməyinə ara verdi. – Ciyəri yanmış toyunu eləyib gəlini evə gətirən kimi çıxdı getdi Rusetə. Gültəkin o damın altında təkbaşına qaldı. Çiçəyi doğdu, yekəltdi...
Füruzə tez atmaca atdı:
– Qızın üç yaşı vardı atasının üzünü görəndə.
– Hə, ad gününə gəlmişdi Mamed. Bir uşaq da onda qoydu gəlinin qarnına... o gedən getdi. Oğlu olanda min dollar pul göndərmişdi. Guya bərk sevinibmiş. Amma özü gəlmədi.
– Yazıq Gülü kişisini evə qaytarmaq ümidiylə uşağa Mamedin dədəsinin adını qoymuşdu.
– Heç uşaq naxoşlayanda da vecinə almadı. Nə illah etdilər gəlmədi. Gültəkin doxdur qapılarında sürünməkdən ürəktutması tapdı. Uşaq da tələf oldu...
Bayaqdan gülüşən qadınların üzünə qüssə çökmüşdü.
– Əjdər doxduru da elə o vaxtlar, körpəsinə əlac axtaranda tapmışdı. Deyirlər yaxşı həkimdi. Özü də insaflıdı. Pulgir deyil.
– Həə, qabaqlar Gülünün ürəyi tutanda rəhmdilliyindən gəlirdi. Gəlinin nanəcib əlində olduğunu bilirdi.
– Gültəkini qınayırıq. Amma elə kişiyə haqq eləyir. Çətin şeydi oğlun ölə, ərin gəlməyə. – Sərvinaz yağla balı lavaşa sürtüb dürmək düzəltmişdi. Bir dişləm alıb ləzzətdən başını yırğaladı. – Axır beş-altı ildə Mamedi buralarda görən olub, qızlar? Olmayıb. Belə kişiyə ər demək olar? Olmaz. Gültəkin acıq çıxır, acıq.
Sərvinazın sözləri Mədinənin canına üşütmə saldı. Bayaqkı azadlıq qoxusunun oyatdığı fikirlər yenə beynindən keçdi. Keçən kimi də azadlıqdan qorxdu. Bu dəfə lap bərk qorxdu. İstəmədi azadlığı. “Bircə Əli tez gəlsəydi. Axşam skaypa qoşulum görüm, dilə tuta bilərəmmi... Uşaqları da qabağa verərəm. Bəlkə ürəyi yumşaldı.” Tez Sərvinaza etiraz elədi:
– Sən də söz danışdın daa... Hər ərindən gileyli yolunu azsa noolar? Bizim Çinarlıda arvadların yarıdan çoxu ərinin üzünü ildə bir-iki ay görür. İndi hamı Gülünün yolunu tutsun? Elə şey olar!? Bu Çiçi anasından nə öyrənəcək? Daha uşaq deyil, yekə qızdı, hər şeyi başa düşür...
– Sən narahat olma, – deyə əhlikef Füruzə zarafatından qalmadı. – Elələrinin bəxti lap yaxşı kəsir. Qız indidən həyat məktəbi keçir, həyat. Gözü açılır.
– Fiiraa!
Mədinənin səsindəki xəbərdarlıq tonu Füruzənin dilindəki əyləci basdı. O, lağlağıya keçdi:
– Bu yay yelkənləri hansı səmtə açırıq? Bodrum, Antalya, Marmaris, Krım, yoxsa Maldiv adaları?
Qızları uğunmaq tutdu. Dəniz məsələsi üçünün də yaralı yeriydi. Hey can atsalar da yay gələndə yan bacadan bir əngəl çıxır, arzularına çatmağa imkan vermirdi. Mədinənin üzü güldü.
– Belə şeylərdən danışın, deyim “həə”. Yoxsa başlamısız “it belə gəldi, qurd elə getdi...” O vaxta qədər Əli də gələr, bağa-bostana sahiblik edər. Mən də məzuniyyətimi götürüb uşaqlarla qoşularam sizə.
– Həə. Tələs, rəis xanım, tələs. Biz getdik, sən qaldın dalda – deyən Füruzə uğundu. – Ay qız, ağlın nə kəsir, sənin o qaraqabaq qonşun məni dənizə göndərər? On beş il getdi oturdu Murovun kəlləsində, heç demədi evdə cavan arvad qoyub gəlmişəm. İndi bu qoca vaxtımda mənə qısqanc ər rolunu oynayır.
– Qısqanmır ey, əda tökür. Kişilərin xasiyyətidi. Çətinə düşən kimi başlayırlar “qısqanmağa”. Bizimkilərdə o hünər nə gəzir, aparsın arvadını kurortlarda gəzdirsin.
– Niyə elə deyirsən, Naza? İsmayıl qardaşın pulu oldu, aparmadı? Aldığı hərbçi pensiyasıdı daa, milyon deyil ki? Firagil korluq çəkməsin deyə səhərdən-axşama taksavatlıq edir. Burdan Bakıya gündə iki-üç yol maşın sürür.
– Etməlidi daa. Fira ona arvad olmayıb ey, qardaş olub, qardaş. O, Qarabağ müharibəsi başlayandan getdi cəbhəyə, qayıtmadı, qaldı orduda xidmət elədi. Bu qız namusla-qeyrətlə oturub ona uşaq saxladı, ev qurdu. Səhər məktəbdə dərs dedi, günorta evdə uşaq hazırladı. Oğulları da məktəbi qurtarmaq üzrəydi İsmayıl gələndə.
– Fira qız deyil ey, qızıl qırığıdı. Maşallah od parçasıdı. Allah ona dil veribsə, dibirçək də verib. Zirəkdi, bacarıqlıdı.
– Medina, heç sən də qoçaqlıqda Firadan geri qalmırsan. İl uzunu evi dolandıran özünsən. Uşaqların da hər yükü sənin çiynindədi. Xətrinə dəyməsin, Çinarlıda Əlinin üzünü görən var bəyəm? Həftə səkkiz-mən doqquz alverdədi.
Sərvinazın ikibaşlı tərifi Mədinəni açmadı. Onsuz da Nabat müəllimənin eyhamını hələ unutmamışdı. Ərindən nə qədər narazı olsa da, onun ünvanına başqasının dilindən artıq söz eşitmək şəstinə toxunurdu. Söhbəti dəyişmək istədi:
Fira, düzünü de, on beş il necə dözdün? Heç darıxmadın?
– Xətrimə dəyirsən haa, Medina. Bir yaxşı-yaxşı bax gör, mən daşa-dəmirə oxşayıram? Naza, görürsən qonşunu, mənə Daşdəmir deyir... – Ədayla qaş-göz süzdürən Füruzə ciddiləşdi. – İsmayıl kimi ərin yolunu on beş il nədi, bir ömür də gözləsəm bezməzdim. Özüm sevib seçmişdim. Ancaq...
Bayaqdan ətrafa sevinc çiləyən Füruzənin baxışları qayğılandı. Bir dəfə görmüşdü ki, qayınatası arvadının çiyinlərini sığallayıb bişirdiyi yeməyi tərifləyir. Necə hirslənmişdisə, iki gün süfrə başına gəlməmişdi. Ən ağrılısı hər səhər qaynı arvadının gülər üzünü görməkdi. Heç nə Füruzəyə belə əzab verə bilməzdi. Hirsindən bəhanəni bəhanəyə qatıb Zərifəylə dalaşırdı. İndi bunları dilə gətirməyə utanırdı.
– Evin kişiləri xanımlarına mehribanlıq etdikcə darılırdım. Fikirləşirdim ki, mənim ərim səngərdə, güllə yağışı altında... bunlar burda... Nə isə. Baxdım dözə bilmirəm, iki ayağımı soxdum bir başmağa ki, mənə ayrı ev alın.
Nəyi pis oldu ki? İsmayıl qurulu evə gəldi.
– Hə. Elə oldu. Amma hərbçi arvadı olmaq çətin şeymiş. Bunu ayrılandan sonra başa düşdüm. Bilirdim ki, bütün gözlər üstümdədi. Mənasız bir yanlışlıq nəslimizi rüsvay edər. Yaman dillər cəbhəyə xırdaca xəbər uçurtsa İsmayılın qol-qanadı sınar, düşmən qabağında əzmi zəifləyər. O üzdən lap diqqətli davranırdım. Hər hərəkətimi ölçüb-biçirdim.
– Halaldı sənə. Adına toz qondurmadın. Bir kəlmə dedi-qodu vermədin camaatın dilinə.
– Qızlar, mənə gülməyin. Öz əlim, öz başım olan kimi sakitləşdim. Elə bilirdim İsmayıl yanımdadı. Burda əsəbiləşmirdim. Evimlə, uşaqlarımla günümü keçirirdim. Orda hər gün qanqaralığı salırdım, hər gün. Zərifə saman altdan su yeridirdi, mən aşkarda dava gəzirdim.
– Nahaq deməyiblər ki, qayın arvadı – xain arvadı.
– Qayınanamgil nə qədər başıma dolansalar, xeyri yox idi. Əlimi ağdan qaraya vurmurdum. Deyirdim, ərləri yanlarındadı, canları çıxsın, evin işini də özləri görsünlər. Amma öz evim olandan sonra bir əl-qol açdım ki, arvad məəttəl qaldı. Evdarlıqdan zövq almağa başlamışdım. Yavaş-yavaş səbrim də artırdı, məsuliyyətim də. İsmayıl bizdən ötrü canını oda atmışdı, Vətənimizi qoruyurdu. Mən də onun vətənini qorudum, ailəsini. İsmayıla canım da qurbandı. Ürəyi evdən arxayın olmasa, on beş il qalardımı orduda?
Füruzə susub fikrə daldı. Sanki o illərin ağırlığını üstündən atmağa çalışırdı. Bu an o deyib-gülən, əhlikef gəlin yox, qayğılı ailə başçısıydı. Mədinə çayları təzələdi.
– Di çayını iç, soyutma.
– Oğullarım sağ olsun, məni heç yalnız qoymadılar ki. Lap uşaqlıqdan evimin kişisi oldular, vaxtından qabaq böyüdülər. Vay odur məktəbdə bir kişi müəllim mənə yaxınlaşaydı, görəydiniz o saat yanımı necə kəsdirirdilər. – Füruzənin çöhrəsini təbəssüm bürüdü. – Yəni ki, biz burdayıq! O illəri İsmayıl ön cəbhədə, bizsə arxa cəbhədə hərbi rejimdə yaşadıq... Ayrı evə çıxandan sonra kişim tez-tez zəng vururdu, bu da mənə ləzzət eləyirdi. Arada bircə həftəlik gəlib bizə baş çəkəndə analı-balalı bir il bayram edirdik.
Qulağı söhbətdə, gözü qonşu həyətdə olan Sərvinaz gördü ki, Çiçək qapıdan çəkildi. Tez rəfiqələrini səfərbər etdi:
– Qızlar diqqət! Xilaskar gedir.
Üçü birdən qonşu həyətə boylandı. Uzun boyunu əyə-əyə Gültəkinin alçaq qapısından çıxan Əjdər həkim sağa-sola nəzər fırladıb ətrafı yoxladı. Kimsə gözünə dəymədi. Portfelini yellədə-yellədə küçəyə çıxdı. Mədinə dilləndi:
– Gültəkin bu məhəlləyə bizdən sonra gəlin gəlib. Əvvəlcə bəxtəvərlik verirdik. Sonra yazığımız gəldi. İndi də qınayırıq. Həyat çox qəribədi.
– Hər şeyin bir ədəbi var. Ərdən üz döndərməyin də, – deyə Füruzə etiraz səsini ucaltdı. – Mərdi-mərdanə boşansın. Aliment istəsin. Sonra da başının çarəsinə baxsın. Zalımın qızı qurd ürəyi yeyib elə bil.
– Mamedi tapsa, boşanar.
– Qızlar, ağzınız isti yerdədi. Elə kişilər var ki, onlardan nə boşanmaq mümkündür, nə can qurtarmaq. Zəli kimi yapışdıqlarından qopmurlar.
Gün günorta yerinə qalxmışdı. Uşaqlar yuxudan durmuşdular. İkinci mərtəbənin eyvanında notbuku çəkişdirirdilər. Kompüter çıxandan televizora maraqları ölmüşdü.
Mədinəgilin ağzı söhbətə qızışdığından vaxtın necə keçdiyini duymamışdılar. Zamansızlıqda əylənirdilər. Astadan əsən meh sürətlə keçən maşının qaldırdığı tozanağı həyətə doğru qovurdu. O anda əcaib bir səs qulaqları cırmaqladı. Qəfil basılan əyləcin səsi musiqili siqnalı boğdu. Geriyə-geriyə hərəkət edən maşın düz Gültəkingilin doqqazında dayandı. Rəfiqələri heyrət bürüdü: maşından düşən Mamed idi. Azca yaşlanmışdı. Qorxa-qorxa bir-birinin üzünə baxdılar: “Bədbəxtin qızı bədbəxt. İndi görəsən noolacaq?..”
İstinin düşməsi rahatlıqlarını pozsa da, maraq onları içəri keçməyə qoymurdu. Birtəhər ağac kölgəsində daldalanırdılar. Hələ ki çəpərin o tayında sakitlikdi. Qonşu həyətə adlayıb vəziyyəti öyrənməyə də cürət etmirdilər. Mamed yaman pis vaxtda gəlmişdi. Nədənsə şübhələnsə, vay Gülünün halına. Gözləyə-gözləyə qalmışdılar ki, bir də gördülər Əjdərçik portfelini yelləyə-yelləyə gəlir. Boyu çox uzun olduğundan yeriyəndə sanki irəli-geri yırğalanırdı. Sərvinaz istədi qabağa keçib onu yoldan qaytarsın, eyvanda papirosunu tüstülədən ərini görcək ayağını saxladı. Əlqərəz, həkim evə keçdi. Amma bu dəfə Çiçək qapının dalında durmadı. Həyəcandan rəng verib-rəng alan rəfiqələr tikan üstündə oturmuşdular. Hər dəqiqə həngamə qopa bilərdi.
– Allah kəssin belə gün görməyi. Arvad nədi, yolunu azdı nədi,- deyə Sərvinaz əlləri qoynunda həyətdə var-gəl edirdi. “Gültəkin bu işin altından necə çıxacaq? Mamed özü başa düşməsə də el-gün xəbər verəcək...”
O, kişi kimi qadındı. Sinəsini qabağa verib çox davaları yatırtmışdı. İndisə tərəddüd edirdi. Çünki dildə qonşusuna haqq qazandırsa da, ürəyində bəraət verəmmirdi. Üstəlik içini qovuran bir peşmançılığı vardı: ömründə bircə dəfə cızığından çıxmışdı, indiyədək əzab çəkirdi. O vaxt, ərini evindəki qonağın yatağında tutanda özünə söz vermişdi ki, bunun heyfini çıxacaq. Dediyini eləmişdi. Başı istiykən hikkəsi soyumuş, qüruru rahatlamışdı. Zaman ötdükcə o bircə dəfəlik qisasın girovuna çevrilmişdi. Mahmud xəbər tutacaq, - deyə ürəyi qopurdu. Yadına düşdükcə xəcalətindən tüstüsü təpəsindən çıxır, ərinə qeyzlənirdi. “Ah Mahmud, ah! Gör məni nəyə vadar elədin! Bilsəydim yaşlandıqca şakərini tərgidəcəksən, heç o qələti də eləməzdim!.. Yaman ağır gəlmişdi mənə... yaman.”
– Doxdur nə ağılla durub gəlib? Yəqin içəridə vur-çatlasındı. Haqq-hesab çəkilir.
– Elə şey olsa, indi səsləri aləmi başına götürmüşdü, Fira. Nədirsə, bu xına o xınadan deyil.
Gərginlikdən Mədinənin əlləri tərləmişdi. Ovuclarından puçur-puçur su axırdı. Füruzədə bət-bəniz qalmamışdı. Sərvinaz da ayaq üstə meyitə çevrilmişdi. Xeyli keçəndən sonra bəlalı qonşunun qapısı açıldı. Mamed həkimi doqqazadək ötürüb cibinə də pul qoyanda dərindən nəfəs aldılar. Təhlükə sovuşmuşdu. İrəli yeriyib hal-əhval tutdular.
– Xoş gəldin, ay Mamed qardaş. Sən hara, bura hara? Nə yaxşı döndün...
Mamed gülə-gülə dedi:
– Elə birdən beynimə vurdu. Gəldim görəm nə var-nə yox. Bizim arvad da yaman naxoşlayıbmış... Mahmud qardaş necədi, Sərvinaz bacı, uşaqları evləndirmiş olarsız. Füruzə müəllimə, Mədinə xanım, sizlərdə nə var-nə yox? Əli yenə meyvə aparır, yoxsa buralarda iş qurub? Eşitdim, İsmayıl orduyla xudahafizləşib. Gözünüz aydın!
Cavab gözləmədən – Gülü məni görər-görməz ürəyi getdi, – deyib məmnunluqdan qarnını sığalladı. – Sağ olsun Əjdər doxduru, dərmanını o bilirmiş. Bircə iynə vuran kimi arvadı diriltdi.
Rəfiqələr çaşqınlıqla bir-birinin üzünə baxdılar. Mamedlə hal-əhvallaşıb çəpərdən uzaqlaşdılar. Onları mat qoyan Gültəkinin əməliydi. Mamedi necə inandırmışdısa... İşin dava-qırğınsız qurtarmağına sevinsələr də, içlərində acıq pöhrələnirdi.
– Sən qızdakı fərasətə baax. Bunun məzlum görkəminin altında nə hünərlər yatırmış...
– Xəbərimiz yoxmuş! Sən demə, üçümüzü də suya susuz aparıb, susuz gətirərmiş...
– Bisavadlığına baxmayın, hazırcavablığına baxın, qızlar. İki daşın arasında kimin ağlına gələrdi belə çözüm?..
Darvazanın cırıldaması giley-güzarı yarımçıq kəsdi. Gələn qonşu Gülsərən idi. Tövşüyə-tövşüyə özünü kürsüyə salıb – gördüz, bunun da əri gəldi, - dedi. – İndi Gültəkin də daxmasını söküb ikimərtəbə tikdirər.
Firanı gülmək tutdu:
– Keçi can hayındadı, qəssab piy.
– Mədinə, sərin suyun var, yanıram, - deyən Gülsərən üzünü yelləyə-yelləyə mətləbə keçdi.
– Sərvinaz, sən də başbilənimiz. Mənə başa sal görüm, nə yolnan Fərruxun adını işdə saxlatdıra bilərəm. İstəyirəm üzümüzə gələn payız kişini alverə göndərəm. Müəllimlikdən bir şey çıxmır. İndiki zəmanədə ziyalıya qiymət verən yoxdu. Nə varsa, alverdə var.
– Dərdin nədi, ay Gülsərən? Niyə kişini çöllərə salırsan?
– Zaur da ikinci mərtəbə qaldırdı, ordan bizim həyətə baxır. Sağım-solum hamısı ikimərtəbədi. Ortada boynu bükük qalan ev bizimkidi. İndi bu Allahın mələməzi Gültəkin də qaldırar. Ondan soora gərək mən bu məhəllədə baş saxlamayam.
– Mən demişəm, arvadları öldürsə-öldürsə, bəhsə-bəhs öldürəcək. Kişilərinizi qızışdırıb göndərirsiz, sonra da haray-həşir qoparırsız ki, qoymayın ərimiz əldən getdi.
Ventilyatoru gətirib düz stolun başında qoşan Mədinə dilləndi:
– Mən əvvəlki evimdən də çox məmnundum. Bircə mərtəbə, üç-dörd otaq. Yığışdırıb-təmizləməyi də rahat olurdu. İndi ha əlləş ki, bir yana çıxassan. İnanın Əli gedəndən qonaq otaqlarının qapısını açmamışıq. Nə aşağıda, nə də yuxarıda. Gələnimiz kimdi? Mətbəxdə yeyirik. Sonra da hərə öz otağına çəkilir.
Söhbət Gülsərənin döşünə yatmadı. Ərik ağacının kövrək bir budağını şaqqıltıyla qırıb əlində hirsli-hirsli yelləməyə başladı.
– Sənin nə vecinədi? Əli qazanır, sən də eninə-uzununa xərcləyirsən. Hələ bir gileylənirsən də. Kişin gəlsin ayağını uzatsın otursun sənin yanında, onda görərəm gününü. Poçt rəisi olmağnan bu boyda qurqunu qurmaq olar? Sən küçəyə çıxanda ətrinin qoxusu ta bizim evə qədər gəlir. Bir saat doqqazda dayanıb o havanı iyləyirik.
Hamının gözü çağırılmamış qonağın əlindəki budaqda qalmışdı: üstü çiçəklə doluydu. Füruzənin qəlbi göynədi. Havaya danışırmış kimi söylənməyə başladı:
– Medina, fikir vermisən, məhəlləmizdə kişilər azaldıqca ikimərtəbəli evlərin sayı artır. Bunların başı xarabdı. Elə bilirlər pul qazanıb göndərməklə arvadı bəxtiyar edirlər.
– Bircə sən qalmışdın dillənməmiş, sən də dindin? İsmayıl ordunu çapıb-talamasa, sən bu evi nəynən tikəcəkdin?
Füruzəni od götürdü. Elə bildi başına bir qazan qaynar su tökdülər.
– Əvvəla, yaxşı bilirsən ki, bu evi mən tikməmişəm, qayınatamgil hazır alıb. İkincisi, mənim ərim güllə altında torpaq təəssübü çəkəndə, sənin Yaqubun xəstəlik kağızı çıxarıb oturmuşdu məktəbdə. Nəinki ərin, qayınların da, qardaşların da başını girələyirdi. Çinarlının şəhidləri, Qarabağ əlilləri arasında bir nəfər də sizinkilərdən yoxdu! Hələ dilin də var, danışırsan? İsmayıl kimi büllur adama böhtan atırsan!? Mən səni məhkəməyə...
Sərvinaz işin yoğunladığını görüb araya girdi:
– İsmayıl qardaşın təmizliyi dillərdə dastandı. Hamı bilir. Bütün əsgərlər, zabitlər başına and içirdi. Bilirsən niyə, Gülsərən? Çünki İsmayıl aldığı halal-hümbət maaşını evə göndərmirdi, onlara xərcləyirdi. Dəfələrlə şahidi olmuşam.
Gülsərən pisikdi. Dilinə yiyəlik etmədiyinə görə peşman olmuşdu.
– Adın gül olsa da, tikanların çoxdu, Gülsərən. Ətrindən qabaq tikanların batır. Cızdığı yeri qanadır.
Suyu süzülə-süzülə evinə dönən qadını əri danlayırdı:
– Məni direktorumun yanında başıaşağı elədin, Gülsərən. Nə vaxt bu zəhər dilinə yiyəlik eləməyi öyrənəcəksən?
– Sözümü dedim, ürəyimdən tikan çıxdı. Soorası noolur, olsun.
Mamedin gəlişi qəsəbəni silkələmişdi. Çoxunun başıpapaqlısı o tərəflərdə olduğundan, evlərin sözü-söhbəti o idi. “Görəsən qalacaqmı? Qalsa, arvadını boşayıb təzəsini alacaq, yoxsaaa?” Hamı intizarda ikən, Mamed öz kefindəydi. Hərdən Gültəkinlə Çiçəyi də yanına salıb aparırdı qonaqlıqlara. Gündə bir qohumun evində yeyib-içir, qürbətdə iş qurmağın fəndlərini anladırdı. Xeyli cavanları həvəsləndirmişdi. İşsizlik Çinarlının böyük bəlasıydı. Ona görə də buranın cəfakeş qadınları kişilərinin qabağını kəsə bilmirdilər. Taleyə boyun əymək, güzərana qurban getmək alınlarına yazılmışdı.
Elə ki, qonaqlıqlar qurtardı, Mamed daha Çinarlıda duruş gətirə bilmədi. Yenə çamadanını əlinə alıb yola rəvan oldu. Qəfil gəlişi kimi qəfil gedişi də beyinlərdə sorğular qoymuşdu: “Arvadının əməlindən xəbər tutdu, utandığından getdi, yoxsa heç bilmədi? Necə bilməz? Heç canıyananı yoxdu bu yetimin?” Camaat yozub-yozub axırı bu qənaətə gəldi ki, Mamed bəlkə də bildi, özünü bilməməzliyə qoydu. Nəyinə gərək artıq başağrısı. Gözünü açandan Rusetdədi. Orda arvadı da var, uşağı da. Yəqin burdakını da qocalığına ehtiyat saxlayır. Onsuz da o zaman zorla evləndirmişdilər.
Yenə sabah açılmışdı. Sərvinazın maşını qapıda əmrə müntəzir dayanmışdı. Darvazanın önündə qırmızı “Nissan Tiida”sını əyləyən Füruzə siqnallayırdı. Mədinə hazırladığı süfrəyə nəzər salıb arxayınlaşdı. Yay tətili başlayandan uşaqlar gec dururdular. Güzgüdə dodağını boyayıb özünə gülümsədi. Çantasını götürüb çıxdı. Yolda söhbət hərlənib-fırlanıb qonşuların üstünə gəldi.
– Medina, fikir veribsən, Mamed gəlib-gedəndən sonra Gültəkin lap arxayınlaşıb. Daha Çiçəyi qapı dalında durquzmur.
– Üslubunu dəyişib. Əjdərçik gələn kimi Çiçini uşaqlarla oynamağa göndərir. – Mədinə yerində dikəldi. Rəfiqəsinin biləyindən tutdu. –Ancaq sən bircə addım qapıya yaxınlaş, o saat Çiçi oyunu yarımçıq qoyub özünü təngnəfəs yetirəcək. Fira, istəyirsən bir gün yoxla.
– Cəhənnəm olsunlar anası da, qızı da. Mən belə abırsız adamlar görməmişəm. Qoy yuxarı sinfə çatsın, mən o Çiçəyə deyəcəyimi deyəcəm.
– O vaxtadək gec olmasın?..
Füruzə dönüb rəfiqəsinin üzünə baxdı. Sürəti artırıb təzəcə salınmış körpünün üstündən keçdi. Mərkəzi parkın arxasından fırlanıb düz poçtun qabağında saxladı.
– Gülə-gülə, Medina. Axşam qayıdanda burdan keçəcəm. İşdə olsan, bərabər dönərik.
– Okey.
Axır vaxtlar Mədinənin bikef olduğu Füruzənin gözündən yayınmamışdı. Hər vəchlə rəfiqəsinin fikrini yayındırmağa, onu qorumağa çalışırdı. “Əlinin xiffətini eləyir. Gəlib çıxsaydı...”
Mədinə işçiləriylə salamlaşıb otağına keçdi. Yeni avadanlıqlar almışdılar. Bu gün onların quraşdırılmasını başa çatdırmalıydılar. Poçt xidmətlərinin keyfiyyəti üzrə yarışlara bir aydan da az vaxt qalırdı. Bu dəfə də qalib gəlməliydi, mütləq. Birinciliyi əldən vermək istəmirdi. İşindəki uğurlar ona stimul verirdi. Gözü qarşısındakı sənədlərə baxsa da, fikri qonşuda qalmışdı. Axır vaxtlar Əjdərçikin Gülügilə gəlib-getməsi tez-tez gözünə batırdı. Bostanını hər suvaranda torpaqdan gələn azadlıq qoxusu da bir yandan ruhunu qıcıqlandırırdı. Şitillər tutmuşdu. Bu gün-sabah bar verəcəkdi. Əlidən isə hələ də xəbər yox idi. Qadın azadlıq qoxusunun doğurduğu duyğularla mübarizə etməkdən yorğun düşmüşdü. “Yaxşı ki bu Fira var. Ərinin qabağında əmrə müntəzir dayanan Naza var. Nabat müəllimə kimilər, lap o başdanxarab Gülsərən var. Yoxsa Gülü kimi qonşuya baxa-baxa adam gorunu oda yaxar.”
Gündən-günə içinə işləyən azadlıq qoxusu Mədinəni rahat buraxmırdı. Tərslikdən Əli də bu yay lap gecikirdi. Hey söz versə də, gəlib çıxmaq bilmirdi. Mədinə azadlıq duyğusuyla çarpışa-çarpışa qalmışdı. Yavaş-yavaş azadlığın qoxusu azadlıq qorxusunu üstələyirdi. İstəməsə də.
may 2014