Modern.az

Restoranların fəaliyyəti nəzarətə götürülür - YENİ QANUN QƏBUL EDİLƏCƏK

Restoranların fəaliyyəti nəzarətə götürülür - YENİ QANUN QƏBUL EDİLƏCƏK

27 May 2014, 09:27

Milli mətbəx mədəniyyəti haqda elmi və elmi-kütləvi nəşrlərinin həyata keçirilməsi, baza təhsilinə və peşəkar dərəcələrə malik olmayan şəxslərin Kütləvi İaşə sistemində çalışması qadağan ediləcək. Modern.az xəbər verir ki, son illər geniş müzakirə mövzusu olan iaşə obyektlərində təsadüfi insanların işləməsinin tənzimlənməsi “Kulinariya haqqında qanun” layihəsinin qəbulundan sonra öz həlllini tapacaq. Bundan başqa təhsil və elmi-tədqiqat müəssisələrində tədqiqatçı kadrların hazırlanması və bu sahənin AMEA- da təmsil edilməsi nəzərdə tutulub.

Qanunda klassik mətbəx irsinin qorunması üçün milli mətbəx muzeyinin yaradılmasının, saxlanmasının və inkişafının təmin edilməsi, canlı etnoqrafik nümunəvi muzey restoranlar şəbəkəsinin yaradılması da əks olunub. Hazırda üzərində işlənilən qanun layihəsində iaşə müəssisələrinin daşıdığı adlara uyğun menyu verilməsi də ön plana çəkiləcək. Əgər iaşə obyekti milli adlar, brendlər daşıyarlarsa, məsələn, xəngəlxana, kababxana, Borçalı, Şuşa, Azərbaycan və s. verilən iaşə müəssisələrində daşıdıqları adlara uyğun xörək çeşnisi (menyu) təqdim etməlidir. Çeşnilər, texnoloji kartlar, xörək nüsxələri (düsturları) dövlət tərəfindən göstərilmiş peşəkar aşpazlar tərəfindən təsdiq edilməlidir. Bu, həm də restoranların “necə gəldi” fəaliyyət göstərməsinin qarşısını alacaq. Bu qəbildən olan hər bir müəssisə adına uyğun fəaliyyət göstərəcək.

Qeyd edək ki, analoji qanun dünyanın bir çox aparıcı ölkəsində mövcuddur. Bu qanun həm milli kulinariyanın qorunması, həm də insanlara xidmətin standartlara uyğunlaşması üçün çox vacibdir. Müşahidəçilər isə restoran sahiblərinin bu qanun layihəsinə qarşı gedəcəkləri qənaətindədirlər. Çünki bu layihənin qəbul olunacağı təqdirdə Azərbaycanda ən gəlirli sahələrdən hesab edilən restoran və bu tipli müəssisələrin fəaliyyəti qanunla tənzimlənəcək. Bu isə çoxuna sərf etməyəcək.

Məlumat üçün bildirək ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmalı olan bu qanun layihəsinin müəllifi Mədəniyyət Komitəsinin üzvü Leyla Abdullayevadır.

 

Gültəkin ƏLƏSGƏR

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...