Sabah Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı il dönümü tamam olur. Modern.az Cümhuriyyətin müstəqilliyinin möhkəmlənməsində, milli ideologiyanın inkişafında fəal rol oynayan mətbuat və jurnalistlərdən danışacaq.
Qeyd edək ki, Cümhuriyyət dövrü Azərbaycanında 60-a qədər mətbu orqan fəaliyyət göstərirdi. Onlardan 28-i – Azərbaycan, 20-si – rus , 12-si isə qeyri dillərdə çap olunurdu. Əsas üzdə olan mətbu orqanlar isə “İstiqlal”, “Bəsirət ”, “Qurtuluş ”, “Azərbaycan ” idi. Bundan əlavə, Müsavat Partiyasının “Müsavat ” adlı qəzeti dərc olunurdu. ”İnsanlara hürriyyət, millətlərə müsavat” şüarı ilə çıxan bu mətbu orqanının ən fəal əməkdaşı Məmməd Əmin Rəsulzadə və Əhməd Həmdi idi. “Müsavat” qapandıqdan sonra onun yerinə “İstiqlal” qəzeti çap olundu. İlk sayı 1919-cu ildə çıxan qəzetin 2 ildə 51 sayı işıq üzü görüb.
Cümhuriyyət dövrü mətbuat tarixi araşdırmaçı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin mətbuat tarixi kafedrasının dosenti Qərənfil Quliyevanın sözlərinə görə, ADR dövründə yaranan jurnalistikasında milli müstəqilliyi, demokratik quruluşu, insan azadlığını, ordu quruculuğu, gənc dövlətin müstəqilliyinin qorunması və beynəlxalq aləmdə daha çox tanıdılmasını prioritet məsələ idi. AXC dövrü Azərbaycan mətbuatının flaqmanı şübhəsiz ki, “Azərbaycan” qəzeti idi.
““Azərbaycan” iki - rus və Azərbaycan dilində çıxırdı. Rus dilinə çıxan saylarının redaktoru Şəfi bəy Rüstəmbəyli idi. Qəzetin ilk və əsas redaktoru Ceyhun Hacıbəyli olub. Paris sülh konfransına gedəndə isə qardaşı Üzeyir bəy onu əvəz etdi.
O zaman Orucov qardaşlarının mətbəəsi və mağazası var idi. Mərkəzdə nə baş verirdisə hamısı başda “Azərbaycan” olmaqla bir sıra qəzetlərdə işıqlanırdı. Mən arxiv sənədlərinə istinadən deyə bilərəm ki, bəzi bölgələrə qəzetlər çatdırılırdı. Əlbəttə ki, demirik yüksək səviyyədə təşkil olunurdu. O vaxt heç bunun üçün lazımı imkanlar da yox idi.
İki jurnal nəşr olunurdu: “Övraqi Nəfisə” və “Əfkari mütəəlimin”. Bu iki jurnal heç bir partiyanın, siyasi mövqelərini, fikirlərini əks etdirmirdilər. “Övraqi Nəfisə” sırf mədəniyyət teatrlar barədə yazılara yer ayırırdı. Cəmi altı nömrəsi çıxdı. Üzeyir bəyin qardaşı Zülfüqar Hacıbəyov baş redaktor idi. O biri jurnal da yalnız elm və təhsilin inkişafına həsr olunan məsələləri qaldırırdı”.
Elmin Nuri