Bu yazıçı bütün həyatını, yaşam tərzini və daxili əhval-ruhiyyəsini “Çevrilmə” hekayəsində çox böyük ustalıqla əks etdirə bilib. Əslində dostu Maks Brod onun vəsiyyətinə əməl etməyib bütün külliyyatını yox, təkcə həmin hekayəni çap etsəydi belə, bu, Kafkanı dünyaya tanıtmağa kifayət edərdi. Amma bu hekayə Kafkanın sağlığında çap olunan tək –tük əsərlərindən idi. Başqalarının çapına isə psixoloji xəstəlik səviyyəsinə çatan qısqanclıq (bəlkə də təcrid olunma, çəkinmə) səbəbindən icazə vermirdi. Ölərkən dostu Maks Broda da vəsiyyətində məhz, bunu xahiş edib.
Modern. az saytı “Məşhurların vəsiyyəti” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə öz vəsiyyətlərini dünya ədəbiyyatının ən sirli yazarlarından olan Frans Kafka deyəcək.
Ömrünün son həftəsində nitqini də itirən yazıçı qulluğunda durub qayğısını çəkən adamlarla kağız-qələmlə danışmalı olub.
Ən ağır vəziyyətdə də yumor hissini itirməyən yazıçının həkimə yazdığı məşhur sözlər də bəllidir: «Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz”.
1924-cü ilin mayı.. 40 yaşını yeni haqlamış Kafka artıq ömrünün son günlərini yaşayır. Bir neçə gün keçəcək və o, hətta nitqini də itirəcək. Yanındakı sadiq dostlara isə kağız-qələmlə müraciət edəcək. Yazılı müraciətlərin biri isə sonradan ədəbiyyat dünyasının zərbi - məsəli olacaq: “Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz”.
Ömrünün son illərində yazıçı Berlindəki evdə yenə də guşənişin həyat tərzi keçirib. 1924-cü ildə ən yaxın dostu Maks Brod yazıçını çox pis halda evində xəstə yatarkən tapır və həmən onu Praqaya gətirir. Amma Praqa xəstəxanasındakı lazımı şəraitin olmaması onları Vyanaya gəlməyə məcbur edir. Kafkanı Vyanadakı xəstəxanada yatırırlar. Artıq o zaman yəhudi əsilli yazıçının səhhəti qətiyyən yerində deyildi. Yazıçını mütəmadi olaraq iki – üç adam ziyarət edirdi ki, onlardan birincisi də Maks Brod olur. 1924-cü ilin iyununda Kafka dünyasını dəyişir. Maks Brod isə ona sonuncu dəfə may ayının 12-də baş çəkir. Ölüm qabağı dostunu görə bilməsə də karandaşla onun üçün belə bir vəsiyyət qoyur:
“Əzizim Maks, yəqin ki, bu dəfə mən daha yataqdan qalxa bilməyəcəm; bir ay ərzində məruz qaldığım ciyər isitməsindən sonra ağ ciyərin iltihabı tamamilə mümkündür və müəyyən təsir gücünə malik olsa da, hətta bu barədə yazmağımın özü də sətəlcəmin qabağını almaqda acizdir.
Yaranmış vəziyyətdə mənim indiyəcən yazdıqlarıma dair vəsiyyətim belədir:
Yazdıqlarımdan yalnız bunlar etibarlıdır: «Hökm», «Ocaqçı», “Çevrilmə”, ”İslah koloniyasında”, ”Kənd həkimi” və “Qoloda” novellası “ Müşahidə”nin mövcud olan bir neçə nüsxəsi qoy qalsın, onları məhv etmək üçün heç kəsə artıq əziyyət vermək istəmirəm, ancaq bu nüsxələrdən heç biri yenidən çap olunmamalıdır.
Yalnız o beş kitabı və novellanı etibarlı sayıram dedikdə, bununla mən heç də onların təkrar çapını və gələcək üçün saxlanmasını arzu etdiyimi nəzərdə tutmuram, əksinə, əgər onlar tam şəkildə sıradan çıxsaydılar, bu əsl mən istəyən olardı. Amma bir halda ki mövcuddurlar, sadəcə mən onları saxlamaq arzusunda olanlara əngəl törətmək istəmirəm.
Qalan bütün yazdıqlarım (qəzetlərdə çap edilənlər, əlyazmaları yaxud məktublar) tam istisnasız olaraq yandırılmalıdır; onların hamısı xahişlə, minnətlə – nəyin bahasına olursa-olsun, göndərilən ünvanlardan geri alınması və yandırılması yaxşı olardı. Oxunmadan (onlara baxmağı sənə yasaq etmirəm, amma baxmamağın mənə daha xoş olardı; hər halda başqası onları görməməlidir, – tam istisnasız olaraq hamısı yandırılsın və xahiş edirəm, bunu mümkün qədər tez edəsən”.
Kafkanın Maks Broda ünvanladığı başqa bir qeyd də var ki, o da demək olar ki, eyni məzmunludur. Aşağıda sizlərə təqdim edəcəyimiz vəsiyyət (qeyd) yazıçının yazı masasının üstündəki kağızlar arasında tapılıb:
“Əzizim Maks, son xahişimi dinlə: mənim mirasım içində (yəni kitab yeşiyində, dəyişək dolabında, yazı masasında, evdə, dəftərxanada, yaxud harasa düşən və sənin gözünə sataşan hər hansı yerdə) gündəliklərdən, əlyazmamdan, özümün və özgənin məktublarından, rəsmlərimdən və ilaxır, – hər nə tapılsa, hamısı oxunmadan məhv edilməlidir. Yazdıqlarımdan, çəkdiklərimdən səndə nə varsa, hamısını yandırarsan, başqalarında olanları da yandırmağı mənim adımdan xahiş edərsən. Məktubları sənə qaytarmaq istəməyənlər, qoy onda zəhmət çəkib özləri onları yandırsınlar”.
Elmin Nuri