“Bu sadəcə Ermənistanın bir oyunudur”. Bunu Modern.az-a siyasi ekspert Rasim Ağayev deyib. O, Dağlıq Qarabağın Gömrük İttifaqı perspektivlərini şərh edərkən bildirib ki, əslidə Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağın Gömrük İttifaqına üzv olacağını bəyan etməyib. “Bunu onun partiyasından bəyan ediblər. Yalnız bundan sonra Ermənistanın baş naziri Ovik Abramyan söylədi ki, “Ermənistan Dağlıq Qarabağ bir məkanda olacaqlar. Təbii ki, Ermənistan bu məsələdə Rusiya ilə razılaşır. Zənnimcə, bu oyundur və Moskva Ermənistanın əli ilə Azərbaycana müəyyən təzyiq göstərir”.
R.Ağayevin fikrincə, sonda Rusiya və Qazaxıstan Qarabağı təşkilata üzv qəbul etməyəcək və Ermənistan bu məsələdə vaxt qazanmağa çalışacaq.
“Əgər onlar Rusiyanı inandıra bilsələr, faktiki olaraq Dağlıq Qarabağı öz əraziləri kimi leqallaşdıra biləcəklər. Ancaq məsələ bundan artıq getməyəcək. Rusiya və Qazaxıstan Dağlıq Qarabağı Gömrük İttifaqına üzv etsələr, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin nizamnaməsini pozmuş olacaqlar. İnanmıram ki, Dağlıq Qarabağ Gömrük İttifaqına üzv olsun. Çünki mayın 29-da onlar Gömrük İttifaqına üzvlüklə bağlı müqavilə imzalamalı idilər. İndi bu müqavilənin imzalanması iyulun 1-dən sonraya qalıb. Görünür, Ermənistan istədiyini əldə edə bilməyib”.
Vüqar İsmayılov