Türkiyədə Azərbaycanın sığorta-pensiya sisteminin informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarə olunması barədə təqdimat keçirilib.
2014-cü il mayın 21-dən 24-dək Türkiyə Respublikasının İstanbul şəhərində Dünya Bankının təşkilatçılığı ilə “İnformasiya sistemlərinin İdarə edilməsi və sosial müdafiə proqramlarının modernləşdirilməsi” mövsuzunda Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Forum keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, forumda Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları iştirak edib. Forumun gedişində region ölkələrinin sığorta-pensiya sistemlərində informasiya kommunikasiya texnologiyalarının tətbiqi, mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsi və bu kimi digər məsələlər üzrə müxtəlif ölkələrin təcrübəsi, nailiyyətləri və problemləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb. Forumda Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Azərbaycanın sığorta-pensiya sisteminin informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarə olunması mövzusunda təqdimatla çıxış edib. Azərbaycanın sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə təcrübəsi tədbir iştirakçılarında böyük maraq doğurub.
Modern.az