Modern.az

“Rauf Mirqədirovla bağlı istintaq deyil, paralel əməliyyat tədbirləri aparılır”

“Rauf Mirqədirovla bağlı istintaq deyil, paralel əməliyyat tədbirləri aparılır”

Təhsil

27 May 2014, 12:40

Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov dövlətə xəyanətdə şübhəli bilinən “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun işi ilə əlaqədar dəhşətli faktların ortada olduğunu bildirib. R. Mirqədirovun işi ilə bağlı dindirilən Ü. Cəfərov bəzi məqamları qısa da olsa,  ictimaiyyətin diqqətinə çatdırarkən Müdafiə Nazirliyindəki bir qism şəxsin düşmən dövlətə hərbi sirlər ötürdüyünü vurğulayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert, Azərbaycan xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı İlham İsmayıl Ü.Cəfərovun istintaq materialları əsasında səsləndirdiyi fikri şərh edib. O, Modern.az saytına açıqlamasında düşmən olan və olmayan ölkələrin öz maraqlarına uyğun informasiya əldə etməyə çalışdığını bildirib.

“Məxfi olan sirləri əldə etmək üçün isə böyük planlar işləyirlər. Ermənistanın bizim ölkə haqqında informasiya almaq cəhdi, xüsusilə də hərbi xarakterli informasiya əldə etməyi başa düşüləndir”,- deyə İ. İsmayıl söyləyib.

Ekspert R.Mirqədirovun işi ilə bağlı konkret nəsə deməyin çətin olduğu qənaətindədir. “Üzeyir Cəfərovun bildikləri və istintaq sirri olduğu üçün açıqlamadıqları haqqında da falçılıq etmək lazım deyil. Sadəcə mənə elə gəlir ki, yalnız istintaq deyil ,əməliyyat tədbirləri paralel aparılır, psixoloji proseslər baş verir. Əgər kimsə düşmənə bilərəkdən informasiya ötürübsə, kimliyindən asılı olmayaraq cəzasını almalıdır”.

Qeyd edək ki, Türkiyədən deportasiya olunaraq Azərbaycanda həbs edilən R.Mirqədirova qarşı açılmış cinayət işi ilə əlaqədar bir çox tanınmış şəxs dindirilib. R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və onlara məlumat ötürməkdə şübhəli bilinir.

Yeri gəlmişkən, mayın 24-də Raufun atası Həbibulla Mirqədirov vəfat edib. İstintaq altında olan jurnalist həmin gün müvəqqəti azadlığa buraxılıb. Mayın 26-da atasının üç mərasimi veriləndən sonra Rauf Mirqədirov MTN-in təcridxanasına qaytarılıb.

Bu gün isə jurnalistin anası Rəfiqə Mirqədirova prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Rauf Mirqədirovun azadlığa çıxması üçün müraciət edib. O qeyd edib ki, Rauf Mirqədirov saf və təmiz insandır, onun cavanlığını, atasının rəhmətə getməsini, anasının qoca olmasını nəzərə alaraq onu buraxsınlar.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu