Modern.az

“Başsağlığı bazarı bizdədir” - Rəhmətliklər barədə qəzet ELANLARI

“Başsağlığı bazarı bizdədir” - Rəhmətliklər barədə qəzet ELANLARI

27 May 2014, 12:49

Bu gün qəzetlər maliyyə ehtiyaclarını ödəmək üçün reklam və elanlardan istifadə edirlər. Elanlar sırasında başsağlığı da var.

Modern.az saytı qəzetlər arasında sorğu keçirib. Başsağlıqlarının qiyməti necədir? Başsağlıqlarından gələn gəlir qəzetlərin maliyyə ehtiyacları üçün nə dərəcədə rol oynayır?



“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı
düşünür ki, başsağlığından qazanc əldə etmək indiki məqamda real deyil: “Ümumiyyətlə, indiyə qədər biz başsağlığı elanlarına görə nadir hallarda vəsait almışıq. Dost, tanış, yaxın insanlar müraciət ediblərsə, onların başsağlıqlarını veririk və ya nəşriyyatın özündə kiməsə başsağlığı vermək lazım olursa, onu veririk. Yəni, indiki məqamda Azərbaycanda başsağlığından hər hansı bir qazanc əldə etmək mənə elə gəlir real deyil. Adi insanlardan başsağlığı elanı ilə bağlı müraciət edənlər də var. Onlar birbaşa bizə müraciət etmir. Nəşriyyata müraciət edir, bizə o başsağlıqları gəlir. Bildiyim qədər 1 başsağlığının qiyməti 5 manat olmalıdır”.



“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:
“Başsağlığı  elanı ilə bağlı hər kəs müraciət edə bilər. Bu, Azərbaycan mətbuatının bir ənənəsidir. “Yeni Azərbaycan” qəzeti də bu ənənəyə uyğun olaraq elanla bağlı müraciət edən bütün vətəndaşların arzularını yerinə yetirir. Başsağlığı, ümumiyyətlə elanlara görə biz tipik xidmət haqqı alırıq. Xidmət haqqının miqdarı reklamın və yaxud başsağlığının həcminə görə, yəni işarələrin sayına görə hesablanır. Amma partiya üzvlərimiz, yaxınlarımız, Azərbaycan mətbuatının tanınmış nümayəndələri ilə bağlı olan başsağlıqlarını pulsuz veririk. Ancaq adi adamlara pullu olur”.


“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova
görə başsağlığı xidmətinin olmağı vacibdir:
“Hər bir qəzet, hər bir KİV çalışır ki, reklam və elanla müəyyən bir vəsait qazansın, özünü dolandırsın. Başsağlığı da həmin o elan tiplidir. İndi başsağlığı bazarı “Azərbaycan” qəzetindədir. Çünki bu qəzet müstəqillik dövründə öz fəaliyyətini yenidən bərpa etdi. O vaxtdan başsağlığı elanları veririk. Bu gün artıq hamı alışıb ki, kiminsə əzizi rəhmətə gedəndə yaxınları ona öz təsəllisini vermək üçün bizim qəzetə gəlirlər. Və insanlar da kimsə dünyasını dəyişibsə, ondan xəbər tutmaq üçün bizim qəzeti oxuyurlar. Bu mənada bir az kobud səslənsə də, amma reallıq budur ki, başsağlığı bazarı bizdədir, bunu reklam dilində deyirəm. Reklamdan götürdüyümüz gəlirin 30%-i başsağlığından gəlir. Bizə müraciət edib müəyyən məbləği ödəyənlərin başsağlıqlarını qəbul edib veririk. Sadəcə çalışırıq ki, müraciət rəsmi olsun, başsağlığını yazılı formada təqdim etsinlər. Çünki bəzən başsağlığında adlar, ünvanlar düz getmir. Bəzən hətta insanlar zarafatca bir-birinə başsağlığı veriblər.
Bir başsağlığının qiyməti 40 manatdır. Bu gizli deyil, açıq rəqəmdir. Könüllüdür, kimin o vəsaitə gücü çatırsa, müraciət edirlər, veririk. Bu, qəzetimizin maliyyə durumuna çox yaxşı təsir edən məqamlardan biridir. Biz istəmərik ki, kimsə cavan dünyasını dəyişsin, amma ölüm haqdır. İnsanlar da bir-birinə başsağlığı verirlər. Ona görə bu xidmətin olmağı da vacibdir”.



“525-ci qəzet” in baş redaktoru Rəşad Məcid
bildirdi ki, onlar başsağlığından qazanc əldə etmirlər: “Biz başsağlığını pulsuz veririk. Heç vaxt onun üçün pul almamışıq. Tanış olan, münasib olan adamlar zəng edir, başsağlığı veririk. Amma kənar adamların müraciəti ənənəsi yoxdur”.



“Xalq qəzeti”nin reklam şöbəsi:
“Yaxın, qeyri-yaxın yoxdur, kim başsağlığı elanı vermək istəyir, rəsmi şəkildə ödəniş edir, veririk. Başsağlığının qiyməti isə bir adam 10 manatdır. Elə başsağlığılar da olur ki, qiyməti 20, 30 manat olur. Adamların sayından asılıdır”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi