İnternet KIV-lərin inkişafı informasiya agentliklərini özlərinin ənənəvi iş qaydalarına ciddi korrektlər etməyə vadar edib. Saytlarda “xəbər yağışı”nın bolluğu informasiya bazarının formatını qeyri-müəyyən edib. “İnternet era”sından əvvəl ölkənin bütün qəzetləri informasiya agentliklərinin xəbərlərinə pullu abunə olurdu. Əks təqdirdə günün vacib xəbərini qaçırmaq qorxusu var idi. Xəbər satan agentliklər də bu yolla biznes qaydalarına uyğun olaraq işlərini tənzimləyirdilər.
İndi isə bu sahədə vəiyyət qeyri-müəyyəndir. Bütün məşhur informasiya agentlikləri öz xəbərlərini pulsuz-parasız internetdə yayımlayır və “ən birinci yayan” statusunu əldə etməyə çalışırlar. Bəs belə şəraitdə qəzetlərin informasiya agentliklərindən abunə yolu ilə xəbər almağa maraqları qalıbmı?
Modern.az ölkənin aparıcı qəzetləri arasında “informasiya agentliklərindən ödənişli informasiya alırsınızmı” sualı ilə sorğu keçirib.
“525-ci qəzet” in baş redaktoru Rəşad Məcid: “APA və Trend İnformasiya Agentliyindən ödənişli informasiya alırıq”.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: ““Turan” agentliyi və APA ilə əməkdaşlıq edirik”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Əvvəllər informasiya agentliklərindən ödənişli informasiyalar alırdıq. Məsələn, “Trend”, APA, “Turan” agentliklərindən. Amma indi informasiya almırıq. Çünki indi o informasiyalar açıqdır. Yəni, o informasiyalar bəlli olan informasiyalardır. Ona görə də ödənişli informasiya almağa ehtiyac görmürük”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı: “Əvvəllər də informasiya agentliklərindən informasiya alırdım. İndi qəzetimizin dövriliyini azaltmağıma baxmayaraq alıram. APA və “Turan” informasiya agentliklərindən ödənişli xəbər bülletenləri alıram”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov: “Ödənişli informasiyanı ancaq AzərTac-dan alıram”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu: “Agentliklərin informasiyalarından bəhrələnirik. APA, “Trend”, AzərTAc-dan məlumat alırıqı”.
“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı: “Bu gün əksər qəzetlər APA İnformasiya Agentliyindən ödənişli informasiya alır. Fərqi yoxdur, dövlət, müstəqil, müxalifət qəzetləri-hamısı bizim abunəçimizdir. Abunəçilərimizin sayı günü-gündən artır”.
Misranə Həsənzadə