Şərqdə ilk demokratik respublika qurmuş millətik. 1918-ci ilin 28 mayında millətimizin sayseçmə oğullarının milli iradənin təcəssümü kimi Tiflisdə elan etdikləri Azərbaycan Xalq Cümhuriyyəti yüz illər keçəcə, qürur mənbəyimiz, istinad yerimiz kimi əziz tutulacaq.
Xəlq olunmuş hər millətə qismət olmur istiqlaliyyət qazanmaq, dövlət qurmaq, hələ üstəlik də bu dövləti parlamentli respublika etmək. Bu baxımdan, özümüzə dünyanın kiçik pəncərəsindən baxmaq kimi xüsusiyyətimizi tərgitməli, şanslı millətlərdən olduğumuzun qürurunu yaşamağı başarmalıyıq.
“28 May – Respublika Günü”. Bu təqdimat nə dərəcədə doğrudur və tarixi, siyasi gerçəsi nə qədər ifadə edir? 28 May ancaq “Respublika Günü”dürmü? 28 Mayın yalnız “Respublika Günü”nə sığışdırılması, o şərəfli günün tarixi, siyasi, mənəvi əhəmiyyətini kiçiltməyə gətirib çıxarmırmı?
Axı, “respublika” - hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Dövlətimiz olmayandan sonra bu idarəetmə formasını harada, necə tətbiq edə biləcəkdik? Dövlətimizin var olması üçünsə ilk növbədə İstiqlaliyyətimiz olmalı idi.
28 May günündə ilk növbədə Azərbaycan adlı bir dövlət, Azərbaycanın istiqlaliyyəti elan edildi. İstiqlal Bəyannaməsinin birinci maddəsində deyilirdi: “Bu gündən etibarən Azərbaycan xalqı həqqi-hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir”.
Bəyannamədə ölkənin dövlət idarə formasının “Respublika” – “Xalq Cümhuriyyəti” olması məhz İstiqlaliyyət elanı maddəsindən sonra gəlir: “Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir”.
Bu o deməkdir ki, 28 May ilk növbədə İstiqlaliyyət Günü, İstiqlaliyyət bayramı kimi millətimizin yaddaşında, həyatında özünə ünvan almalıdır.
Müstəqil dövlətimiz “Respublika” olmaya da bilərdi. Başqa bir dövlət idarə üsulu da seçilərdi... Ancaq 28 May yenə də istiqlaliyyətimizin bəyanı günü, Azərbaycanın müstəqil dövlət kimi həyata doğduğu ilk gün kimi qalacaqdı.
Ona görə də, 28 Mayın məhz İstiqlaliyyət Günü adlandırılması və bayram olaraq bu ruhda qeyd edilməsi, bütün mənalarda daha doğrudur.
1990-cı ildən 28 May Respublika günü kimi qeyd edilir.
18 oktyabr isə “Dövlət Müstəqilliyi Günü” kimi qeyd edirik. Halbuki,
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi” elan olunmuşdu. Sonrakı dövrlərdə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin əksər simvollarını, tarixi günlərini qəbul etməklə, həm də o dövlətin hüquqi-siyasi varisi olduğunu bir daha təsdiqlədi. Ona görə də, 18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması daha məntiqlidir. Bunu etməklə, 28 Mayın həqiqi haqqı – İstiqlaliyyət Günü olması da öz yerini tapar.
Respublikamıza yol İstiqlalımızdan keçib. İstiqlalımızı uca tutaq, Respublikamız yaşasın!