Bu gün Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 96-cı il dönümüdür. Rəsulzadə təbirincə desək, yoxdan bir bayraq var edən cumhuriyyət fədailəri bu gün də hamı üçün zülmətdə işıq rolunu oynamaq qabiliyyətini itirməyib. Çünki hazırda yaşadığımız müstəqil Azərbaycan Respublikası məhz, onların beynində və ruhundakı milli ideoloji cücərtilərin məhsuludur. Cumhuriyyət fəadailərindən danışılarkən haqlı olaraq Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Əlimərdan bəy Topçubaşov, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Fətəli xan Xoyski eləcə də başqalarının adı çəkilir. Amma bir məqam o qədər də geniş şəkildə qeyd olunmur. Bu da AXC dövründə maarifçi, mədəni, ictimai sahədə fəaliyyət göstərən mütərrəqqi fikirli Azərbaycan qadınlarıdır. Modern.az saytı məhz, bu gün həmin qadınlardan danışmağı özünə borc bildi:
Cumhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni- maarifçi, sosial ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisitik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində cumhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilir. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cımiyyətdə qadının da rolunu artırdı.
Bu dövrün ən fəal xanımı Şəfiqə xanım Əfəndizadə hesab olunur. O, ali təhsil almamasına baxmayaraq həm publisist , həm də pedaqoq kimi çox dəyərli fəaliyyətə sahiblənib. Şəfiqə xanım sonradan imtahan verərək gimnaziyada dil və şəriət müəlliməsi işləyir. Cumhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq orada bütün Azərbaycan qadınlarını təmsil etmiş olur. Bu xanım mütərrəqqi fikirlərinə görə xeyli təzyiqlərə də məruz qalır. Məsələn, bir gün yas məclisində kişilərin yığışdığı məkana daxil olur və mollanın qələtini düzəldir. Baxmayaraq ki, o zaman qadının kişi məclisində olması qadağan idi. Amma buna rəğmən Şəfiqə xanım savadsız molla ilə də mübahisə edir ki, bu da məclisdəkilərin hiddətinə səbəb olur.
Maraqlı məqam ondan ibarətdir ki, cumhuriyyətin aktiv xanımlarının əksəriyyəti o dövrün tanınmış rəhbər maarifçilərininhəyat yoldaşları idilər. Məsələn, Əlimərdan bəy Topşubaşovun xanımı Pəri xanım Topşubaşova və Nəsib bəy Yusifbəylinin xanımı Şəfiqə xanım Yusifbəyli gimnaziyada dərs deməklə yanaşı həm də maarifçilik istiqamətində qadın hüquqlarından bəhs edən yazılar da yazırdılar. Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova da cumhuriyyətin fəal qadınları haqqında danışarkən bu məqamı xüsusi qeyd edir: “Milli istiqlal hərəkatının yükşəlişində qadınlarımızın da öz payı var. Onlar əsasən “Nəşri Maarif”, “Nicat” cəmiyyətlərində ictimai, maarifçi və xeyriyyə işləri ilə məşğul olurdular. Cumhuriyyət dövrünün faəl xanımlarından Şəfiqə Əfəndizadəni göstərə bilərik. Qeyd edək ki, həm Şəfiqə xanım və dövrün digər ziyalı qadını Sara xanım qurultayda başıaçıq çıxış edəndə az qala böyük İsmailiyyə binası alqışlardan titrəyirdi. İnsanlar bir ağızdan “yaşasın hüruriyyəti nisvan” deməklə bu iki xanımı alqışlayırdılar. Daha sonra Kazanda ümumrus müsəlmanlar qurultayı keçirildi. Orada da Şəfiqə xanım Əfəndizadə, Səlimə xanım Yaqubova iştirak edirdilər. Səlimə xamım hətta qurultayın idarə heyətinin üzvi də olub. Bu xanımların qurultayda aktiv fəaliyyətinin nəticəsi olaraq gündəliyə qadın məsələsi də salınır. Şəfiqə xanımın üzərində çox dayansaq deyə bilərik ki, bu xanım ali təshilli olmamasına baxmayaraq həm parlamentdə stenoqramçı işləyir, həm gimnaziyada dərs deyir, həm də publisistik fəaliyyət göstərirdi. “Şərq qadını”, “Dəbistan” jurnalında çalışıb. “İşıq” jurnalı var idi ki, o Azərbaycanın ilk qadın jurnalı olub. Onun da baş redaktoru başqa bir maarifçi qadın Xədicə xanım Əliverdibəyova olub. Başqa maarifçi qadınlardan Nəsib bəy Yusifbəylinin xanımı İsmayıl bəy Qasoralının qızı Şəfiqə xamım Usubbəyovanı da göstərmək olar. O, Azərbaycanda az yaşamasına baxmayaraq eynilə həyat yoldaşı kimi cəmiyyət üçün nəsə etməyə çalışıb. Bu fəaliyyət də əsasən pedaqoji və publisistik istiqamətdə gedib. Milyonçu Murtuza Muxtarovun xanımı Liza Muxtarova da çox mütərəqqi fikirli xanım olub. O, qadın azadlığı, qadın təhsili məsələləri naminə əlindən gələn fəaliyyəti həyata keçirməyə çalışıb.”
Cumhuriyyətin bərqərar olunması 1875-ci ildən başlayan Milli Azadlıq Hərəkatının nəticəsi idi. Ona görə də cumhuriyyət ziyalılarından danışarkən ta o vaxtdan başlayan ziyalı, maarifçi zümrəsini xüsusi qeyd etmək gərəkir. XIX əsrin sonu, XX əsrin əvvəllərində aktiv fəaliyyət göstərən və əsas maarifçi, ictimai tribuna olan mətbuat cumhuriyyətə də dəyərli ziyalılar ötürmüşdü. Məsələn, o dövrün gənc ikən məhsuldar fəaliyyətdə olan xanımları cumhuriyyət dönəmində yaşlansalar da yenə də öz missiyalarını həyata keçirirdilər. Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikova və Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımı buna misal göstərə bilərik. Mətbuat tarixi üzrə araşdırmaçı Qərənfil Quliyeva bu nüansı xüsusi olaraq qeyd edir: “Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova yaşlansa da cumhuriyyət dövründə maarifçi missiyasını həyata keçirə bilirdi. Xatırladaq ki, o Tiflis gimnaziyasını bitirən ilk müsəlman qadın idi. Həsən bəy də onun adını qəzetdə görərkən təəcüblənmişdi ki, bu qədər rus, erməni, gürcü, cuhud tələbələrinin arasında bir müsəlman xanım da var. Odur ki, özü şəxsən Tiflisə gedib onunla tanış olmuşdu. Mirzə Cəlilin xanımı Həmidə xanım da cumhuriyyət dövründə kənarda çəkilib dayanmadı. Düzdür, o, həmin vaxtda Bakıda deyil, Qarabağda olmasına baxmayaraq, orada da nəsə etməyə çalışırdı. Məsələn, elə Cumhuriyyət dövründə xalça sexi açdırıb qadınları işə cəlb edirdi. Həmçinin, 1918-ci ildə erməni-müsəlman davasından qaçqın düşüb Qarabağa sığınan azərbaycanlılara kömək etmək üçün rəhbərliyə Nəsib bəy Yusifbəyliyə müraciət etmişdi. Haşım bəy Vəzirovun qızı Sona Vəzirovanı da göstərə bilərik. O, da çox fəal maarifçi xanım idi. Əlimərdan bəy Topçubaşovun xanımı, Həsən bəy və Hənifə xanımın qızı Pəri xanım Topçubaşova da Azərbaycanda az olmasına baxmayaraq o, tez - tez anası ilə birgə pedaqoji fəaliyyət göstərirdi. “
Cumhuriyyət fədailəri heç zaman unudulan deyil. Amma etiraf etmək lazımdır ki, o dövrdə aktiv fəaliyyət göstərən xanımlar bu gün istər elmi, istərsə də publisistik araşdırmalarda o qədər də nəzərə çarpmır. Baxmayaraq ki, təkcə Şəfiqə Əfəndizadənin maarifçi fəaliyyəti haqqında onlarla kitab yazmaq olar. Bu gün də cumhuriyyətin formalaşmasının 96-cı il dönümüdür. Modern.az olaraq fikirləşmirik ki, biz bu kiçik yazıda o dövrün aktiv qadınlarından danışdıq. Biz əslində elə KİŞİLƏRdən danışdıq. İdiki çağda bir çox erkək cinsində olanlara kişilik öyrədə bilənlərdən “kişi”lərdən...
Elmin Nuri