Modern.az

İctimai Teleradio Şirkətinin Yayım Şurasının üzvləri tam tərkibdə dəyişdiriləcək

İctimai Teleradio Şirkətinin Yayım Şurasının üzvləri tam tərkibdə dəyişdiriləcək

Təhsil

28 May 2014, 13:11

İctimai Televiziya və Radio Yayımlar Şirkətinin yayım Şurasının üzvləri avqust ayında tam tərkibdə dəyişəcək. Modern.az saytına daxil olan məlumata görə, quruma rəhbərlik edən BDU-nun professoru Cahangir Məmmədli də tutduğu postdan uzaqlaşacaq. Şura üzvlərini yeni simalar əvəzləyəcək.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.

Hazırlıqlardan sonra bu qurum 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb. Bu quruma ictimai nəzarət mexanizmi “İctimai Televiziya və Radio Yayımları haqqında” Azərbaycan respublikasının qanununda öz əksini tapıb. Həmin qanuna uyğun olaraq bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Yayım Şurası yaradılıb. Yayım Şurasının üzvləri alternativ əsaslarla ciddi müzakirədən sonra Azərbaycan Parlamenti tərəfindən təsdiq edilir. Yayım Şurasının üzvləri müxtəlif ictimai təşkilatları, cəmiyyətin fərqli təbəqələrini təmsil edirlər. Yayım Şurasının üzvləri rotasiya olunur, təmsilçilik sırasına yeni ictimai təşkilatların nümayəndələri də cəlb edilir. İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziya və Radio Yayımlar Şirkətinin fəaliyyətinə birbaşa yayım şurasının üzvləri nəzarət edir. Bu şuranən səlahiyyətləri aşağıdakılardır: Öz reqlamentini müəyyənləşdirir; Yayım şurası haqqında Əsasnaməni hazırlayıb təsdiq edir; Baş direktorun seçilməsi və ya vəzifəsinə vaxtından əvvəl xitam verilməsi üçün azı altı üzvünün razılığı ilə qərar qəbul edir; Baş direktorun təqdimatı ilə onun 3 müavinini vəzifəyə təyin və ya vəzifədən azad edir; vəzifə təlimatları və daxili tənzimləyici normalar hazırlayıb qəbul edir; ictimai yayımçının proqram strategiyasını və siyasətini təsdiq edir; lazım bildikdə yayımdan sonra proqramların monitorinqini keçirir; ictimai yayımçının büdcəsini və illik hesabatını təsdiq edir; ictimai yayımın konsepsiyasını hazırlayır, texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyənləşdirir; səbəbini yazılı şəkildə açıqlamaqla proqramlarla bağlı bu qanunun tələblərinin pozulması barədə baş direktora xəbərdarlıq edir və müvafiq tədbirlər görülməsinə dair göstəriş verir; azı altı üzvünün razılığı ilə Direktorlar şurasının qərarını ləğv edir; ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir; bu qanunla və Yayım şurası haqqında Əsasnamə ilə müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirir. Yayım şurası üzvlərinin Baş direktorun cari fəaliyyətinə hər hansı şəkildə müdaxiləsinə yol verilmir.

Yayım şurası ən azı iki ayda bir dəfə iclas keçirir. Yayım şurasının sədri və ya üzvlərdən üç nəfərinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər. İclaslar üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bu qanunla nəzərdə tutulmuş hallardan başqa, Yayım şurası iştirak edənlərin sadə səs çoxluğu ilə qərarlar qəbul edir. Səslər bərabər olduqda sədr həlledici səs üstünlüyünə malikdir.

Baş direktor və Direktorlar şurasının üzvləri Yayım şurasının iclaslarında məşvərətçi səslə iştirak etmək hüququna malikdirlər. Yayım şurasının üzvlərinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsindən ildə bir dəfə Baş direktorun bir aylıq vəzifə maaşı həcmində pul verilir. Hazırda bu şuraya Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli rəhbərlik edir. O, 2005-ci ildən İctimai Televiziya və Radio Yayım Şirkəti Şurasının sədri seçilib. Folklorşünas alim Muxtar İmanov, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) müəllimi Zemfira Qafarova, millət vəkili Fuad Muradov, “CASPEL” MMC-nin İdarə Heyətinin sədri Namiq Məmmədov, Azərbaycan Mədəniyyət İşçilərin Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin üzvüYusif Babanlı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev isə şuranın üzvləridir.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu