Modern.az

Baş nazirdən kitabxanaçı təyinatı

Baş nazirdən kitabxanaçı təyinatı

28 May 2014, 21:48

Bəlkə də bu, müstəqil Azərbaycanın tarixində yeganə, təkrarolunmaz hadisədir. İnanılmazdır desəm yanılmaram. Bu hadisənin bəzi iştirakçıları sağdırlar. İnanmasanız onlardan da soruşa bilərsiniz. Amma soruşmasanız yaxşıdır. Boyunlarına almayacaqlar. Bəlkə də utanacaqlar. Amma mən bununla həmişə fəxr etmişəm ki, Azərbaycan Respublikasının Baş nazirinin göstərişiylə kitabxanaçı təyinatı almışam. Nə olsun ki, imtina etdim.

Məzun Mahir

1990-cı ildə Bakı Dövlət Universitetini bitirdim. Partiyaçı, əsgərliyini çəkmiş, ailəli, iki uşaq atası, nəhayət Qabilin oğlu olmasına baxmayaraq, iş tapa bilmirdim. Müəllimim, professor Kamil Vəliyev ilk aylarda məni Yazıçılar Birliyində yenicə açılmış “Dədə Qorqud ensiklopediyası”na işə götürsə də, bir ildən sonra ixtisara düşdüm. Amma mən daha yüksək üfüqlər zəbt etmək arzusundaydım. Yüksək üfüqdə isə atamın müxalif olduğu mütəllibovçular idi. Ona görə də heç bir şansım yox idi. Bir də ki, zəmanə də pis zəmanə idi. Heç baş açmaq olmurdu. Bir günün içində əliyevçi vəzirovçu olurdu, sonra çönüb mütəllibovçu adlanırdılar, külək səmtin dəyişən kimi musavatçıya, “bəy”ə çevrilirdilər, sonra isə təzədən kəndilərinə qayıdıb özlərini əliyevçi adlandırırdılar. Amma o zaman kəsiyində bir nəfər də özünü “məmmədovçu” adlandırmadı. Söhbət 28 fevral 1992-ci ildən 15 may 1992-ci ilə qədər prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovdan gedir.

Yaqub Məmmədovun rektor olduğu dövrlərdə atama olan isti münasibətini bilirdim. O prezident olanda və Firuz Mustafayevi Baş nazirin əvəzi təyin edəndə köhnə yaralarımın qaysağı yenidən qopdu. Başladım atam Qabilə xoşu gəlmədiyi mövzuda müraciət etməyə: “Vəzifə istəyirəm!”. Əlbəttə ki, cavabını əvvəlcədən bilə-bilə: “Heç vaxt. Mən sənə görə ağzımı bağlaya bilmərəm”. Amma bu dəfə işimi əvvəlcədən ehtiyatlı tutdum.

- Papa, bilirsən də, Firuz Mustafayev baş nazirdir.

- Bilirəm.

- Bilirsən də, Şamaxının birinci katibi olanda, sənin bir sözünlə iki qardaşoğlunu vəzifəyə qoydu, himayə etdi.

- Bilirəm.

- İndi lap böyük vəzifədədir. Görəsən indi ağız açsan, mənə vəzifə verərmi?

Atam özünün sevimli, mənim isə sevmədiyim sözləri dilinə gətirmədi. Fikrə getdi.

- Hə... deyərəm, niyə demirəm ki... Yaxşı kişidir. Sadə adamdır. Ona ağız açaram.

Səhəri gün atam Yazıçılar İttifaqındakı hökumət telefonundan zəng çaldı Firuz Mustafayevə. Təbrik elədi. Dedi ki, yanına gəlmək istəyirəm. O da məmnuniyyətlə atamı qəbul etdi.

HAŞİYƏ: Şamaxıda atamın yaxın dostu var idi – Baba müəlim. Qardaşdan artıq bilirdi onu. Öləndən sonra da ailəsiylə əlaqələrini kəsməmişdi. Günlərin bir günü oğlu Nadir zəng elədi ki, “Qabil əmi, rayona təzə raykom gəlib - Firuz Mustafayev. Bəs məni ona tapşır, iş versin”. Atam da onu şəxsən tanımadığı üçün arayıb tapdı ki, bəs Firuz Mustafayev akademik Xudu Məmmədovun dostudur, o da Bəxtiyar Vahabzadənin. Onların vasitəsilə tapşırmağa qərar verdi. Amma nə Xududan, nə də Bəxtiyardan səs çıxdı. Sonda belə qərara gəldi ki, özü getsin Şamaxıya – “Mən tanımıram. Yəqin ki, məni tanıyar” deyərək.

Xülasə, “raykom”a deyirlər ki, Bakıdan Qabil müəllim gəlib. O vaxt da Bakıdan gəlmək nadir və təhlükəli məsələ idi. Yəni, ya yoxlama gəlib, ya da ki, jurnalist. Xüsusi diqqət ayırmaq lazımdır. Firuz Mustafayev atamı hörmətlə qəbul edir. Çay gətizdirir. Amma nədənsə nəzərlərini ondan ayıra bilmir. Bu atamın da diqqətindən də qaçmır. Firuz Mustafayevin torpaq adamı, zəhmətkeş insan olduğunu, yəni şeirdən-sənətdən uzaq olduğunu zənn edən atam girişə ehtiyac olduğunu sezir və özünü təqdim edir.

- Mən Qabiləm, şair Qabil. Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət xadimi…

Firuz Mustafayev isə:

-Yox e, Sizi tanıyıram. Amma səhərdən baxıram, tapa bilmirəm ki, Sizi kimə oxşadıram.

- Hitlerə?

Bunu eşidən Firuz Mustafayev əlini stola çırpıb “axır ki, tapdım. Yoxsa səhərdən fikirləşə-fikirləşə qalmışam ki, səni kimə oxşadıram”. SON

Nə isə, atam köhnə dostu-tanışı Firuz Mustafayevlə görüşür. Uzun hal-əhvaldan sonra mənim xahişimi edir. O da telefonu götürüb məni tapşırır İsmayıl Sadıxova – Nazirlər Kabinetinin mədəniyyət və səhiyyə şöbəsinin müdirinə. Ki, “Mahirə iş ver”.

İsmayıl müəllim də məni qəbul elədi. Üzündən nur yağan bir kişi idi. Deyəsən indi də o vəzifədə işləyir. Çox böyük hörmət və ehtiramlı görüşdən sonra ötürdü məni Mədəniyyət Nazirliyinə. Bəlkə də ixtisasım filoloq olduğu üçün Mədəniyyət Nazirliyi sistemi daha məqsədəuyğun sayılmışdı. Bir də ki, mənimçün nə fərqi? İş olsun, daha doğrusu vəzifə. 26 yaşlı mənə başqa nə lazım idi ki?


Ordan çıxıb gəldim atamgilə. “Doklad” eləməyə. Dedim ki, İsmayıl müəllim məni mədəniyyət naziri Polad Bülbüloğluya tapşırdı. Dedi ki, gedərsən onun qəbuluna. Atam da söylədi ki, tək getmə. Sabah gəl bir yerdə gedək. Nəhayət səhərisi getdik nazir Polad Bülbüloğlunun qəbuluna. On dəqiqə gözləmişdik ki, gəldi. Atamı görcək “gəl, Qabil, gəl” deyə içəri dəvət etdi. Dəvətində səmimiyyəti rəsmiyyətindən yüksək idi. Polad müəllim stoluna çatmamış katibə bir əlində bir stəkan su, o biri əlində salfetin üstündə dərman çatdırdı özünü. Polad müəllim də dərmanı dilinin üstünə qoyub suyu içdi. Üzünü bir az da turşutdu.

- Nə olub, Polad?

- Xəstəyəm, Qabil.

O vaxt Polad Bülbüloğlunun 47 yaşı vardı. Elə bil ki, mənim indiki yaşımdan bir yaş da kiçik. Bilmədim həqiqətən xəstəydi, yoxsa ki, bizi görüb təzyiqi qalxmışdı. Ya da ki, içdiyi vitamin idi, sadəcə göz qaytarmaq istəyirdi. Amma onu da deyim ki, Polad müəllim səhnədə, televiziya ekranlarından daha çox xoşbəxt, gülərüz, ruslar demişkən “jizneradostnı” görünürdü, nəinki nazir kreslosunda. Neyləsin, taleyi onu bu vəzifəyə məhkum etmişdi.

Qısa söhbətdən, əlbəttə ki, atamla qısa hal-əhvaldan sonra düyməni basdı. Bir ziyalı, mədəni qadın içəri girdi. Məni ona tapşırdı. Kabinetinə getdim. Çox həlim səsi vardı. Sanki psixoloq idi. Anket doldurdum, tərcümeyi-halımı yazdım. Telefonumu götürdü, dedi ki, sizinlə əlaqə saxlayacağam. Otaqdan çıxanda qapının üstündəki lövhəciyə baxdım. Demə o, kadrlar və təhsil şöbəsinin müdiriymiş.

Nəsə atamla Mədəniyyət Nazirliyindən çıxdıq. Çox sevinirdim. Zarafat deyil. Baş nazir tapşırıb o boyda Nazirlər Kabinetinin mədəniyyət və səhiyyə şöbəsinin müdirinə. İsmayıl müəllim məni qəbul edib. Sonra o zəng edib mədəniyyət nazirinə baş nazirin tapşırığını çatdırıb. O da məni qəbul edib. Nazir də tapşırıb şöbə müdirinə, o da məni qəbul edib. Öz-özümə deyirdim ki, Mahir, daha nə istəyirsən? Arzun artıq həyata keçib. Aşağısı-aşağısı… Yox, düzü o vaxt heç vəzifələrin adlarını da bilmirdim.

Evə gəldim. Gözüm telefondaydı. İntizarla gözləyirdim. Bir gün keçdi, zəng edən olmadı. Bir həftə keçdi, yenə zəng gəlmədi. Bir ay keçdi, başladım Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirindən məşhur misraları zümzümə etməyə:

Bir aydır ki, Mahirin gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, iş-vəzifəydi dərdi.

Artıq gözümün kökü saralmağa başladı. 40 gün keçdi. Nəhayət… Yox, elə bilməyin ki, zəng gəldi. Əsla. Sadəcə, Yaqub Məmmədovu işdən çıxardılar. Daha doğrusu Ayaz Mütəllibov onu devirib, təzədən prezident oldu. Ayaz Mütəllibov da taxta keçən kimi Firuz Mustafayevi çıxarıb yerinə Rəhim Hüseynovu qoydu. Sözün hərfi mənasında 40-I (4 aprel-14 may) çıxan kimi. Bir gün sonra isə Ayaz Mütəllibovu devirib yerinə İsa Qəmbər gəldi. Bakı qaynar qazan kimi qaynayırdı. Amma mənim gözüm yenə telefondaydı.

Nəhayət, bir gün telefon zəng çaldı. Alıcı quş kimi aparatın üstünə şığıdım, dəstəyi götürdüm. Gözlədiyim kimi Mədəniyyət Nazirliyindəki xanım şöbə müdiri idi. Sevincdən gözlərim yaşardı.

- Mahir müəllim.

- Bəli.

- Salam.

- Salam.

- Sizi işə dəvət edirik.

- Hara?

- Axundov adına kitabxanaya.

- Nə?

- Kitabxanaçı.

- Hansı vəzifəyə?

- Kitabxanaçı.

- Çox minnətdaram. İstəmirəm. Amma sizdən bir söz soruşmaq istəyirəm.

- Buyurun.

- Sizcə kitabxanaçı olmaq üçün baş nazirmi göstəriş verməliydi?

- Bilmirəm. Məsləhət belə oldu.

O vaxt mən kitabxanaçılıqdan imtina etdim. Amma, əslində belə etməməliydim. O boyda baş nazir, şöbə müdiri, nazir iki ay axtarıb-axtarıb, xüsusi olaraq mənimçün tapmışdılar bu işi. Gec də olsa, minnətdarlıq. Hörmətinizə görə çox sağ olun.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi