“Mərhum Əbülfəz Elçibəy belə bir təşəbbüs ortaya atdı ki, siyasi cəhətdən fəal qrupları təşkilatlandırmaq və onları siyasi partiya şəklində formalaşdırmaq zərurəti yaranıb. O məndən xahiş etdi ki, bu işi həyata keçirim”.
Bunu Modern.az-a politoloq Qabil Hüseynli Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, o zaman cəmiyyətdə partiya yaradılması prosesi yeni-yeni başlayırdı: “Həmin dövrdə Azərbaycan Xalq Cəbhəsinin üzvü idim. O zaman Köçəri Nağıbəyli, Fəzail Ağamalı və mən partiyanın təşkilat komitəsinin yaradılması, nizamnamə və proqramının hazırlanmasına başladıq. Əvvəl təşkilat komitəsinin sədri mən idim, sonradan bunu Fəzail Ağamalıya verdim. Təsis konfransından öncə razılaşdıq ki, Fəzail Ağamalı Ana Vətən Partiyasının sədri olacaq, mən isə partiyanın sonrakı fəaliyyətində iştirak etməyəcəyəm. Mənim fəaliyyətimin əsas işi təşkilat komitəsinin formalaşması, partiyanın proqram və nizamnaməsinin yazılmasında iştirak edilmək idi”.
Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a müsahibəsində partiyanın yaranmasının ilk təşəbbüskarlarından birinin də politoloq Qabil Hüseynlinin olduğunu deyib.
Rafiq Qənbərov