Modern.az

Bahar Muradova: “O uşaqları əlil adlandırmaq düzgün deyil”

Bahar Muradova: “O uşaqları əlil adlandırmaq düzgün deyil”

Təhsil

29 May 2014, 13:10



Bahar Muradova : “Fiziki imkanları məhdud olan uşaqları əlil adlandırmaq düzgün deyil. Xeyli müddətdən bəri cəmiyyətdə, o cümlədən parlament kuluarlarında müzakirə olunan “Yuvenal (uşaq) ədliyyə haqqında” qanun layihəsinin müzakirələrə çıxarılması və qəbul olunmasına ehtiyac duyulur”.
Modern.az  xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, sözügedən qanun layihəsi artıq parlamentin müvafiq komitəsində var və bu baxımdan, onun yaxın gələcəkdə müzakirələrə çıxarılaraq, qəbul olunması da gözləniləndir.

Vitse-spiker qeyd edib ki, bununla yanaşı, internat məktəblərində, uşaq evlərində yaşayan uşaqların, yeniyetmələrin həmin müəssisələri tərk etməsindən sonra onların öz həyatlarını qurması , cəmiyyətə adaptasiyası istiqamətində növbəti addımların atılması , bu yöndə qanunvericiliyə yeni dəyişiklərin edilməsi zərurəti ortadadır.

“Biz bu məsələləri daim diqqətdə saxlamalı, zamanı gələndə gündəmə gətirməli və onların reallığa çevrilməsi yönündə addımlar atmalıyıq. Bununla bərabər, fiziki imkanları məhdud olan uşaqların hüquqlarının daha yaxşı təmin olunması istiqamətində növbəti addımların atılmasına ehtiyac var. Həmin uşaqları da biz əlil adlandırırıq. Ancaq mən şəxsən bunu düzgün hesab etmirəm. Biz qanunvericilikdə fiziki imkanları məhdud olan uşaqların əlil adlandırılmasının aradan qaldırılmasına nail olmalı, bu yöndə daha münasib terminin tapılmasına çalışmalıyıq. Eyni zamanda, biz daim erkən nikahlar, azyaşlı qızların təhsildən yayındırılması məsələsini diqqətdə saxlamalıyıq. Çox təəssüflər olsun ki, bu gün erkən nikahlar adlandırılan problem , yəni, azyaşlı qızların zorla ailə qurmağa, evlənməyə, nəsil artırmağa cəlb olunması halları var. Bu, bizi çox ciddi düşündürür və narahat edir. Ona görə gələcəkdə bu cür halların qarşısının alınması istiqamətində növbəti addımların atılmasını, bu yöndəki müvafiq qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutmalıyıq”, – deyə MM sədrinin müavini daha sonra sözlərinə əlavə edib.

 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu