“Sınaq qiymətləndirilməsi üçün hazırlıqlar artıq tamamlanmaq üzrədir. Artıq Bakı şəhərinin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisaslar üzrə siyahıları dəqiqləşdirilib və sual bankı hazırlanıb”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib. Onun sözlərinə görə, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartlarının hazırlanması davam edir:"Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəzlər və hər bir mərkəz üzrə imtahan rəhbəri və nəzarətçilərin müəyyənləşdirilməsi isə başa çatıb. Nəzərinizə çatdıraq ki, sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir”.
Təhsil naziri Mikayıl Cabbarov məllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə bir müddət öncə müvafiq əmr imzalayıb.
Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Müəllimlər 2 saat ərzində 80 sualı cavablandırmalıdırlar. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır.
Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.
Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.
Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün isə həvəsləndirici tədbirlərin tətbiq olunacağı bildirilir.
Misranə Həsənzadə