Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər”: “İxtisasım üzrə işləsəydim ya dəli olardım, ya da intihar edərdim” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər”: “İxtisasım üzrə işləsəydim ya dəli olardım, ya da intihar edərdim” - RUBRİKA

29 May 2014, 13:57


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı: “Bakı Dövlət Universitetinin filologiya fakültəsinin magistriyəm. 6 il o fakültəyə ayaq döymüşəm. Ancaq heç bir gün də ixtisasım üzrə işləməmişəm. Müəllimlik peşəsi gözəldir, faydalıdır, hətta bir az pafosla desək, müqəddəsdir. Amma Azərbaycanda yox. Hökumət Azərbaycan müəllimini elə bir vəziyyətə salıb ki, inanmıram indi hansısa uşaq, gənc böyüyəndə müəllim işləmək barədə xəyal qursun. Mənim də heç vaxt elə arzum və planım olmayıb.

Əslində uşaqlıqdan jurnalist olmaq istəmişəm. Amma test imtahanlarının nəticələrinə görə bu fakültəyə düşməyimə 4 balım çatmadı. Jurnalistikadan sonrakı seçimim BDU-nin filologiya fakültəsi idi. Ona görə də yığdığım bala müvafiq olaraq bu fakültənin tələbəsi oldum. Amma mən 10-11 yaşlarımdam o vaxtkı uşaq qəzetlərinə, jurnallarına hekayələr, yazılar göndərirdim.

Tələbəlikdən jurnalistikaya gəlmişəm. İlk iş yerim “525-ci qəzet” olub. 3-cü kursdan etibarən aktiv jurnalistika ilə məşğul olmağa başlamışam. Hələ də davam edirəm. “525-ci qəzet” dən başqa “Reytinq”, “7 gün” və “Yeni Müsavat” qəzetlərində çalışmışam. Ən uzun müddət çalışdığım media orqanı “Yeni Müsavat” dır. 2001-ci ildən burdayam.

Mən öz yerimi jurnalistikada görürəm. Ruhuma, əhvalıma uyğun peşədir. Dinamizmi, faydalılığı, yaradıcılıq enerjisi ilə mənə xoş gəlir. Müəllim(ə)lər inciməsin, amma mən müasir Azərbaycan məktəblərində işləsəydim, yəqin ki, çox qısa zaman ərzində ya dəli olardım, ya da intihar edərdim. Orada baş verənləri sindirə bilmərəm. Jurnalistikada olduğuma görə razıyam”.
Məhsəti Şərif jurnalist işləməkdən zövq alıb: “Mən özəl universitetə daxil olmuşdum. Maliyyə problemlərinə görə orada təhsilimi davam etdirmədim. Atam rəhmətə getdi. Maddi durum zəiflədi. Anam müəllim maaşıyla 3 uşağa necə baxsın, həm də mənim təhsil haqqımı ödəsin? Mən də işləməli idim. Ona görə özəl universitetdən sənədlərimi aldım. Yenidən imtahan verdim, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. 1 il əyani oxudum, sonra ailə durumuma görə qiyabiyə keçdim. Axı işləməliydim. Heç vaxt hüquqşünas kimi işləməmişəm. 1995-ci il idi. O vaxt “Press-fakt” qəzeti var idi. Jurnalistikada oxuyanları həmin qəzetə praktikaya yazmışdılar. Mənim də orada dostlarım var idi. Dedim ki, “mən də sizinlə gedə bilərəm?”. Məni də özləri ilə apardılar. Maraqlı gəlmişdi, sadəcə baxmağa getmişdim. Sonra onlarla getməyə davam etdim. Bizə divar qəzeti çıxartdırtdılar. Praktika olduğu üçün məqalələr yazırdıq. Məqsəd Nur və Vəli Əkbər redaktor idi, onlar baxırdı. Praktika bitəndə bir neçə tələbəyə qalın, bizlə işləyin, dedilər. Onlardan biri də mən oldum. O qalan da jurnalistikada qaldım. “Press-fakt” qəzetindən başladım. Sonra “Rezonans” qəzetində işlədim. Elə orda da əməkdaşların çoxu “Press-fakt” ın kollektivi idi. Ora bağlandı. Kollektiv “Həftə içi” qəzetinə keçdi.

Sonra ATV-də işə başladım. 5 il orada parlament müxbiri oldum. İTV açılanda oradan təklif gəldi, mən də ora keçdim. İTV-də həm həftəlik proqramın aparıcısı, həm də redaktor idim. İTV-dən sonra isə ANS-ə keçdim, orada 5 il işlədim. ANS kanalında xüsusi müxbir və xəbərlərin aparıcısı olmuşam. Axırda ANS-dən çıxdım. Çünki çox yorulmuşdum. İş rejimi ağır idi, ANS-də işləmək əsgərlikdə olmaq kimidir. Sonra “Səs” online TV və agentliyində baş redaktor oldum. Amma işim daha da ağırlaşdı. 1 il işlədim və ora son iş yerim oldu. Ailə qurub Azərbaycanı tərk etdim. İndi də jurnalist kimi saytlarla əməkdaşlıq edirəm. Hazırda Modern.az-a köşə yazıları, Lent.az-a isə xüsusi reportajlar yazıram. 1995-ci ildən jurnalistikadayam. Buna görə peşman deyiləm. Arada yorulursan. Bəzən baxırsan ki, jurnalistikaya gəlmək çox asan olub. Bizim zamanda çox çətin idi. Bir yazı yazırdın, o çıxanda nə qədər sevinirdik. Amma indi elə deyil, hamı dahidi (gülür). Amma yenə də peşman deyiləm. Jurnalistika maraqlı sahədir. Bütün çətinliklərinə baxmayaraq, mən bu işdən zövq almışam. Heç vaxt başqa işdə özümü görə bilmərəm”.

ANS TV-nin “Keçmişə salam” verilişinin aparıcısı Fidan Abdulzadə: “Rəssamlıq Akademiyasını ekspert, menecer ixtisası üzrə bitirmişəm. İndi də magistraturanın ikinci kursunda oxuyuram. Amma heç yerdə öz ixtisasım üzrə işləmək qismət olmayıb. Çünki elə institutda oxuyandan bəri jurnalistika sahəsində işləmişəm.

Hələ 11-ci sinifdə oxuyanda bir qəzetdə işləmişdim. 2005-ci ildə, mən birinci kursda oxuyanda eşitdim ki, Burc FM radiosunda bir müsabiqə keçirilir. Uşaqlıqdan sevmişəm deyə, çox böyük arzum idi ki, ya radio, ya televiziyada işləyim. Ona görə bu elanı eşidəndə təbii ki, müsabiqədə iştirak etmək üçün getdim. Çox qəribə bir hadisə oldu. O qədər uşağın arasından bircə məni seçdilər. Və elə iki-üç günün içində də orada çalışmağa başladım. Reklam mətnlərini həm yazır, həm səsləndirirdim. Beləcə, Burc fm radiosunun dalğalarında mənim səsim eşidildi. Tələbə olduğuma görə gedib gəlmək alınmırdı, orada çox çalışmadım.

Sonra “Lider” televiziyasında gedən “Eviniz tikilsin” verilişinə müxbir kimi getdim. Qısa bir zamanda mənə aparıcılıq verdilər. Ancaq o verilişin taleyi elə oldu ki, mən getdiyim ildə də bağlanmalı oldu. Yəni, yarımçıq qaldı. Sonra “Xəzər” televiziyasında “Təmir məktəbi” verilişində həm aparıcı, həm redaktor işlədim. Bundan başqa “Lider” TV-də “Yeni ev” verilişində aparıcı kimi bir az çalışdım. Sonra ANS-də ilk dəfə “Salam Azərbaycan” a müxbir kimi işlədim, o da qısa vaxt oldu. İndi isə “Keçmişə salam”ın aparıcısıyam.

Həmişə yorğun olanda, çox çətinlik olanda düşünürəm ki, mən niyə bura gəldim, gərək gəlməzdim. Amma hazırladığım veriliş efirə gedir və müsahib zəng vurub təşəkkür edirsə, o an hər şey itir və ondan sonra təəssüf hissi keçirtmirəm, əksinə sevinirəm ki, burdayam. Hər zaman deyirəm ki, şükür allaha, yaxşı ki, mən burdayam. Ən azından bu gün tamaşaçıya nəsə çatdıra bilirəmsə və sabah mənim çatdırdığımı kimsə hardasa danışırsa, bu, mənim üçün xoşbəxtlikdir. Buna görə həqiqətən çox sevinirəm”.

“Komanda” və “Azadlıq” qəzetlərinin əməkdaşı Coşqun Eldaroğlu düşünür ki, məşğul olduğu sahə onu daha çox oxumağa vadar edib: “Mən Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsini bitirmişəm. Bir gün də öz ixtisasım üzrə işləməmişəm.

Əsgərlikdən gəldim, təxminən iki ay başqa sahə üzrə işlədim. Günlərin birində gördüm ki, “Futbol+” qəzeti reportyor müsabiqəsi elan edib. Getdim, özümü sınadım. Qəzetin indiki və yeganə baş redaktoru Mahir Rüstəmli dərhal bəyəndi. Mən mütaliəli adamam, həm də bir neçə xarici dil bilirəm. Futbol biliyimin də olması onların xoşuna gəldi. 3 ildən çox orada işlədim. Sonra rəhmətlik jurnalist Adil Qaçayoğludan zəng gəldi, məni yeni media layihəsi – “Gün səhər”ə dəvət etdi. Beləcə, siyasi mətbuata gəldim. Həmin qəzetə çox borcluyam. Xeyli təcrübəli, tanınmış jurnalistlə birlikdə işlədim, özümü daha çox orada tapdım. Həyat yoldaşımla da o qəzetdə işləyəndə tanış olmuşam. Onu da "Gün səhər"ə dəvət etmişdilər. Gəldi, amma heç qəzetin ilk sayının çıxmasını da gözləmədi, geri – “Azadlıq”a qayıtdı. Həmin qısa zaman kəsiyi kifayət elədi ki, qərarımı verim. Həmkarla yaşamaq maraqlıdı, həmişə ümumi mövzu var.

 “Gün səhər” qəzeti bağlanandan sonra “Azadlıq”a keçdim. Həyat yoldaşım da orada işləyirdi (elə indi də orada işləyir).

Mən jurnalistikaya gəldiyimə görə peşman deyiləm. Əlbəttə, az-az yazıram, amma özümü mətbuatsız təsəvvür eləmirəm. Hazırda “Komanda” və “Azadlıq” qəzetləri ilə əməkdaşlıq edirəm.

Jurnalistin dünyagörüşü daha geniş olur, daha məlumatlı olursan. Xeyli maraqlı adamla tanış olursan. Təsəvvür edin ki, mühəndis olsaydım, məni hansı həyat tərzi gözləyirdi. Dünən bir qrup yoldaşım mənə yazmışdı. Deyirdi ki, mühəndis qıtlığı var. Ona da dedim, peşman deyiləm. Məşğul olduğum sahə məni daha çox oxumağa vadar etdi, ədəbiyyata daha yaxın oldum. Xeyli ölkə gəzmişəm, həmin ölkələr haqda yazmışam. Özümü başqa sahədə görmürəm. Jurnalist olduğundan hər şeyə - həyat hadisələrinə, hətta təbiətə də başqa cür baxırsan”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi