“Talassemiya xəstəliyi aşkarlandığı zaman ailədə mütləq fərdlərdən birində daşıyıcı gen olur. Daşıyıcı gen olan fərdlər ailə qurduğu təqdirdə təbii ki, doğulan uşaqda da bu xəstəlik özünü göstərəcək”. Bunu Modern.az-a açıqlamasında həkim Könül Mahmudova bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, Avropada talassemiya xəstəliyi daha az vüsət tapıb.
“Talassemiya özü genetik problemlərlə bağlı olan bir xəstəlikdir. Ola bilir ki, hansısa genin o xəstəliyə meylliliyi var. Bu nə havadan, nə də başqa vasitələrlə keçən xəstəlikdir, talassemiya yalnız və yalnız genetik xəstəlikdir, xromosomlardan asılıdır. Əgər hər iki nəsildə talassemiyaya meyllilik varsa, doğulan uşaq, əlbəttə ki talassemiya xəstəsi olacaq. Burda daha çox irsi faktor üstünlük təşkil edir”.
K. Mahmudova həmçinin, talassemiyanın endemik xəstəliklər sırasına daxil olduğunu da vurğulauıb: “Yəni müəyyən zonalar var ki, həmin ərazidə bu xəstəlik daha geniş yayılıb. Xəstəliyin yaranmasına və genişlənməsinə əsas səbəb də qohum evlilikləridir”.
Bir sıra həkimlər talassemiya xəstəliyinin ilkin başlanğıcını malyariya xəstəliyindən götürdüyünü deyir. K. Mahmudova isə bununla razılaşmır:
“Bunlar tamamilə fərqli xəstəliklərdir. Malyariya ilə talassemiyanın nə əlaqəsi?! Birmənalı şəkildə talassemiya irsi xəstəlikdir”.
Qeyd edək ki, Respublika Talassemiya Mərkəzinin Konsultativ poliklinika şöbəsinin müdiri Zemfira Mirzəyeva Modern.az-a müsahibəsində bu xəstəliyin əsasən Şəki, Zaqatala, Qəbələ, Quba, Göyçay və Ağdaş rayonlarında geniş yayıldığını və bu ərazilərdə yaşayan sağlam əhalinin 20 faizdən çoxunun bu genin daşıyıcıları olduğunu açıqlayıb.
Gülşən RAUFQIZI