Hər bir xalqın davamlı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxaraq sabit dövlətçilik ənənələri formalaşdırması milli lider fenomeni ilə sıx şəkildə bağlıdır. Xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət, dərin zəkası, fitri idarəçilik keyfiyyətləri və xarizması ilə ümummilli liderlik zirvəsinə yüksəlmiş Heydər Əliyev də müstəqil respublkamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiramla xatırlanır.
Sosial yönümlü vergi siyasəti
Azərbaycanın 23 illik müstəqillik yolunda nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin məhz milli inkişaf modeli ilə bağlılığı aksiom kimi qəbul edilən həqiqətdir. Ümummilli lider Heydər Əliyev, köhnə ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsini təmin etmişdir.
Həmin dövrdə həyata keçirilən islahatların səmərəliliyinə nail olmaq baxımından ölkənin vergi sistemində köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir tələblər əsasında yenidən formalaşdırılması, obyektiv sosial zərurət kimi meydana çıxmışdır. Ulu öndər Heydər Əliyev bu reallıqdan çıxış edərək deyirdi: «Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik».
Məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə müasir tələblərə cavab verən vergi sisteminin yaradılması mümkün olmuş, müasir iqtisadi münasibətlər şəraitində prinsipial cəhətdən yeni vergi siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ-hüquqi bazasının yaradılması, vergi dərəcələrinin aşağı salınması hesabına vergitutma bazasının genişləndirilməsi, kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, həmçinin vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması tədbirləri xüsusi diqqət mərkəzində olmuşdur.
Vergi sisteminin bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılması, milli inkişafın xüsusiyyətləri və beynəlxalq təcrübə əsasında köklü şəkildə yenidən qurulması üçün təkmil hüquqi bazanın yaradılması da əsas şərtlərdən biri kimi çıxış edirdi. İlk öncə vergi münasibətlərini tənzimləyən bir sıra qanunlar, o cümlədən ”Mədən vergisi haqqında” (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunların qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi qeyd olunan istiqamətdə mühüm yeniliklərə səbəb oldu.
Vergi sisteminin daha təkmilləşdirilməsi məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Bu zaman ulu öndər, xalqımızın milli xüsusiyyətlərini, mentalitetini və sosial vəziyyətini nəzərə almağı mühüm məsələ kimi qarşıya qoymuşdu. Məcəllənin hazırlanması zamanı qanunvericiliyin uzun müddət sabit qalması, güzəşt və imtiyaz sisteminin ünvanlı olması, eləcə də vərəsəlik əsasında keçən mirasın vergilərdən azad edilməsi kimi məsələlər nəzərə alınmışdı.
Nəhayət, 1 yanvar 2001-ci il tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edildi. Bu, ölkənin həyatında tarixi hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addım oldu. Sözügedən sənəddə vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri təsbit olunmuş, ölkəmizdə tətbiq edilən vergilərin dəqiq siyahısı müəyyən edilmiş, vergilərin ödənilməsi üzrə öhdəliklərin yaranmasının əsasları və icra olunmasının qaydaları əksini tapmışdı. Məcəllədə əvvəllər tətbiq olunan 13 vergi növündən 9 vergi növü təsbit olunmuş, əksər vergi növləri üzrə dərəcələr aşağı salındı, aksizə cəlb olunan malların siyahısı azaldılmışdı.
İnkişafı təmin edən struktur islahatları
Mükəmməl hüquqi bazanın praktikada uğurlu tətbiqi üçün Heydər Əliyev tərəfindən atılan növbəti vacib addım, 2000-ci ildə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərarın qəbulu oldu. Əvvəllər Maliyyə Nazirliyinin tərkbində formalaşdırılmış vergi xidmətinin özünün ayrıca bir nazirliyə çevrilməsi, günün vacib tələblərindən biri idi. Çünki məhz bu, dövlətin vergi siyasətinin təkmil formada həyata keçirilməsinə imkan verməklə yanaşı, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasının təmin edilməsi baxımından olduqca vacib xarakter daşıyırdı. Digər tərəfdən, bununla iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergilərin aparıcı rolu konkret formada təsbit edildi.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanı ilə Vergilər Nazirliyinə təhqiqat və istintaq aparılması səlahiyyətləri verildi. Bu Fərmanın icrası ilə əlaqədar Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsinin bazasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi, daha sonra isə aparılan struktur dəyişiklikləri ilə bağlı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradıldı.
Digər vacib addım 2003-cü il 1 yanvar tarixindən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu oldu. Burada vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəanın ləğv edilməsi, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması prosedurunun təkmilləşdirilməsi öz əksini tapdı. Həmçinin, vergi orqanlarına gəlmədən hesabatların rabitə təşkilatlarına təqdim edilməsi qaydasının müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi ilə nəticələndi. Ulu öndərin səyi və təşəbbüsü ilə reallaşdırılan bu islahatlar, iqtisadiyyatın gücləndirilməsində, onun ən müasir tələblər əsasında formalaşmasında həlledici rol oynadı.
Vergi ödəyicilərinə xidmətlər yeni meyarlar əsasında qurulur
2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev, ölkənin davamlı tərəqqisinin təmini baxımından vergi orqanlarında islahatların sistemli şəkildə davam etdirilməsini vacib hesab etmişdir. Vergi sistemində 2003-2013-cü illərdə aparılan islahatların əsas hədəfləri xidmətin texnoloji baxımdan inkişafına nail olmaq, vergi prosedurlarını sadələşdirməklə biznesin inkişafına dəstək vermək, vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsini yüksəltməkdir.
Son 10 ildə vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi Vergilər Nazirliyinin fəaliyyətində mühüm yer tutur. Nazirlik, 2002-ci ildə Azərbaycan, rus və ingilis dillərində rəsmi internet səhifəsini (www.taxes.gov.az) yaratmış ilk dövlət qurumlarından biridir. Digər mühüm yenilik, 2003-cü ildə «195» Telefon-məlumat xidmətinin yaradılması olmuşdur. 2009-cu ilin sentyabr ayından etibarən İqtisadi İnkişaf Nazirliyinin də bu xidmətə qoşulması onun səmərəliliyini artırmışdır. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2013-cü il 28 oktyabr tarixli müvafiq qərarına əsasən, sahibkarların, ümumən vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə Vergilər Nazirliyinin 195 “Çağrı Mərkəzi”nin bazası əsasında bütün dövlət qurumlarını əhatə edəcək «Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi»nin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, 2007-ci ildən Vergilər Nazirliyi tərəfindən əsasən regionlarda, xüsusilə də vergi orqanı olmayan iri şəhər və rayonlarda 40 mərkəz istifadəyə verilmiş, onlar, müasir kompüter və kompüter avadanlıqları, sürətli kommunikasiya sistemi ilə təchiz edilmişdir.
Ən çox “e-xidmət”lər göstərən nazirlik
Vergilər Nazirliyi həm də innovativ yeniliklərə meyilli olan, müasir menecment prinsiplərindən çıxış edən dövlət qurumu kimi tanınır. Bu baxımdan nazirliyin hazırda ən çox – 54 sayda elektron xidmət göstərən dövlət qurumu olduğunu xüsusi vurğulamaq lazım gəlir. 2005-ci il 12 sentyabr tarixli «Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı» , habelə 2011-ci il 23 may tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanı əsasında reallaşdırılan elektron xidmətlər, bir tərəfdən nazirliyin fəaliyyətinin çevikliyini, şəffaflığını, hesabatlılığını təmin etmiş, digər tərəfdən vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti, səmərəliliyi əhəmiyyətli dərəcədə artmışdır. İlk uğurlu layihələrdən biri də 2006-cı ildən «Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi»nin (AVİS) tətbiqi olmuşdur. Layihənin reallaşdırılması nəticəsində Azərbaycanın vergi xidməti, təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən müasir informasiya texnologiyasına malik xidmətlərdən birinə çevrilmişdir.
2007-ci ildən vergi bəyannamələrinin elektron formada təqdim edilməsi sisteminə keçid, «e-xidmətlər» sahəsində mühüm yeniliklərdən olmuşdur. Bu məqsədlə İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) yaradılmış, beləliklə, vergi ödəyiciləri bəyannamələrini vergi orqanlarına gəlmədən - elektron formada təqdim etmək imkanı əldə etmişlər. Bu layihə, bəyannamələrin elektron formada qəbulunu, hər bir vergi ödəyicisinin sərbəst şəkildə öz ofisindən, evindən internetlə Vergilər Nazirliyinin saytına daxil olaraq məlumatlarına baxa bilməsi imkanlarını da yaratmışdır. 2013-ci ildə bütün bəyannamələrin 95%-ə qədəri elektron formada göndərilmişdir.
2008-ci ildən, həmçinin, sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına müsbət təsir etmişdir. Yeri gəlmişkən, 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunmuş, 2012-ci ildən yerli hüquqi şəxslərin dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılmışdır. «E-qeydiyyat»ın tətbiqi ilə biznesə başlamaq üçün tələb olunan prosedurlar, 6-dan 3-dək, sənədlərin sayı isə 7-dən 2-yə qədər azalmışdır.
Kreativ yeniliklərə doğru
2011-2013-cü illərdə Niderland Krallığının Vergi Administrasiyası ilə birlikdə «Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» adlı Tvinninq layihə («e-audit») həyata keçirilmişdir. Vergilər nazirinin müşaviri A.Əsədovun sözlərinə görə, başqa ölkələrdə bu sistemin qurulması üçün 10 ilədək vaxt lazım olduğu halda, Azərbaycan qısa zamanda bu sahədə mühüm uğurlar əldə etmişdir. O bildirir ki, “ “E-audit”in tətbiqi nəticəsində vergi orqanları məlumatları müəssisələrdən elektron formada alır və vergidənyayınma risklərinin təhlilini avtomatlaşdırılmış qaydada həyata keçirirlər: “Nəticədə bir yoxlamaya sərf olunan vaxt və insan resursları təxminən 1,5 dəfə azalmış, vergidənyayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması vergi daxilolmalarının həcmini 40 faizədək artırmışdır”.
2013-cü ildə elektron və mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzi fəaliyyətə başlamışdır. Vergi inzibatçılığının düzgün qurulması, vergi ödəyiciləri ilə aparılan ardıcıl, səmərəli iş nəticəsində büdcə daxilolmalarının proqnozlaşdırılması və icrası yüksək səviyyədə həyata keçirilir. Vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti göstəricisinə - 0,35 faizə görə Azərbaycanın vergi xidməti, Avropa məkanında öncül yer tutur.
Nazirliyin əldə etdiyi uğurlar, həm də peşəkar komandanın mövcudluğu ilə şərtlənir. Nazirliyin kadrlarının bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ixtisasartırma və yenidən hazırlama tədris müəssisəsi statuslu elm və təhsil ocağı olan Tədris Mərkəzində həyata keçirilir. Ötən illərdə Tədris Mərkəzi, dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını, habelə vergi siyasətinə dair elmi tədqiqatların aparılmasını təmin etmişdir.
Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi vergi sisteminin ildən-ilə modernləşdiyini, iqtisadiyyatın dinamik tərəqqisinə böyük töhfələr verdiyini real şəkildə nümayiş etdirir.
Akif Cabbarlı,
Yazı, Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur.