Son illərə kimi vətəndaşlarla nazirliklər arasında ünsiyyət həddindən artıq aşağı idi. Vətəndaş hər hansı problemini həll etmək üçün həftələr, aylarla, bəxti gətirəndə isə saatlarla nazirliyin qarşısında sözünü deyəcək adamın axtarışına və ya qəbuluna düşmək istəyirdi. Amma indi vəziyyət dəyişib.
Ölkə başçısının “İctimai iştirakçılıq haqqında” Qanunun icrasına başlamaq üçün fərman imzalaması vətəndaşların işini asanlaşdırıb. Sözügedən haqqında qanun vətəndaşların dövlətlə cəmiyyət arasında körpü rolunu oynamasının gücləndirilməsi zərurəti daşıyır. Qanuna görə, nazirliklərdə İctimai Şuralar yaradılır ki, bu şuralar vətəndaşlarla nazirlik arasında vasitəçi rolunu oynayır. Maraqlıdır, bütün nazirliklərdə İctimai Şuralar yaradılıbmı?
Modern.az nazirliklər arasında sorğu aparıb.
İşinin böyük bir hissəsini gənclərin üzərində quran Gənclər İdman Nazirliyində İctimai Şura uzun zaman olar ki, fəaliyyət göstərir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, qanunun icrasına başlamaq üçün fərman imzalamamışdan öncə də nazirlikdə İctimai Şura fəaliyyət göstərib.
“Nazirliyin daxilində çoxdan ictimai şura var. Hətta bir müddət bundan öncə şuranın iclası da keçirilib”.
Yaşıllıqların qorunmasında və bu istiqamətdə vətəndaşların daim maarifləndirilməsi üçün yorulmadan işləyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tərkibində İctimai Şura 4 ilə yaxındır ki, vətəndaşlarla nazirlik arasında körpü rolunu oynayır. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, nazirliyin tərkibində 2010-cu ildən İctimai Şura yaradılıb.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ekoloji şuranın məqsədi Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması bu sahədə ictimaiyyətin, Qeyri Hökumət Təşkilatlarının iştirakı ilə təkliflərin hazırlanması, müzakirə edilməsi, bu istiqamətdə effektivliyin təmin olunmasıdır. Şuraya 18 Qeyri Hökumət Təşkilatı, 7 nəfər nazirlik əməkdaşı daxildir”.
Kənd Təsərrüfatı və Rabitə və Yüksək Texnologiyalar nazirliklərində struktur dəyişikliyi davam etdiyindən hələ ki, İctimai şuralar fəaliyyət göstərmir. Hər iki Nazirliyin strukturu və əsasnaməsi təsdiq olunandan sonra məsələ həllini tapacaq.
İqtisadiyyat və Sənaye Nazirliyində isə İctimai Şuranın yaradılması üçün işlərə başlanılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, nazirlik vətəndaş cəmiyyəti institutları ilə daim əməkdaşlıq edir. Bundan başqa nazirlikdə İctimai Şuranın yaradılması ilə bağlı müvafiq sənədlər hazırlanır və işlər davam etdirilir.
Daxili İşlər Nazirliyində isə uzun illərdir ki, İctimai Şura fəaliyyət göstərir. Polisin cəmiyyətdə nüfuzunun yüksəldilməsi, qanun keşikçiləri ilə vətəndaşlar arasında münasibətlərin daha da yaxşılaşdırılması məqsədilə 2009-cu ildə daxili işlər orqanlarında “polis sahə rəisi” vəzifəsi təsis edilib. Polis-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, xidməti fəaliyyətdə vətəndaşların daha ciddi dəstəyini almaq məqsədilə Prezidentin 28 sentyabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əlavə edilməsi haqqında" 12 may 2009-cu il tarixli Fərmana əsasən, polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib. Bununla paralel şəkildə hər bir polis sahə rəisinin yanında İctimai şuraların yaradılmasına başlanılıb. Onların tərkibinə inzibati sahədə yerləşən dövlət, yerli idarəetmə, qeyri-hökumət təşkilatlarının və müəssisələrinin nümayəndələri, yaşayış yeri üzrə nüfuzlu şəxslər, o cümlədən 18 yaşı tamam olmuş digər vətəndaşlar daxil edilir. Şura üzvləri gündəlik həyata keçirilən ümumi və fərdi profilaktika tədbirlərində iştirak edir, əvvəllər məhkum olunmuşlar, münaqişəli ailələr və digər risk qruplarına aid şəxslər ətrafında iş aparırlar.
Gültəkin ƏLƏSGƏR