Milli Məclisin bugünkü iclasında vitse-spiker Bahar Muradova millət vəkili Fazil Mustafanın səhiyyə naziri Oqtay Şirəliyeva tənqidinə və haqqında dediyi “Nazir bizi yarıtmadı” sözlərinə cavab verib.
Modern.az xəbər verir ki, vitse-spiker səhiyyə istiqamətində aparılan islahatların çox olduğunu bildirib. “Azərbaycanda səhiyyə inkişaf edir. Bəzi problemlər var. O problemlər də yalnız nazirliyin deyil, bizim də nəzarətimizdədir və aradan qaldırmağa çalışırıq. Amma bu o demək deyil ki, səhiyyə nazirinə “səhiyyə naziri bizi yarıtmadı” deyib, loru yanaşılsın. Fazil müəllim, ən azından millət vəkili olaraq sizin bu sözünüz seçicilərimizi pəjmürdə edə bilər. Ona görə də dediklərimizə diqqətlə yanaşmaq lazımdır”.
Bahar Muradova ölkə başçısının əfv sərəncamı ilə bağlı bəzi tənqidi fikirlərə də münasibət bildirib.
“Bilirsiniz ki, biz Azərbaycanda yaşayırıq. Nə baş verir, biz hamısını görürük və proseslərin içindəyik. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz və xalq bu hüququ heç kimə verməyib. Xalq bilir ki, ona nə lazımdır. Ölkədə inamsızlıq mühitinin olduğunu söyləyənlər guya bir qisim adamların azad olunmamasını xalqın əhval ruhiyyəsinə mənfi təsir göstərdiyini söyləyirlər. Hesab edirəm ki, bu, yanlış fikirdir. Əksinə, xalq bu insanların fəaliyyətinin Azərbaycandakı mövcud inama, ölkə başçısının siyasətinə dəstəyə, Azərbaycanın maraqları üçün seçilmiş yola zərər vurduğunu düşünür. Əks təqdirdə biz başqa məsələləri müşahidə edərdik. Mətbuat orqanlarına və Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərənlərə bir vətəndaş kimi xahişim ondan ibarətdir ki, bizim üçün müsbət olan məqamları elə müsbət kimi göstərək. Amma bunun yanında mahiyyətcə çox cılız olan neqativləri qoymayaq, neqativləri də müzakirə edək ancaq bunlardan müsbətləri gözdən salmaq üçün istifadə etməyək”.
Gültəkin ƏLƏSGƏR