İnternetdə 1992-ci ilin noyabrında Milli Məclisin iclas zalında çəkilmiş videofraqment yerləşdirilib. Modern.az saytının xəbərinə görə, bu videoda Azərbaycanın eks-daxili işlər naziri İsgəndər Həmidovun parlament jurnalistləri ilə söhbəti əks olunub. Kadrda 90-cı illərin məşhur jurnalist imzalarını görmək mümkündür.
İsgəndər Həmidovla söhbətdə jurnalist Əziz Rzabəyli, Eldar Sabiroğlu, Hikmət Sabiroğlu, İsaq Əvəzoğlu, Cavanşir Cahangirov, Söhbət Məmmədov görünür. İsgəndər Həmidov “7 gün” qəzetinin müxbiri Əziz Rzabəylinin sualını cavablandırır. Həmçinin prezident Ayaz Mütəlibovun qovulması ilə nəticələnən 1992-ci ilin mayın 15-də baş verən hadisləri “dövlət çevrilişi” adlandırır.
“15 mayda çevriliş olub da. Yalan deyil ki. Demokratik yolla olub hər şey? Mənim tanklarım olmasaydı nə olardı?”-deyə nazir bildirir.
Eldar Sabiroğlunun “xalq arasında söyləyirlər ki, prezident Elçibəyi saxlayan İsgəndərlə Rəhim Qazıyevdir” sözlərinin cavabında İ. Həmidov “Prezidentin hörməti bizdən də çoxdur” deyir.
Kadrda o dövrün gərgin əhvalı aydın hiss olunur. Xatırladaq ki, hazırda jurnalist Əziz Rzabəyli Modern.az, Hikmət Sabiroğlu “Mediaforum” saytının redaktorlarıdır. AXCP mətbuat xidmətinin rəhbəri olmuş İsaq Əvəzoğlu Ukraynada yaşayır və aktiv jurnalisitikadan çoxdan uzaqlaşıb. Eldar Sabiroğlu isə sonralar siyasi karyera quraraq YAP təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı və Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəhbəri olub, hazırda işləmir. Cavanşir Cahangirov isə Azərbaycan dövlət radiosunun direktorudur. Jurnalist Söhbət Məmmədov isə “Nezavisimaya Qazeta”nın Azərbaycan üzrə müxbiridir.