Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Fuad Muradov Səbail rayonu “20-ci sahə” ərazisində yerləşən 33 saylı uşaq bağçasında 1 iyun –Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı keçirlən bayram tədbirində iştirak edib. Bağçanın kollektivi bayram münasibəti ilə hazırladıqları proqramı iştirakçılara təqdim ediblər. Körpə balalar vətən, ana, Qarabağ haqqında şerlər deyib, mahnı oxuyub və rəqs ediblər.
Çıxış edən deputat F. Muradov uşaqları bayram münasibəti ilə təbrik edib. Ölkədə uçaqların sağlam və şən böyüməsi üçün dövlətin bütün lazım olan addımları atdığını vurğulayıb. Deputat qeyd edib ki, mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Deputat uşaqların hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları dövlətimizin uşaq siyasətinin aparıcı istiqamətini təşkil etdiyini qeyd edib. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.“Prezident öz çıxışlarında uşaqları “cəmiyyətimizin sabahı” adlandırır. Körpələrin qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, sağlamlığı dövlət başçsımızın əsas hədəflərindədir”-deyə deputat bildirib. Vurğulayıb ki, son illər Azərbaycanda xeyli sayda tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır.
F. Muradov uşaq hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondunun və onun rəhbəri, birinci xanım Mehriban Əliyevanın böyük işlər gördüyünü xüsusi vurğulayıb. “Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsidir”-deyə F.Muradov bildirib.
Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikanın müxtəlif bölgələrində 250 müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilib, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 40-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub.