Modern.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva parlamentdə valideyn himayəsindən məhrum olan və 18 yaşını tamamlayan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi məsələsini qaldırıb.
Parlamentin bugünki iclasında öncə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqlara təbriklərini çatdıran Qənirə Paşayeva Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında uşaqlarla bağlı ortaya çıxan problemlərin həlli istiqamətində böyük işlər görüldüyünü vurğulayıb.
Həllini gözləyən çox önəmli bir məsələ olduğunu vdeyəbn millət vəkili bu istiqamətdə təkliflərini səsləndirib.
Qənirə Paşayeva hər iki valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsinin öz həllini gözləyən çox ciddi bir problem olduğunu qeyd edib. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə həmin gənclərə böyük dəstək göstərdiyini xüsusi vurğulayaraq, qanunvericilik istiqamətində də müəyyən məsələlərin öz həllin tapmasının vacibliyini söyləyib.
Uşaq evlərində təxminən 500-dən artq bu cür uşağın olduğunu deyən Qənirə Paşayeva onların 18 yaşının tamam olmasından sonra qaydalara əsasən internat məktəbini, uşaq evlərini tərk etmək məcburiyyətində olduqlarını, gedəcəkləri yerlərinin olmadığını və yaşayış yerləri, mənzillə təmin edilmələrinin vacibliyini vurğulayıb.
“18 yaşlı uşaqların hələ də uşaq evlərində yaşamağa davam etməsi problemdir” deyən millət vəkili “biz o uşaqların gələcəyi ilə bağlı daha çox düşünməli və onların yaşayış yeri ilə təmin olunması məsələsi öz həllini tapması üçün qanunvericilik istiqamətində addımlar atmalıyıq. Bunu üçün ölkəmizin lazımi imkanları da var” söyləyib.
Qənirə Paşayeva deyib ki, bu məqsədlə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna müəyyən əlavə və dəyişikliklər edilməli və ya Mənzil Məcəlləsinə müəyyən dəyişiklərlə bu problemin qanunvericilik çərçivəsində köklü həllini tapmasına naıl olunmalıdır.
O bildirib ki, qanunvericilik edilən dəyişiklikdə 18 yaşına çatmış və hər iki valideyn himayəsindən mərhum uşaqların yaşayış yeri və ya mənzillə təmin olunması konkret öz əksini və həllini tapması lazımdır. Eyni zamanda hətta internat evlərində yaşamasalar belə, hər iki valideyn himayəsindən məhrum olunmuş 2 gənc ailə həyatı qurduqda onların dövlət tərəfindən mənzillə təmin olunması məsələsi öz həllini taparsa, bu çox müsbət addım olardı.
“Çünki belə gənclər ailə dəstəyindən məhrumdurlar və onlar üçün mənzil problemini həll etmək daha da ağırdır”.
Qənirə Paşayevanın sözlərinə görə, həmin gənclər də böyük ümidlə bu istiqamətdə məsələlərin öz həllini tapacağını gözləyirlər.
Modern.az