Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstanın Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Onun sözlərinə göeə müraciətdə Makvala Qonaşvili 2012-ci ilin 16-18 oktyabr tarixlərində“Beynəlxalq poeziya festivalı”nda iştirak etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirib. XİN rəsmisi qeyd edib ki, M. Qonavaşvili Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulayıbvə bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib.
“Həmçinin Makvala Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu və bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davrancağına öhdəlik götürdüyünü bildirib. O, azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasını xahiş edib. Makvala Qonaşvilinin müraciətinə müvafiq qaydada baxılacaq”,-deyə E. Abdullayev bildirib.
Aqşin Kərimov