“Qanun layihəsinin bəzi müddəaları ailələrin dağılmasına, sənədsizlərin və vətəndaşlığı olmayan şəxslərin sayının artmasına səbəb olacaq”.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə ilə bağlı müzakirələr zamanı Sabir Rüstəmxanlı deyib. O, qeyd edib ki, sözügedən qanun layihəsi məmur özbaşınalığına da rəvac verəcək.
“Bununla yanaşı, onsuz da güclü olmayan diaspor fəaliyyətinə mənfi təsir edəcək”.
Deputatın sözlərinə görə, 13-cü maddəyə təklif edilən dəyişiklikdə vətəndaşlıqdan çıxmaq haqda 1 ay müddətinə məlumat vermək mürəkkəb məsələdir. “Bu az vaxtdır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə millət vəkilinə cavab verərək bildirib ki, xaricdəki ermənilər Ermənistanda yaşayan ermənilərdən daha çox ermənipərəstdirlər.
“Prezident də dəfələrlə çıxışında bildirib ki, hər il 70-80 min insan Ermənistanı tərk edərək xarici ölkələrə gedir. Onlar orada lobbiçiliklə məşğul olurlar. Xarici ölkələrdə Ermənistandakından iki dəfə çox erməni yaşayır. Onlar həmin ermənilərdən daha çox ermənidirlər. Ermənistanı saxlayan da elə həmin xaricdə yaşayan ermənilərdir. Biz hər şeyə qulp axtarmayaq”.
Gültəkin ƏLƏSGƏR