Ölkə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq respublikanın hər yerində xalq yazıçısı, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd edilir. Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubilyi Füzuli rayonunda da silsilə tədbirlərlə qey olunur. Xalq yazıçısının 100 illik yubileyinin keçirilməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən sərəncam imzalanıb, Tədbirlər Planı hazırlanıb.
Tədbirlər planına uyğun olaraq rayonun 1 №-li Qayıdış qəsəbəsində və Əhmədbəyli kənd tam orta məktəbində “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. 1 №-li Qayıdış qəsəbə tam orta məktəbində keçirilən tədbiri məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Sevda Rüstəmova açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edib, onun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.
Əhmədbəyli kənd tam orta məktəbinin direktoru Sürəya Quliyeva isə müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu vurğulayıb. Çıxış edənlər bildiriblər ki, milli mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olub. İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərib. Respublikamızda teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri var. Mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq sərəncamı ilə yazıçının xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi və üç cilddə nəşr edilib.
Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunub, haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.
Tədbirdə məktəblilərin ifasında İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilib.



Modern.az