Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən yaz sessiyasının sonuncu plenar iclasının ikinci hissəsində Milli Məclisin sədri Oqtay Əsədov Nyu-Meksiko ştatının senatının Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməsinə dair sənəd nümayiş etdirib. Millət vəkili bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın tanınmamış respublika olduğunu göstərən sənəd Senatda qəbul olunub.
Təqdimat millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb. Sədr onu da bildirib ki, bu günlərdə Azərbaycan Respublika gününü qeyd etdi. “Bizim dostlarımız Nyu-Meksikoda 28 Mayı Azərbaycan Milli Günü elan ediblər”. Bütün bunlara görə Milli Məclisin sədri Nyu-Meksiko ştatının senatoru başda olmaqla ştatın bütün rəsmilərinə dərin təşəkkürünü bildirib.
Gültəkin ƏLƏSGƏR