Modern.az

110 bələdiyyə ləğv edilir

110 bələdiyyə ləğv edilir

30 May 2014, 17:04
Milli Məclisin bu günkü iclasında yüzlərlə bələdiyyənin ləğv edilməsi qərara alınıb. Modern.az xəbər verir ki,  bundan sonra  21 rayon üzrə 204 bələdiyyə birləşdiriləcək və 94 yeni bələdiyyə yaradılacaq. Bununla da 110 bələdiyyə ləğv ediləcək. Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonları üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən rayonları üzrə 2, Fizuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonları üzrə 4, Zaqatala üzrə 6, Şamaxı üzrə 8, Gədəbəy üzrə 11, Ağdaş üzrə 15, Qəbələ rayonu üzrə isə 19 bələdiyyənin birləşdirilməsi nəzərdə tutulur.
Deputat İqbal Ağazadə isə bələdiyyələrin birləşdirilməsinə etiraz edib:

“Bələdiyyələr yalnız qəbir yerləri ilə bağlı müstəqildir. Keçən il bələdiyyələrin birləşdirilməsini və çox bələdiyyənin əvəzinə az bələdiyyənin yaradılması ilə bağlı qanun layihəsini müzakirə edərkən fikirlərimi bildirmişdim. Yenə ifadə edirəm. Bunun adı yerli özünüidarəetmə orqanıdır. Yerli idarəetmə orqanı sayından, coğrafiyasından, ərazisindən asılı olmayaraq özlərini idarə edən orqanı seçir. Onları idarə edən orqan isə dövlət tərəfindən maliyyələşmir. Dövlət bəzi şərtlərlə çox cüzi miqdarda dəstəklər verir“,-deyə deputat bildirib. 

Deputat bələdiyyələrin biirləşdirilməsinə etiraz edib. “Məsələn, 6 kəndi birləşdirib bir bələdiyyə yaradırlar. Birinin 10 min əhalisi var, o birilərinin isə sayı çoxdur. Əgər demokratik seçki olacaqsa təbii ki, öz şəxsini seçir, yox əgər inzibati əsasla qeyri-demokratik seçki keçiriləcəksə o zaman hərəsindən birini təyin edəcək. Ona görə də bu üsul kökündən yanlış bir üsuldur”.

İ. Ağazadə Avropa ölkələrindəki bələdiyyələrin də fəaliyyətinə toxunub.

“Avropa ölkələrində bələdiyyələrə diqqət yetirsəniz, hətta 30-40 nəfəri olan yerdə özünü idarəetmə orqanı seçilir. Hələ orada mərkəzləşmiş qaydada məclislər var, problem məclisləri. O məclislərə düşə bilmir. Yaxud da iri şəhərlərdə bələdiyyə başqanları seçilir, onun şurası olur, ora seçilə bilmir. Amma mütləq özünüidarəetmədə təmsil olunur. Nədən biz 6, 7, bəzən 8 kəndi birləşdirib bir bələdiyyə yaradırıq. Nə mənası var? Əgər onun adı özünüidarəetmə sektoru ilə dövlət sektorunda üzərinə düşən və yaxud da bələdiyyə torpaqları var, yolları var, bu havada qalmır ki, balacadırsa balaca yerdə, az sayda əhali ilə işləyəcək. Daha böyük kəndi bir-birinə birləşdirib böyük bələdiyyənin yaratmağın nə mənası var? Onu da qeyd edim ki, bələdiyyələrin status Azərbaycanda heç bir qanuni ölçüyə sığmır. Bələdiyyələr bircə qəbir yerləri ilə bağlı müstəqildir. Yəni bircə onlara verilən qəbir yerləridir. Başqa heç bir şeydə bələdiyyələrin bircə dənə olsun səlahiyyətləri yoxdur. Bunun nəyi yerli özünü idarəetmədir? Dəfələrlə burada demişik ki, xidmət sahələrinin hamısı bələdiyyələrə verilməlidir. Bu xidmət sahələri bələdiyyələrə verilərsə onlar da formalaşar, bələdiyyə seçkilərində də maraqlı olarlar.

Düşünürəm ki, biz nə vaxtsa yenidən bələdiyyələri parçalayacağıq. Əgər biz bələdiyyələri özünü idarəetmə orqanına çeviririksə mütləq onları subyektiv böyüklüyündən, kiçikliyindən asılı olmayaraq müstəqil qurum kimi formalaşmalıdır və yerli özünüidarəetmə orqanını seçməlidir. Hesab edirəm ki, bu kökündən yanlış fəlsəfədir və bələdiyyələrə doğru yanaşma deyil”.

Gültəkin ƏLƏSGƏR

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu