“Hər hansı epidemiya xarakterli virusun yayılması təhlükəsi olduğu zaman Dünya Səhiyyə Təşkilatları (DST) o ölkənin ətrafında yerləşən ölkələrin hamısını bununla bağlı xəbərdar edir. Hazırda bu təşkilat tərəfindən “Korona” virusu barədə Azərbaycana heç bir xəbərdarlıq gəlməyib”. Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, DST-dən xəbərdarlıq gəlməsə də, Səhiyyə Nazirliyi tərəfindən bu tip viruslara qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.
Qeyd edək ki, İranda “Korona” virusunun yayıldığı bildirilir. İran Səhiyyə Nazirliyi artıq ölkədə bu virusdan ilk ölüm faktının qeydə alındığını da açıqlayıb.
Məlumat üçün bildirək ki, 1965-ci ildə aşkar edilən “Korona” virusu insanlarda və heyvanlarda tənəffüs yolları ilə yoluxmuş virusdur. Yoluxucu xarakterlidir. Bütün yaş qruplarına təsir edir, qış və payız aylarında virusa yoluxma imkanı böyükdür. Əlamətləri burun axması, öskürək, boğaz ağrısı və qızdırmadır. Bu viruslar bəzən sətəlcəm kimi alt tənəffüs yolu xəstəliklərə səbəb ola bilər. Virusa yoluxmuş şəxslə uzun müddət təmasda olduqda sağlam insan da yoluxa bilər. Xəstəliyin qaynağı haqda yetərli məlumata sahib olmayan həkimlər virusa qarşı heç bir antibiotik, yaxud peyvənd müalicəsindən istifadə edə bilmir.
Gülşən RAUQIZI